adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Aprel 2024 09:00
1291
LAYİHƏ

BİR-BİRİNDƏN GÖZƏL MƏKANLAR

Bu gün ölkəmizdə çox böyük  abadlıq, quruculuq, tikinti işləri görülür. Təkcə işğaldan azad olunmuş rayonlarda deyil, eləcə də əksər yaşayış məntəqələrimizdə, rayonlarımızda, kəndlərimizdə böyük quruculuq işlərinə start verilib. Birmənalı olaraq deyə bilərik ki, dünyanın   heç bir yerində  Azərbaycanda olduğu kimi  quruculuq və abadlıq işləri gerçəkləşdirilməyib. Çünki bunun  üçün ilk növbədə  güclü iqtisadiyyat  və  güclü  maliyyə  mənbələri lazımdır. Heç kimə də sirr deyil ki,  Azərbaycan  son  20 ildə  həm iqtisadi, həm hərbi, həm də  sosial  sahədə  çox böyük irəliləyişlərə, inkişafa  və tərəqqiyə malik olub. Bu da onun  nəticəsidir  ki, ölkəmiz  düzgün siyasi kurs götürüb və  bu sahədə  inamla  addımlayır. İlk növbədə  qeyd edək ki,  bütün bu  uğurların  səbəbkarı və təşkilatçısı prezident  İlham  Əliyevdir. 

Hələ  Ulu Öndər  Heydər  Əliyev   hakimiyyətə  gəldiyi  dövrdən  deyə  bilərik ki,  Azərbaycanda  çox böyük  problemlər öz həllini  tapdı. Yəni  1 milyondan  çox  məcburi  köçkün  və qaçqın   ölkəmizin  müxtəlif  regionlarında məskunlaşdı. Və eyni zamanda onların  yaşaması, işləməsi, normal həyat tərzinin  təmin edilməsi üçün  çox böyük işlər görüldü. Bununla  yanaşı ən  ağır  problemimiz olan  işğal altındakı torpaqlarımızın  geri qaytarılması  uğrunda  demək olar ki, həmin dövrdə  başlanğıc götürdü. Və bu məsələlər  prezident  İlham Əliyev  tərəfindən  uğurla davam etdirildi. 
Sözümüzün  canı ondan  ibarətdir ki, çətin siyasi , iqtisadi və hərbi durumda olan  Azərbaycan qısa zaman kəsiyində ayağa qalxdı, beynəlxalq təşkilatların, mötəbər  qurumların  həll edə  bilmədiyi məsələləri  öz daxili imkanları hesabına həll etməyi  bacardı. 

Əlbəttə, bütün  bunlar onu göstərir ki, ölkəmiz günbəgün siyasi, iqtisadi, hərbi cəhətdən yeni  inkişaf  mərhələsinə qədəm qoyub. Bununla  paralel  olaraq məmləkətimizdə  abadlıq, quruculuq, tikinti  işlərinin  diqqət  mərkəzində  saxlanılması  və böyük  layihələrin  həyata  keçirilməsi   elə də  asan məsələ  deyildir. Amma bu çətin problemlərin  hamısı  zaman-zaman öz həllini  tapmağa başladı. 

Azərbaycanın böyük  quruculuq işləri  görülən rayonlardan biri də Kürdəmirdir.  O Kürdəmir ki bir vaxtlar  orda bir o qədər  də diqqəti cəlb edən  infrastrukturlar, sosial  obyektlər, parklar, xiyabanlar və istirahət  mərkəzləri  yox idi.  Başqa   sözlə demiş  olsaq, bu  rayonun  inkişafı son  20 ildə  daha yüksək  səviyyəyə çatıb. Hardasa biz 20 il bundan qabaq Kürdəmirin Ərəbqubalı kəndinə  getmişdik.  O kənd bir  çox böyük  şəxsiyyətlər, ziyalılar və alimlər  yetişdirib. O cümlədən akademik, ictimai-siyasi  xadim Rafael Hüseynov da həmin kənddə böyüyüb boya-başa çatıb. Deməli, biz 20 il  əvvəl  bu kəndə  magistral  yoldan düşüb başqa maşına  minib gedənə   qədər  olmazın  əzab-əziyyətin,  çətinliklər  çəkdik. Çünki yollar  çox bərbad, acınacaqlı və çətin  vəziyyətdə idi. Çala-çuxurlar sanki  bir yarğanı xatırladırdı. Heç də  hər avtomobil  o yolu gedə bilməzdi. Beş-altı kilometrlik  məsafəni  biz maşınla  iki saata yaxın  qət edə bildik.  Qışda palçığın  əlindən, yayda da toz-torpaqdan  tərpənmək olmurdu.  Hətta  mənim  yol yoldaşım  olan Emin Eminbəyliyə dedim ki, bir də bu  kəndə  dostumuz rəhmətə  gedəndə  gələcəm. 

