adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Aprel 2024 13:32
1887
ƏDƏBİYYAT

Kamalə Abiyeva:EMİN QƏDİROVdan yazdım

Qədirovlar ailəsində iki oğul böyümüşdü: Ramin və Emin. İkinci Qarabağ savaşı başlayanda Qardaşlar ikisi də müharibəyə yollandı. İki oğlunu müharibəyə yola salan ata-ananın yaşadıqlarını necə ifadə etmək olar?

Bacarmadım...

Hər tıqqıltıdan diksindilər, hər zəng səsi ürəklərinin döyüntüsünə qarışdı. Hər xəbərdən gah ağladılar, gah acıdılar, gah sevindilər. Hər qələbə xəbərində qürur duydular. Bir də yol gözlədilər....

 Zəfərə imza atan igidlərimizdən olan Ramin Qədirov  qalib kimi qayıtdı. Bütün kənd onu qarşıladı sevinclə. “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olundu.

Emin isə qardaşından tez qayıtdı doğma Zirəyə. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vətənin ərazi bütövlüyü uğrunda gedən haqq savaşının şəhidi Emin Asif oğlu Qədirov kimi qayıtdı...

Həqiqi Hərbi xidmətə 2017-ci ildə getmişdi.  Azərbaycan Silahlı Qüvvələrinin 065 nömrəli hərbi hissənin reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya taqımının 3-cü reaktiv artilleriya qurğusunun baş tuşlayıcı vəzifəsində xidmət etmiş Qədirov Emin Asif oğluna verilən xasiyyətnaməni oxuyuram:

“Əsgər Qədirov Emin Asif oğlu reaktiv artilleriya batareyasında xidmət zamanı özünü bacarıqlı, nizam-intizamlı hərbi qulluqçu kimi göstərmişdir.Hərbi hissənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Verilən tapşırıqları vaxtli –vaxtında və düzgün yerinə yetirmişdir. Ona  təhkim olunan silah-sursatın, texnikanın qayğısına qalmış və döyüş tapşırıqlarının yerinə yetirilməsində çətinlik çəkməmişdir.Şəxsi heyətin hörmətini qazana bilmişdir.Üzərinə düşən vəzifə borclarının məsuliyyətini dərindən dərk etmiş, layiqincə yerinə yetirmişdir.Bilik-bacarığını artırmış. Silahlı Qüvvələrin Nizamnamələrinin tələblərini bilmiş və yerinə yetirmişdir. İxtisasına uyğun bilikli, fiziki sağlam, xasiyyətcə təmkinlidir. Heç bir pozuntuya yol verməyib”.

Onu tanıyanlar eyni fikirdə idi: sakit, təmkinli, çalışqan, məsuliyyətli.

Uşaqlıqdan bacarığı, yaddaşı, nizam-intizamı ilə fərqlənib.

1995-ci il aprelin 25-də  Bakının Xəzər rayonunun Zirə qəsəbəsində dünyaya gəlib.2002-2013-cü illərdə Zirədəki Ziya Ağayev adına241 nömrəli tam orta məktəbdə təhsil alıb. Çalışqan, savadlı, nizam-intizamlı şagird kimi sevilib. Dərs əlaçısı olub. Dəqiq elmlərə-riyaziyyat, fizikaya xüsusi maraq göstərib. İnformatika fənnini sevib. Ona görə də sənədlərini Azərbaycan İnşaat və Memarlıq universitetinə verir.  “Mexanika və informasiya texnologiyaları” fakultəsinə qəbul olunur.

Ömürdən nə qədər illər keçsə də tələbəlik illərinin əvəzi olmur. Bu illərdə qazanılan dostlar da o illərin xatirələri kimi əziz olur.

Emin Qədirov da  Fuad Elşən oğlu Gülmalıyevə tələbəlik illərinin ən əziz xatirəsidir: “Proseslərin avtomatlaşdırılması” ixtisası üzrə təhsil alırdıq. . Tələbəlik ömrün ən gözəl illəridir. Mən bu ömrə Eminlə başladım. Elə bil xəzinə tapmışdım. Heç vaxt unudulmayacaq günlər yaşadım onunla. Adam var tanıdığına peşman olursan, inciyirsən. Heç belə bir hiss olmadı ona qarşı. Onunla keçirdiyim saatlar, günlər ömrümə yazıldı. Tək mənim yox, hamının sevimlisi idi. Müəllimlərin hörmətini qazanmışdı. Yaxşı oxuyurdu,  çox mədəni idi. Bir nəfər tapmazsız ki, Emindən incisin nə vaxtsa. Yeganə tələbə yoldaşım idi ki, ailəsi ilə tanış idim. Ailə üzvləri də doğma idi mənə. Mehriban, mədəni, sakit ailədi. Emin isə tələbəlik illərində qazandığım sərvət idi. 

