31 May 2021 10:19
47623
SAĞLAMLIQ

Kulinariyanın və sağlamlığın “canı” Gicitkən - Dəmləməsi, kətəsi, küküsü, qovurması, salatı...

Bax elə bu vaxtlar, yazın bu gözəl zamanında  kəndimiz sanki yamyaşıl bürüncəyə bürünürdü. Az qala işlək olan asfaltı da gül-çiçək , ot-əncər basa... Bülbüllərin səsi, minbir çiçəyin, adi bildiyimiz otların ətri, qoxusu burnumuzu dəlib beynimizə, ürəyimizə işləyərdi. O vaxt bütün yabanı, amma yeməli bitkilərdən əvvəl gicitkən gözə dəyərdi. Hətta biz onu iki “növ”ə bölmüşdük: dəli və bir də ağıllı gicitkən! Guya ağıllı gicitkəni yeyəndə adam ağıllı olur, dəlisini yiyənlərdə dəli olur...İnanırdıq.. nə bilim uşaq ağlı... Amma yaxın getməzdik. Çünki, gicitkən haramıza dəydisə bizi “yandırıb-yaxırdı”, o hissəmizin qaşıyıb qanınını çıxarırdıq.

Amma o da yadımdadı ki, yaşlı qadınlar əllərinə əlcək keçirib dəlini saxladıqları körpə cücələrə verər, ağıllını isə ya duzla ovub, ya yağ soğanda qovurub üstünəyumurta vurub. sarımsaqlı qatıq əlavə edər, ya da göy kətəsi edib yeyərdilər. Yerdə qalan gövdəsini, lazımsız yarpaqlarını suda qaynadıb başlarını- saçlarını yuyardılar. Böyüyəndən sonra dəli gicitkənində ağıllı gicitkənin faydalarını dəqiq bildim. Siz də bilin!

 

Gicitkən həkimin müalicəsi

 

 

Gicitkən A, E, C, K vitaminləri, dəmir, maqnezium, mis, kalsium mineralları, flavonoidlər, orqanik turşular, fitonsidlər, xlorofill, qlikozid və s. faydalı maddələrlə zəngindir.

Gicitkən orqanizmi möhkəmləndirir, onu lazım olan vitaminlərlə təmin edir, vitamin çatışmazlığı zamanı faydalıdır. Gicitkən orqanizmdə gedən mübadilə prosesləri və immun sistemini stimullaşdırır, xroniki xəstəliklər zamanı orqanizmin müdafiəsini gücləndirir. Gicitkəndə olan xlorofill orqanizmə güclü stimullaşdırıcı və tonuslaşdırıcı təsir edir, yara və xoraların sağalmasını tezləşdirir. Gicitkən qadın sağlamlığı üçün də faydalıdır. Güclü menstrual qanaxmaların, klimaks zamanı qanaxmaların qarşısını alır, uşaqlığın tonusunu qaldırır. Lakin hamiləlik zamanı gicitkən ziyanlıdır ki, doğuşu tezləşdirə və ya dölsalmaya səbəb ola bilər.

Bitkilər üzrə mütəxəssis Fizuli Hüseynov deyir ki, "gicitkənin tərkibi bir Mendeleyev cədvəlidir". Sanki bütün vitamin və minerallar bu bitkinin içinə qoyulub.

Daha sonra loğmanımız qeyd edir : "İndi yaz gəlir insan orqanizmi qışdan çıxanda bədəndə vitamin-mineral əksikliyi əmələ gəlir, əsasən də uşaqlarda. Deməli, əlinizə rezin əlcək geyinib gicitkəni dərin suda yuyun və qayçi ilə doğrayıb bir stəkanın yarsına qədər tökün, üstünə su əlavə edib blenderlə qarışdırın, təzə gicitkən şirəniz hazırdır. Bu şirədən gündə 2 stəkan, yeməkdən əvvəl 1 stəkan için. Bu, insan bədənində çatmayan bütün vitaminləri və mineralların yerini dolduracaqdır. Əsasən də dəmirlə zəngindir, anemiyalı xəstələr sizin üçün çox faydalıdır."

Onun sözlərinə görə, təzə gicitkən şirəsi damarlarda oksigenin miqdarını artırır və toxumaların qidalanmasını yaxşılaşdırır, qəbizliyi aradan götürür, böyrəklərin daş və qumlarını təmizləyir. Təzə gicitkən şirəsi dərini təravətləndirir, immuniteti artırır, Bundan başqa təzə gicitkəndə zəngin K vitamini vardır. Bu vitamin təzə qan yaradır və sümük iliyində problemlər olanlar üçün faydalıdır. Təzə gicitkəni dərin, süpürgə kimi düzəldin, saunada və ya hamamda dizlərinizi, belinizi təzə gicitkənlə döydürün. Revmatizmdə, bel ağrılarında və orqanizmi qüvvətləndirmək üçün çox faydalıdır (tələbə vaxtı bunu çox etmişik).

 

 

Təzə gicitkəni ət maşınından keçirin, tökülmüş saçların yerinə lopa kimi qoyun, yeni tük gətirəcək, olan saçlarınızı qalınlaşdıracaq. Bunu zob üzərinə qoyanda düyünlər kiçilir. bunu daban mahmızı üzərinə qoyanda mahmız kiçilir, bu oynaqların duzlaşmasında oynaq üzərinə qoyulur, bunu podaqra üzərinə qoyanda şiş kiçilir, belin alt tərəfində tüklər bədənə girib infeksiya törədirlər (çox təhlükəli olur) bunu həmin büzdümün üstünə qoyanda keçir, bunu dəmrovların üzərinə qoyanda dəmrov və ekzema əhəmiyyətli dərəcədə azalır, bunu lipomaların üstünə qoyanda kiçilir.

Təzə gicitkən şirəsini 10 gün içib 1 həftə fasilə vermək lazımdır, çünki qanı qatılaşdıra bilər. Gicitkən kökləri prostat vəzin adenomasında (şişlərində) çay kimi dəmlənilib içilir.

 

Gicitkənin kətəsi, küküsü, qovurması, salatı...

 


 

Naxçıvanda təndirdə bişirilən göy kətələrinin içində gicitkən kətəsinin və küküsünün xüsusi yeri var. Gicitkən küküsü bəzi bölgələrimizdə gicitkən qovurması adıyla məşhurdu. Qovurmanı( kükü) aşağdakı qaydada hazırlayırlar 1 dəstə gicitikan otu, 4-5 ədəd yaşıl soğan, 3 diş sarımsaq,1\2 çay qaşığı zeytun yağı,

duz, pul bibər, 2 yumurta. Hazırlanması da sadədir: Gicitikasnın yarpaqları təmizlənir.

Bol suda bir neçə dəfə yuyulub süzülür. Zeytun yağında incə doğranmış soğan, sarımsaq və gicitikan 10 dəqiqəyə yaxın bişirilir. Çırpılmış iki yumurta , duz, pul bibər istiot əlavə edilir vəyumurta bişincə ocaqdan alınır. Arzuya görə sarımsaqlı yaxud sarımsaqsız qatıqla birlikdə “bəh-bəh”lə yeyilir.

 

 

Türkiyədə bu yabanı bitkidən salatlar da hazırlanır. Salatın tərkibinə göy soğan, cəfəri, sarımsaq, nar dənələri şor və sair qatılır. Belə salatlar bişmiş gicitkəndən daha üstün faydaları olacağını düşünürük!

Nuş olsun!

 Əntiqə Rəşid