İSTEDADLAR OCAĞI - HEYDƏR ƏLİYEV!
Azərbaycanın çox böyük ziyalısı, millət vəkili, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor rəhmətlik Şamil Qurbanovun 2021-ci ildə «Azərbaycan» Nəşriyyatı tərəfindən Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına, doğmalarına həsr olunmuş «İstedadlar ocağı» kitabı çap edilib. Həmin kitabı oxuduqdan sonra bir daha Heydər Əliyevin necə böyük şəxsiyyət və siyasi xadim olduğu gün kimi aydınlaşır. Çünki professor Şamil Qurbanov da milli ruhlu, milli təfəkkürlü böyük bir ziyalı idi. Və onun Ulu Öndərlə bağlı qələmə aldığı bu kitab Şamil müəllimin ürəyinin səsi idi. Kitabdan oxuyuruq: «Bizim normal həyatımız, əmin-amanlığımız 1993-cü ildən başladı. Heydər Əliyev 1994-cü ilin noyabr ayının 28-də Ümumrespublika toplantısındakı yekun sözündə deyirdi: «İndi Azərbaycana ömürlük gəlmişəm, bura mənim doğma vətənimdir, doğma torpağımdır. Məni buradan heç bir qüvvə tərpədə bilməz. Mən bu işi ya başa çatdırmalıyam, ya da bunu edə bilməsəm, Azərbaycan dövlətçiliyi, müstəqilliyi və ərazi bütövlüyü yolunda həlak olacağam».
Bu idi kişilik və iradə möhkəmliyi. Həmin müddət ərzində biz nə eləmişiksə, necə böyük nailiyyətlər qazanmışıqsa, hamsını Heydər Əliyevin sayəsində eləmişik. Bir gün gələcək, yaşadığımız bu dövr tarix olacaq. O zaman indiki nailiyətlərimiz hər tərəfdən baş qaldırıb, dil açacaq, onda gələcək nəsil görəcək ki, bu nailiyyətlər necə böyük ustalıqla həyata keçirilmişdir. Dahilik o deyil ki, kənarda dayanıb həyatın ümumi axarını seyr edəsən. Dahilik odur ki, çoxlarının ağlına gəlməyən şeyləri vaxtında sən edəsən və xalqını dahiyanə şəkildə ağ günə çıxardasan».
Əlbəttə, Şamil müəllim Heydər Əliyevin böyük şəxsiyyətini elə obrazlı, elə gözəl oxucuya çatdırır ki, adam buna məəttəl qalır. Məəttəl qalır ki, o, Ulu Öndərin uzaqgörənliyini və dahiliyini çoxlarından daha tez görür və ona böyük dəyər verir. Ona görə də belə bir fikri davam etdirir: «Və indi hiss edirik ki, milli-mənəvi dəyərlərimizə Ulu Öndər çox böyük qiymət verib. 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilməsi məhz belə dəyərlərdəndir. Bunu biz ən qədim bayramımız kimi qeyd etməli, səsimizi bütün dünyaya yaymalı, car çəkməliyik. Əvvəla, ona görə ki, bu Heydər Əliyev cənablarının adıyla bağlıdır. Çünki dünya azərbaycanlılarının həmrəylik gününün qeyd edilməsi onun özünün təşəbbüsü ilə yaradılmışdır və bizi bu mühüm işə o, alışdırmışdır. İndi görün, o vaxtdan nə qədər zaman keçir. Hamımız görürük ki, hörmətli Heydər Əliyev cənabları hər nə edirsə, gözəl edir, vaxtında edir, dürüst edir və onun təşəbbüsü ilə keçirilən hər bir bayram xalqın hafizəsində əbədi qalır».
