adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Iyun 2023 11:44
1071
GÜNDƏM, ƏDƏBİYYAT

İstedadlı xəyanətkarlar:Türkiyənin Orxan Pamuku, Azəbaycanın Əkrəm Əylislisi...

Bu gün dünya şöhrətli türkiyəli yazıçı Orxan Pamukun ad günüdür. Deyəsən 71 yaşı olur. Amma bu yazıçı Türkiyədə heç vaxt birmənalı qarşılanmadı. Türk xalqı ilk öncə onu qərəzli mövqeyinə görə tanıdı.

Türk ədəbiyyatında postmodern üslubun ilk təmsilçilərindən olan Orxan Pamuk ilk öncə müsəlmanların sıx yaşadığı ölkədə - Türkiyədə İslam dinini və Məhəmməd Peyğəmbər hədəf aldı. Yazıçı əsərlərindən birində obrazın dilindən belə bir fikir yürüdür: “Necə yəni, sizin peygəmbər Allahdan ağıllıdır? Əgər insanda nə isə artıq olsaydı, məgər Allah kor idi, bunu görməsin? Necə ola bilər ki, Allah sifəti, gözləri, burunu, qulağı yaradanda səhv etmədi, hər şeyi qaydasında etdi, lənət şeytana, həmin yerə gəlib çatanda isə məktəbli kimi səhvə yol verdi... Oğlu atasının ona qarşı etdiyini fiziki zor, qəddarlıq və mənasız bir vəhşilik kimi qavramışdı”. Anti-islam təfəkkürlü Avropanın diqqətini öz üzərinə çəkmək üçün bunu ilk gediş adlandırmaq olar.


Daha sonra düzənli olaraq,Türkiyənin dəyərlərinə dil uzatmağa başladı. İslam və təsəvvüf dünyasında tanınmış fars dilli şair, mövləvi yolunun öncülü, filosof Cəlaləddin Rumini “Qara kibab”ında qərəzlə tənqid edir. Bu da türk xalqının qəzəbinə səbəb oldu. Amma onun İsveçrədə çıxan “Das Maqazin” jurnalına verdiyi müsahibə yazıçın əslində öz xalqına, öz dövlətinə qarşı etdiyi xəyanəti sübut etdi. 2005-ci ilin fevralında işıq üzü görən həmin müsahibədən seçmələr:“Bu torpaqlarda 30 min kürd və bir milyon erməni öldürüldü. Amma məndən başqa kimsə bu haqda danışmağa cəsarət etmir”.


“Taun gecələri” kitabında “Mustafa Kamal Atatürkü və Türk bayrağını təhqir etməklə artıq Nobel mükafatını haqq etdi.
Yeri gəlmişkən, türk yazıçısı Fərid Orxan Pamuk İstanbulda doğulmuşdur. Hazırda Nyu-Yorkda yaşayır, Kolumbiya universitetində müqayisəli ədəbiyyat professoru vəzifəsində çalışır. İyirmidən çox dildə yaradılan, zəngin tarixə və ənənələrə malik olan türk ədəbiyyatlarının Nobel mükafatına layiq görülmüş ilk və yeganə nümayəndəsidir. Orxan Pamuk həm də ədəbiyyat sahəsində XX əsrin ikinci yarısında doğulmuş ilk və yeganə Nobel sahibidir.

Əslində hər xalqın mütləq  bir "Orxan Pamuk"u var. Bu bizim xalqın da taleyindən yan keçməyib. 2012-ci ildə Rusiyada “Drujba Narodov” jurnalında çap olunan “Daş yuxular” romanı və yazıçı Əkrəm Əylisli Azərbaycan ədəbi mühitinə ləkə  saldı. Bildiyiniz kimi kitab Ermənistan –Azərbaycan arasında baş verən münaqişə və müharibəyə həsr olunub. Azərbaycanlı yazıçının saxta mülahizəsinə görə, azərbaycanlılar bu torpaqlara gəlmədirlər, ermənilər isə yerlidir, onların dədə-baba torpaqlarıdır. Azərbaycanlılar gəlib erməniləri qətlə yetirdiklərinə görə böyük bir günaha batıblar, ona görə də, Tanrının lənətinə tuş gəliblər…
Bir sözlə, Türkiyənin taleyinə Orxan Pamuk, Azərbaycanın taleyinə isə Əkrəm Əylisli kimi xəyanətkar eyni zamanda istedadlı yazıçılar düşüb.


Əntiqə Rəşid