07 Dekabr 2013 00:41
16328
ƏDƏBİYYAT

İşıqlı və mənalı ömür...

İnsan xatırlandıqca yaşayır deyirlər. Bir də deyirlər ki, gərək elə yaşayasan ki, xatırlanasan. Elə iz qoyasan ki, həyatda o iz əbədi qalsın. Çünki bu fani dünyada biz insanlardan qalanlar tək bunlardır. Qəlbimizdən bir an getməyən, könlümüzdən silinməyən, ömrümüzün hər anında hərarətini, sevgisini hiss eləyib, xatırlayacağımız elə insanlar vardır ki, onları amansız ölüm öz soyuq üzü ilə bizlərdən qopara bilmir. Onların xatirələri bitib-tükənmir və onlar həmişə bizimlədirlər. Ölməz şairimiz Səməd Vurğun demişkən: - "Ölüm sevinməsin qoy. Unudulmur dünyada sevərək yaşayanlar, sevilərək ölənlər"... Zərifə xanım kimi insanlar sevərək, fədakarlıq edərək od-ocaq sahibi olub, istiliyini övladlarına və nəvələrinə buraxıb gedənlər həqiqətən unudulmur dünyada. Həyatımda tanıyıb sevdiyim, xanım-xatınlığına vurulduğum, gözlərim önündə daima canlanan xeyirxah, nəcib, sözün ən böyük mənasında həlim xarakterli Zərifə xanımın xatirəsinə ünvanlamaq istədiyim bu yazını ürək ağrısı ilə qələmə alıram. Qəlbim sızlayır, əlim yazır, gözlərim yaşla dolur. Yoxluğunu qəbul etmədiyim bir insan haqqında yazı yazmaq qədər ağır bir şey yoxdur mənim üçün. Axı səsi qulaqlarımızda, düşüncələri dilimizdə, sözləri ağlımızda olan doğmalarımız haqqında keçmiş zamanda necə danışaq? Məncə bu dünyanın adı buna görə də YALANDIR....
Zərifə xanım övladcanlılığı və ufallılığı ilə mənim qəlbimə çox yaxın idi. Diqqətcil, zəhmətkeş və qeyri-adi ana idi o. Sabir və Zemfirası ilə nəfəs alırdı... Nəvələri üçün o qədər yanımcıl idi ki, mən ona hər zaman heyrətlə baxırdım. Onun xarakterindəki təkrarolunmaz nəcib xüsusiyyətlər onu öz həmyaşıdlarından çox fərqləndirirdi. Dəyişilməz və sabit münasibətinə vurğun idim Zərifə xanımın. Hər məni görəndə təsəlli verər və asta-asta söylədiyi fikirləri ilə yaralı ürəyimə su səpərdi sanki... Onun qəflətən bu dünyadan getməsi ailəsi üçün nə qədər ağır oldusa, mənim üçün də o qədər ağır oldu. Fələyin atkeçməz yolları çoxdur, mən onun kəmfürsətliliyinə bələdəm. Ondan çək deyincə çəkmişəm. Doğrudur insan oğlu bu dünyaya gəlir və gedir. Lakin arzular çox, ümidlər sonsuz, ölüm isə amansızdır. Zərifə xanımın qayğılarla, zəhmətlə yoğrulmuş ömrü, namusu və qeyrəti ibratəmiz həyat dastanıdır. Onun asta yerişi, təmkinli söz-söhbəti, səmimiliyi tanıyan hər kəsin qəlbinə əbədi yol açırdı. Həyatının ən böyük mənası övladları və nəvələri idi. Bu da bir ananın, bir qadının şərəfi və ləyaqətidir. Zərifə xanım abır-həya nümunəsi idi, məğrur idi, fironluq bilməyən qadın idi... Sabirdən çox narahat idi, çox nigaran idi ondan. Zərifə xanımın üzünə baxanda gözlərindən oxunurdu təlaşı. O, mənəm-mənəm deyən, övladlarından çox şeylər tələb edən biganə analardan deyildi. Zərifə xanım mənim üçün məni çox anlayan, problemlərimi çək-çevir edən, ürəklə hal-əhval tutan, gözlərimin içinə baxaraq ürəyimi oxuyan bir dost, bir həmdəm idi... Bu amansız dünyada nə yazıq ki, bəzən doğmalar səni anlamaz, dünyacan haqq sayının üstündən asanlıqla ötüb-keçər, görəndə bir qolay "necəsən" deyib bununla kifayətlənərlər. Zərifə xanımın haqqı mənim də çiyinlərimdə çoxdur. Balaca Çərkəzimin - təsəlli yerimin dünyaya gəlməsində onun həkim kimi əməyi danılmazdır...
Deyirlər qızlar ananın yaraşığıdır, tumarıdır, aynasıdır. Zərifə xanımın da ömrünə yaraşıq olan belə savadlı, zəkalı, ziyalı bir qızı var - Zemfira xanım. Anaya da, ataya da, qayınata, qayınanasına da xoş və səmimi rəftarı ilə ölçüyəgəlməz xoş münasibəti ilə mənim də fəxr yerimdir Zemfira xanım. Anasının südü halalı olsun. Məncə bu sınaq dünyasında hər birimizin üzərinə Tanrı tərəfindən qoyulan missiya vardır. Övladlıq, analıq, vətəndaşlıq və ən önəmlisi insanlıq missiyası. Bunları öz ləyaqəti ilə daşıya bilən, ağbirçəklərdən, ağsaqqallardan aldığı nəsihətləri özünə həyat tərzi seçərək dürüst yaşamağı, düşdüyü ocağa ağılı və sədaqəti ilə ucalıq gətirib, gözəl övladlar böyüdən, ər təəssübü çəkən, ona baş ucalığı gətirən Zərifə xanımın qızına - Zemfiramıza bu kiçik yazımla təsəlli vermək istədim. Bacardımmı? Bilmirəm. Onu bilirəm ki, Zemfira xanım çox darıxır anası üçün... Amma Sən bil ki, əzizim Zemfira xanım, analar ölmür! Onlar SƏNİN kimi qeyrətli övladların söz-söhbətində, həyata baxışlarında və xatirələrində əbədi olaraq yaşayacaqlar... İllər-illəri qovduqca, fəsillər dəyişdikcə Zərifə xanım bir bahar kimi dönəcək bu dünyaya, dönəcək nəvələrinin uğurlarına sevinmək üçün, dönəcək onu sevən dostlarının, doğmalarının, həmkarlarının sızlayan qəlbinə təsəlli olmaq üçün, dönəcək, çünki, işıqlı ömrün hərarəti hər zaman var olur...

SONA ÇƏRKƏZ