Milli-mənəvi dəyərlərlə bağlı Şamil müəllim öz fikrini orijinal şəkildə belə ifadə edir: «Hər bir xalq öz orijinal ədəbiyyatı ilə yaşayır. Ədəbiyyat xalqın danışan dilidir, mənəvi aləmidir, görən gözü, eşidən qulağıdır, hər bir xalq ədəbiyyatı ilə başqa xalqların sırasında özünə yer tutur. Azərbaycan xalqının gözəl ədəbiyyatı olub, var və gələcəkdə də olacaqdır. Biz belə ədəbiyyata alışmışıq. Amma indi keçid dövründə yazıçılarımız, sənət adamlarımız ağır günlər keçirirlər. Onlara əl uzatmaq, onlara xoş söz demək baş ucalığıdır, Allah işidir. Belə bir Allah işini bizim Prezidentimiz Heydər Əliyev çətin anlarda da unutmadı. Bir neçə dəfə fərman verdi və 50 nəfərdən çox qocaman ədəbiyyat və incəsənt xadimləri üçün ayda bir milyon məbləğində ömürlük fərdi təqaüd təyin etdi. Bunun maddi tərəfini bir yana qoysaq, mənəvi tərəfi daha çoxdur. Bunların içərisində rəssam Mikayıl Abdullayevi, şair Balaş Azəroğlunu, dünyada ilk azərbaycanlı balet müəllimi Qəmər Almaszadəni, müasir Azərbaycan poeziaysının klassiki Mirvarid Dilbazinin, yazıçı İsa Hüseynovu, müğənni Sara Qədimovanı, çoxdandıkı səhnədə görünməyən Fatma Mehrəliyevanı, aktyor Vera Şiriyeni, Nəsibə Zeynalovanı… görəndə ürəyim dağa döndü. Belə hissləri Azərbaycanda çox adam keçirir».
Sabiq millət vəkili, professor Şamil Qurbanov xalqımızın milli-mənəvi dəyərləri içində Ulu Öndərin Azərbaycan dilinə verdiyi böyük qiyməti tarixin yaddaşına yazır: «Azərbaycan xalqı çox istedadlı xalqdır. Bu mənim fikrim deyil, M.F.Axundovun fikridir. Bunu duymaq, qiymətləndirmək, xalqın istedadını üzə çıxarmaq, ona istiqamət vermək, şərait yaratmaq nadir adamalrın işidir. Milli şüurun da, məfkurənin də əsas qayəsi xalqa sarılmaq, vətənpərvərlik hissinə bürünməkdir. Hörmətli Heydər Əliyev cənabları həmişə, hər yerdə bu məsələləri özünün amalına çevirmiş və bunu bir an da olsa, yadından çıxarmamışdır.
Bununla əlaqədar olaraq hörmətli Heydər Əliyev cənabalrı ilə bağlı bir neçə əlamətdar hadisəni sizin yadınıza salmaq istəyirəm. Birinci və ən başlıcası xalqın vücudu, mövcudiyyəti hesab olunan dillə bağlıdır. Dil yoxsa, xalq da yoxdur. Biz uzun müddət dil içərisində dil, din qadağaları içərisində din saxlamışıq. O zaman ki, bu qadağalar sökülüb dağıldı, tarıma çəkilmiş əsəblər heç bir məhdudiyyət görmədən açıldı, onda hər şey dəyişdi. Dilimizin başna nə oyun açdılar, nə yaralar törətdilər… İlk baxışda bunlar xırda görünür. Amma bu xırda şeylərdən böyük bəlalar törəyirdi. Bir sıra ziyalılarımız deyirdilər ki, əgər dilin türk dili qrupuna daxildirsə, onu nə üçün türk dili adlandırmayaq?! Əgər hörmətli Heydər Əliyev cənabları bu deyilənləri dəstəkləsəydi, görün biz nə qədər çətinlik çəkəcəkdik. O zaman çoxu belə deyirdi: «Nə olsun, qoy dilimiz, millətimiz türk adlandırılsın, yazanda yenə indi yazdığımız kimi yazacağıq, yəni azərbaycanca yazacağıq. Əgər onların dediyi kimi olsaydı, onda bu gün Azərbaycanlıların Beynəlxalq Həmrəylik gününü necə adlandırmalı idik?! Dünya türklərinin həmrəylik günü? Yox, belə olmaz! Xalq var, xalqın adı var!
Başqa cür olsaydı, böyük Üzeyir Hacıbəyov özünün «O olmasın, bu olsun» əsərində o dövrün dil pəhləvanlarını satira atəşinə tutmazdı, başqa cür olsaydı, böyük Firudin bəy Köçərli, Ömər Faiq Nemanzadə və başqaları dildə Osmanlıpərəstliyin əleyhinə getməzdilər. Həmişə və hər yerdə bütün xalqlarda araqarışdıranlar xəbis niyyətlərini dildən başlayırdı. Hətta böyük Rus xalqının tarixində də belə hadisələr olmuşdur.
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.