İNSANLARIN "NÜSXƏLƏRİ"...

BABƏK YUSİFOĞLU
57504 | 2013-06-04 00:56
BU SİRDİ, YOXSA?..
Həyatın, dünyanın, insanların... qəribəlikləri haqqında düşünəndə sözün əsl mənasında elmin, məntiqin, dialektikanın, eləcə də müdrik insanlar tərəfindən söylənmiş ehkamların belə bəsit qaldığının, hər hansı bir məqamın izahında gücsüz durduğunun fərqinə varırsan. O zaman sormaq, əmin olmaq istəyirsən ki, insan oğlu zəkasının, elminin inkişafına sərf etdiyi 3 minillik zəhməti, saysız-hesabsız kəşflərə imza atması doğrudanmı boşuna imiş? Bir halda ki, gündəlik həyatımızdaca qarşılaşdığımız, amma izahını heç cür verə bilmədiyimiz adi hadisələrin gerçək mahiyyətini dərk edə bilmiriksə onda bundan sonrakı cəhdlərə dəyərmi?
İlk baxışda bu sualların müsbət cavablandırıla biləcəyi çox absurd görünsə də əslində başqa cür düşünməyə də əsas var. Mənə görə bütün kəşflər, elmi nailiyyətlər Tanrının vəhyi ilə baş verib. Məhz O-nun izn verdiyi səddə qədər insan oğlu öyrənmək, bilmək haqqına sahibdir, artığına yox.
Bəlkə də bu qəribəliklərə, sirlərə olan sonsuz marağın, onları öyrənmək əzminin özü də İlahi hökmdür. Yəni, insan durmadan çalışmalıdır ki, ona icazə verilən məqamadək gedə bilsin... Lakin sirlər, qəribəliklər bitərmi?!.
Heç bənzərlik, kimlərinsə biri-birinə oxşaması haqqında düşündünüzmü? Bu təzahürün necə, hansı sirləri özündə gizləditdiyindən xəbəriniz varmı? Əlbəttə, mənə görə, bunu çoxları bir qədər az və ya bir qədər çox düşünüb, lakin daha dərinə düşməyi, daha artığından xəbərdar olmağı inanmıram ki, hamı istəsin. Bəlkə də ona görə ki, həmin hallarla çox rastlaşdığımız üçün hər şey insanlar üçün adiləşib. Amma inanın ki, bu adiliyin içərisində inanılmaz qəribəliklər, izaha gəlməyən, qeyri-adi məqamlar mövcuddur.

(Əvvəli qəzetin 28 may sayında)

Araşdırmaçı-yazar T. Uiller haqlı olaraq əsərlərinin birində qeyd edir ki, Napoleon kimi bir adamın sakitcə öz taleyi ilə barışıb sürgünə getməyə hazır olduğunu bildirməsi doğru deyil. Hətta təhqiqatçılar Robo variantıyla bağlı söyləyirlər ki, yüksək ranqlı bonapartçılar onun Müqəddəs Yelena adasından da qaçması üçün müxtəlif planlar hazırlamışdılar. Lakin qəribə görünsə də İmperator bunların hamısından imtina etmişdi. Müəllifə görə, Napoleonun adadan qurtulması üçün ehtiyat, özü də daha etibarlı variantları olduğundan risqə getmək istəməyib. Hətta Müqəddəs Yelena adasının qubernatorunun da bonapartçılarla iş birliyində olduğu bildirilir.

MÜQƏDDƏS YELENADA ÖLƏN KİM İDİ?..