Anası İradə xanım Qədirovada Eminin uşaqlıqdan sakit təbiətli olduğunu söylədi: Sakit olub Emin. Bacarıqlı, oxumağa meyilli idi. Məktəbə gedəndə yazıb-oxumağı bacarırdı. Hər şeylə maraqlanırdı. Bütün fənləri yaxşı oxuyurdu məktəbdə, amma  dəqiq elmlərə, kompyüterə daha meyilli idi. Ona görə də məktəbi bitirəndə AZMİU-nun “Mexanika və informasiya texnologiyaları” fakültəsini seçdi. Universitetdə yaxşı oxudu. Məktəbdə də, universitetdə çox hörmət qazanmışdı, sevimli idi. İndi də xalqın hörmətini qazandı, sevimlisi oldu.

Səsdəki kövrəklik, Kövrək səs necə ağır olarmış...Susuram sadəcə. Ovutmaq üçün heç nə demirəm...

Cəmil Əlican oğlu Hüseynov Bakı şəhərində anadan olub.2015-2017-ci illərdə hərbi xidmətdə olub. 21 sentyabr 2020-ci ildə hərbi təlimə çağırılıb. İkinci Qarabağ savaşının iştirakçısıdır. N nömrəli hərbi hissədə Füzuli-Xocavənd istiqamətində heyət nəfəri kimi  döyüşə qatılıb.  21 oktyabrda yaralanıb. Füzuli hospitalına təxliyə olunub.

8. 12. 2020-ci il tarixində prezidentin  yaralıların tərxis olunması əmrinə əsasən tərxis olunub:

Eminlə 21 sentyabrdan  hərbi təlimdə və döyüş zamanı birlikdə olmuşuq.Eminin şücaətindən o qədər danışaram ki. Çox mərd idi. Dost olmuşduq. Təkcə yaxşı döyüşçü deyildi, həm də mənəvi, psixoloji dayaq idi. Döyüşdə bu çox önəmlidir.  Verilən tapşırıqları dəqiq icra edirdi. 20 oktyabrda 3 bölmə düşmənə güclü zərbə endirdik. Mərmimiz azalırdı. Sursat maşını bizdən geridə idi.Emin bir andaca qərar verdi. 30 kq-lıq mərmi yeşiklərini Eminlə mərmi yağışı altında gətirirdik. Düşmən geri çəkildi. 21-də saat 13 radələrində kiçik və iri çaplı mərmilərlə qəfildən əks –hücuma keçdilər. Çətin döyüş başladı. Uşaqlar mərdliklə döyüşürdü. 60 mm minamyot mərmisi sağıma düşdü. Yaralandım. Ayağımı qan aparırdı. Emin silahının qundağındakı jqutla yaramı bağladı. Düşmənlə aramızda 200 m məsafə vardı. Elə döyüşdü ki, düşmən yaxın düşə bilmədi. Əsir düşməkdən xilas etdi bizi. Yaralı olsam da,döyüşdən çıxmadım, daraqlara patron doldururdum. Çox ağır döyüş idi. Emin son nəfəsinə kimi döyüşdü. 20 nəfər idik bölükdə. 6 nəfər  yaralandı. 10 döyüş yoldaşımı itirdim. Emin Qədirov da bu döyüşdə şəhid oldu. Bir arzum var, bizim bu igidlər unudulmasın. Çox,  çox istərdim Emin Qədirov layiqincə qiymətləndirilsin. Adı əbədiləşdirilsin.

Quru qoşunlarının əsgəri Emin  Qədirov “Vətən uğrunda”, ” Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb. Füzuli, Cəbrayıl, Xocavənd döyüşlərindən keçib Emin.
21 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi uğrunda döyüşlərdə şəhid olub.

Babayev Elnur Qüdrət oğlu Eminlə birlikdə 21 sentyabrda təlimlərindən sonra döyüşlərə qatılıb: N saylı hərbi hissədə təlimlər keçdik. İlk gündən dostlaşdıq. Necə təmkinli, sakit, məsuliyyətli  idi. İnsan nümunəsi idi.Sentyabrın 27-də Füzulinin Alxanlı kəndi uğrunda döyüş  başladı. Döyüş yolumuz Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində idi. Bir addım da geri çəkilmədik. Emin mərd, cəsur, qorxmaz idi. Özü də qələbəyə elə inanırdı ki! Onun inamı hamımıza güc verirdi.

Emin, Emin kimi oğullar qələbə inamı ilə böyüdülər, yaşadılar. Onların inamı gözüyaşlı ümidlərə güç verdi. Bütün xalqımıza güc verdi. Azərbaycanımızın qələbəyə inam gücü oldu. Qalib xalqın dövləti güclü olar!