Sözümüzün  canı  ondan ibarətdir ki,  həmin bərbad  yol müəyyən  müddətdən sonra  əsaslı  surətdə  yenidən  tikildi, asfaltlandı və kənd camaatının istifadəsinə  verildi. İndi həmin  kənddə böyüyüb boya-başa çatmış  Yaqub Adışirindən  soruşuram ki,  kəndinizin yolu necədir? Deyir ki, sənin 20 il bundan  qabaq gördüyün yoldan ta əsər-əlamət qalmayıb. Hər şey müasir tələblər üzərində  qurulub və kənd camaatı da  həmin yolla çox rahat mənzil başına gedib qayıdır. Təbii ki, bunlar  hamısı insanların həyat tərzinin yaxşılaşmasına xidmət edir. 

Kürdəmir rayonunun mərkəzi isə tamamilə  fərqlənir. Yəni burda bir-birindən gözəl parklar, xiyabanlar, yeni tikilmiş tikililər  öz orijinallığı  və qeyri-adiliyi ilə  fərqlənir. Düzdür, Kürdəmir  yayda çox  isti olan  rayondur. Amma buranın camaatı  zəhmətkeş, halal yolla çörək qazanan insanlardılar. Təbii ki, həmin insanlar da öz yaşadıqları məkanlarda yeni tikililər  görəndə, yeni xiyabanlar görəndə daha da sevinirlər. Və düşünürlər ki, belə yerdə yaşamaq həm də  insana bir sevgi, bir fərəh və bir  rahatlıq  gətirir. 

Kürdəmirin iqtisadiyyatının əsası  Sovet  dönəmində  pambıqçılıq olub. Bununla yanaşı, kənd təsərrüfatı, bostançılıq, tərəvəzçilik  önəmli əhəmiyyət  kəsb edir. Yəni kənd adamları həyət-bacalarında dolanışıq yolunu  əkib-becərməkdə, alın təri tökməkdə hiss ediblər. Kürdəmirin  narının, yemişinin, qarpızının özgə bir tamı, özgə bir dadı var. Əlbəttə,  zəhmətkeş insanlar həmişə öz əllərinin qabarı ilə  yaşayıblar. Və bundan da  zövq alıblar, həm özlərini  dolandırıblar, həm də başqalarını. 

Aydındır  ki, bu gün rayonlarımızda çox böyük tikinti  işləri görülür. Bu işlər  Kürdəmirdən də yan keçməyib. Heç kimə sirr deyil ki, son vaxtlar  rayonda neçə-neçə orta  məktəb, uşaq bağçası, xəstəxana  və eləcə də digər sosial obyektlər tikilərək insanların istifadəsinə verilib. Birmənalı  olaraq rayon mərkəzi ilə  yanaşı kəndlərdə də abadlıq, quruculuq işləri  davam etdirilib. Yəni  kənd yerlərində yeni  məktəb binaları, uşaq  bağçaları və istirahət mərkəzləri  inşa edilib. Bunlarsa onu göstərir ki, tikinti-quruculuq işləri tək Kürdəmirin mərkəzində deyil, kəndlərə də ayaq açıb. Əlbəttə, bu gün rayonlarda  infrastruktur nə qədər  müasir olsa insanlar da bir o qədər həmin yerlərə  ürəkdən bağlanar, yaşayar, işləyər və mənalı həyatlarından  zövq alarlar. 

Kürdəmirdə Heydər parkının  öz gözəlliyi  və öz füsunkarlığı var. Burda olan insanlar çox vaxt həmin məkana üz tuturlar. Yəni havaların  isti keçdiyi günlərdə bu yerin, bu məkanın özgə bir  gözəlliyi var. Biz orda olarkən bir neçə nəfərin  parkda əyləşdiyini gördük. Onlara yaxınlaşıb  söhbət eləmək istədik. Təbii ki, həmin insanlar da bizə hörmətlə  yanaşdı. Nəcəf Məmmədov dedi ki, Heydər Parkı bizim ən sevimli yerimizdir. Hər gün biz bura gəlib  istirahət edir, dincəlir, dostlarımızla  söhbətlər edir və vaxtımızı  mənalı keçiririk.  Xüsusən də pensiyaçılar mənim  kimi bura daha tez-tez gəlirlər. Ona görə ki, biz burda  özümüzü  daha rahat və daha normal  hiss edirik. Bütün bunları  bizə yaratmış Azərbaycan prezidenti İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Onun qayğısı və köməyi  nəticəsində nəinki Kürdəmir, hətta ucqar kəndlərimiz belə  abadlaşır. Biz belə gözəl yerdə yaşamaqdan zövq alırıq.

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.