Bundan başqa, əgər rəsmi sənədlərdəki kimi, Napoleon doğrudan da 1821-ci ildə Müqəddəs Yelena adasında öldüyü gerçəkdirsə onda 1818-ci ildən başlayaraq İmperatora yaxın olan adamların bir çoxu müxtəlif bəhanələr altında adanı niyə tərk etməyə başlamışdılar?! 1819-cu ildə artıq İmperatoru adada müşayiət edənlərin yarısı - katib Bartolle de Las Kaz, General Qaspar Qurqo, ən inanılmış xidmətçilər və köməkçilər geriyə dönmüşdülər. Niyə?..
Napoleonun hər iki sürgün zamanı bənzərlərinin köməyi ilə xilas olduğunu təsdiqləyən kifayət qədər faktlar sadalanır. Əlbəttə, əksəriyyəti çox inandırıcı görünən həmin faktların hamısından söz açmaq mümkün deyil. Lakin bəhs etdiklərimə sonuncunu əlavə etməklə düşünürəm ki, Napoleon Bonapartın qaçışlarının gerçək olduğuna şübhələri azalda bilərəm. Belə ki, rəsmi sənədlərdə qeyd olunub ki, İmperator 1821-ci il, may ayının 5-də Müqəddəs Yelena adasında vəfat edib. Fransız tarixçilərinin bir qismi - Retif de lya Bretonn, Bruno Rua-Anri... əminliklə bildirirlər ki, İmperatorun cəsədinin sonradan yoxlamadan keçirilməsi zamanı bir sıra faktlar sübut edir ki, Napoleon adıyla dəfn edilən şəxs heç də gerçək Napoleonun özü olmamışdır.
2000-ci ildə Parisdə nəşr olunan "1840-cı il eksqumasiyasının sirri" kitabında bir sıra ciddi faktlara diqqət çəkilir. Rua-Anri bildirir ki, eksqumasiyada aydın olub ki, cəsədin tabuta yerləşdirilməsi zamanı tabutun ölçüsü nisbətən uyğun gəlmədiyindən ölünün dizlərini azacıq qatlayıblar. Bu necə, nədən ola bilərdi ki? Axı, tabutun 1.78 m.-lik ölçüdə hazırlandığı, lakin Napoleonun boyunun isə 1.69 m. olduğu araşdırmaçılar üçün sirr deyil. Hətta çəkmələri ilə tabuta qoyulan İmperatorun əslində ayaqlarını qatlamasına heç bir zərurət olmamalıydı. Tabutun uzunluğunun cəsəddən 9 sm. artıq ölçüsü bəs necə olub?! Bütün bunlardan belə çıxır ki, Müqəddəs Yelena adasında Napoleon Bonapart adı altında ölən şəxs inanılmaz dərəcədə ona bənzəyən (İmperator daha fərqli dabanlı çəkmələrdən istifadə etməklə bu xüsusuda ətrafda konkret şübhələrin yarana biləcəyini əngəlləyə bilərdi) Fransua Robo olmuşdur.

KNYAZ GÖRDÜYÜNDƏN DƏHŞƏTƏ GƏLMİŞDİ

Elm belə bənzərliyin izahı üçün ən müxtəlif nəzəriyyələr önə sürsə də bu sfera da müəmmalar bitmək bilmir. Və fərqli yanaşmalar da məhz bu üzdən mövcuddur. Bəzi mütəxəssislərə görə, bu cür fenomen təzahürlər astral vücudun maddiləşməsi ilə əlaqədardır. Bəzi insanlar, necə deyərlər, zaman ilgəyinin nisbi dövründə keçmişdən və ya gələcəkdən gələn öz məniylə qarşılaşa bilirlər. Əslində bir çox nəzəriyyəçilər bunu psixi pozğunluq kimi təqdim etməyə cəhd edirlər. Hadisələrin yalnız şəxslərin təsəvvürlərində olduğuna diqqət çəkirlər.
Bəli, dialektik materializmə əsaslanan elm həmişə belə təzahürləri qallüsinasiya kimi qiymətləndirib. Amma bunun belə olmadığını təsdiqləyən yüzlərlə fakt mövcuddur ki, qallüsinasiyanın ora aidiyyəti yoxdur. Cəmiyyətin tanıdığı məşhur, oxumuş, kifayət qədər ağıllı şəxsiyyətləri belə bu cür hallarla qarşılaşmışlar. Və oxşarın öz orijinalıyla əlaqələrinin mövcudluğu da artıq dəflərlə təkzibedilməz fakt kimi ortalığa qoyulub. O da məlumdur ki, bu "qarşılaşma" zamanı "dublikat" niyəsə tezliklə səhnədən çəkilir.
Rus şairi, knyaz Pyotr Andreyeviç Vyazemskinin Peterburqun Uspenski yepskopunda saxlanan bir yazısı vardır. Şair burada vaxtıyla başına gələn qeyri-adi bir hadisəni nəql etmişdi. Knyaz yazmışdı: "Bir dəfə mən gecəykən Aniçkov körpüsü ilə Nevski prospektindəki evimə qayıdırdım. Evə yaxınlaşanda birdən evdə öz iş kabinetimin pəncərəsindən parlaq işıq gəldiyini gördüm. İşıq axı söndürülmüşdü. Bilmirəm bu niyə belə olmuşdu. Evə daxil olan kimi xidmətçimdən soruşdum:
-Mənim kabinetimdə kim var?
Xidmətçi cavab verdi:
-Orada kimsə yoxdu. Qapı da kilidlidi.
Və otağımın açarını mənə uzatdı. Bundan sonra mən gəlib kabinetin qapısını açdım, içəri keçdim. Və otağın dərinliyində bir nəfərin arxası mənə tərəf oturub nəsə yazdığınıı gördüm. Mən astaca yaxınlaşıb onun çiyni üzərindən onun nə yazdığını oxudum. Bərkdən qışqırdım, öz sinəmdən tutub huşumu itirdim.
Deyəsən mən elə özüm özümü görmüşdüm".
Maraqlıydı, bir müddətdən sonra knyaz özünə gələndə artıq həmin adam kabinetdə olmayıb. Amma Vyazemski ona bənzəyən adamın yazdığı həmin vərəqi götürüb gizlədib. Və nəyə görəsə heç vaxt kimsəyə orada yazılanlardan bir kəlmə belə bəhs etməyib. Eləcə o sirri özü ilə qəbirə aparıb. Bənzər hadisə eynən Feodor Şalyapinlə də baş vermişdi. Və müğənni də dəhşətdən bayılaraq özündən getmişdi.

YOZULA BİLƏCƏKMİ?

Məşhur ingilis şairi, romantik ingilis ədəbiyyatının nəhəng simalarından biri Persi Bişi Şelli ilə baş verənlər artıq ədəbiyyatsevərlərə çoxdan məlumdur. Şair İtaliyada Spetsiya sahillərində olarkən qəribə bir hadisə ilə qarşılaşır. Qayıqla su gəzintisinə çıxan Şelli sahilə yaxınlaşarkən çəmənlikdə bir adamın ona tərəf baxdığını görür. Bir qədər yaxınlaşdıqdan sonra həmin adamın eynən özü olduğunun fərqinə varır. Bu görüntüdən şaşqına dönən şair narahatlığını dostuna da danışır. Lakin o sahilə ayaq basanda artıq bənzəri orada yox idi.
Qəribə də olsa qeyd edim ki, bu hadisədən bir müddət sonra mindikləri qayığın çevrilməsi nəticəsində heç üzmək bilməyən Şelli, eləcə də dostu boğulurlar. Sonralar belə danışırdılar ki, şair ölümündən qabaq bədənindən ayrılmış ruhunu görmüşdü. Əslində bu versiyanı da bölüşənlər az deyil. Belə fikirləşənlərə görə, oxşarların görünməsi əsl insanın ölüm saatının çatmasına bir işarədir. Və belə ehtimal müəlliflərini də bir dəfəlik rədd etmək olmur. Çünki bununla bağlı Rusiya kraliçası II Yekaterindan tutmuş proletariatın lideri Vladimir İliç Leninədək o qədər belə hadisələr var ki, heç yerə yozmaq olmur...

ZAMANI GƏLƏ BİLƏR

Məşhur genetik S.Zaslonkinin mühakimələrinə görə, bu eyni genlərin fəaliyyəti ilə əlaqədardır. Mütəxəssis bildirir ki, genlər kart dəsti kimi daraqlanır, paylaşır. Müxtəlif insanların bir-birinə belə bənzəməsi "gizli qohumluq"la əlaqədardır. "Riyazi hesablama sübut edir ki, istənilən adam 8 nəsl sonra 256 qohumluğu, qan qohumluğu olan insanların nümayəndəsi sayıla bilər. 30 nəsl sonra isə qohum genlərin sayı 1 milyona çatır". Mütəxəssis hesab edir ki, bu cür qohumluq əlaqəsi genlər vasitəsi ilə formalaşmıış sayılır. Onlar bir-biriləri arasında qarışır, artır, ehtimal nəzəriyyəsinə görə, necə deyərlər, eyni kartlar üzə çıxır. Yəni, bənzərlər yaranır. Bu - genetikanın qaydasıdır.
Kosmoloq A. Zelmanova görə də istənilən iki müxtəlif nəslin genetik budaqlarının keçmişi araşdırılsa onların qan, genetik qohumluğu üzə çıxar. Mütəxəssis belə hesab edir ki, insanların çox böyük əksəriyyətinin keçmişi qohumlaşır. Və zaman dövr etdikcə oxşar, bənzər fiziologiyalar, quruluşlar, yarana bilir. Elə isə müasir elmə məlum olan dörd fakta - insanların istisnasız olaraq bir-birilərinin eyni olanlara, Praqada, Tuluzada və digər yerlərdə baş verən hadisələrdə oxşarların orqanizmindəki hüceyrə quruluşlarınadək, "DNK"larınadək, qan strukturlarınadək biri-birinin təkrarına nə izah vermək olar? (Bu zaman sırf təsadüf üzündən bənzərlərin hər birindən analizlər götürülmüş, yoxlanmışdır)
Əlbəttə, bu sirli təzahürün təhlilləri zamanı bioenerjinin, boimühitin astral siqnallarla əlaqələrinin olduğunu söyləyənlər də vardır. Bəlkə elə hər şey kabus dediyimiz varlıqlardı? Hətta burada Yerdən kənar qüvvələrin, ruhlar dünyasının, mistikanın olduğunu təsdiqləyənləri də qınamq düzgün deyil. Çünki indiyədək elmin, məntiqin, digər mühakimələrin hər birinin altında konkret cavabı məlum olmayan suallar yatmaqdadır...
Və mənə elə gəlir ki, bu fenomen təzahür araşdırıldıqca cavabdından çox sualları meydana çıxacaqdır. Ta o zamandək ki, Tanrı bu sirrin də açılması üçün insan oğluna izn verəcəkdir. Əsas odur ki, mütəxəssilər ümidizliyə qapılıb çalışmalarını dayandırmasınlar. Kəşflərin əksəriyyəti belə olmamışdırmı?!.
BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com
  • Iyun:
  • 6

TƏQVİM / ARXİV