adalet.az header logo
  • Bakı -°C
30 Avqust 2026 09:14
60
ƏDƏBİYYAT
A- A+

“İmam övladları, seyidlər Azərbaycana niyə gəliblər?” - Elxan Şükürlü yazır

Doğulduğum Naxçıvan torpağı təkcə Azərbaycanın dövlətçilik tarixində yox, həm də İslam tarixində və mədəniyyətində çox mühüm yer tutur.

Naxçıvan həmişə “Əhli-Beyt” təmsilçilərinin və ardıcıllarının sığındığı, qorunduğu və rahat yaşadıqları məkanlardan biri olub.

Arxada gördüyünüz bu “Seyidlər” türbəsi hazırki İranla Azərbaycanın düz sərhədində, Araz çayının sol sahilindəki Şahtaxtı kəndində yerləşir.

Çox şadam ki, bu türbənin yenidən bərpasında bizim yazdıqlarımızın da rolu olub. Şahtaxtı kəndinin heyrətamiz və mistik tarixindən, orada yaşayan tayfalardan, xüsusən də bu kəndin əsasını qoyanlardan biri olan məşhur seyid soyundan bəhs edən bir araşdırmamızdan sonra köhnə türbənin yenidən bərpasına razılıq verilib və belə bir gözəl mədəniyyət abidəsi yaradılıb.

Türbə Naxçıvana Qədim Hərzəndən köçüb gələn və nəsil şəcərəsi “Kuhi-Kəmər” seyidlərinə bağlanan çox nüfuzlu bir seyid ocağının təmsilçiləri - “Böyük Seyid” ləqəbli Mir Abdulla Ağanın oğlu Hacı Seyid Mir Mehdi Ağanın və onun 6 oğlundan üçünün məzarları üzərində inşa edilib.

Bu, o Seyid Mehdidir ki, onun barəsində məşhur güneyli yazıçı Pənahi Makulu "Xiyabani" tarixi romanında da bəhs edib.

Ümumiyyətlə, “Şahtaxtı” adının mənşəyi də seyidlərlə, dini təriqətlərlə bağlıdır.

Kəndin yaşlı sakinlərinin bu gün qürurla xatırladqıları və geniş yayılmış rəvayətlərdən biri budur ki, İmam Museyi Kazım soyundan olan Şah İsmayıl Ağqoyunlu hökmdarı Əlvənd Mirzə ilə döyüşdən öncə və sonra indiki Şahtaxtıya yaxın ərazidə - “İydəli Pir”də düşərgə salıb, Əlvənd Mirzəni məğlub etdikdən sonra da Araz çayını məhz buradan o taya - indiki adı “Poldəşt”, köhnə adı isə “Ərəblər” olan kənd istiqamətində keçərək, Təbrizə yol alıb və özünü şah elan edib.

Sonradan “İydəli Pir”in yaxınlığında məskunlaşan əhali buranı elə Şah İsmayılın şərəfinə də “Şahtaxtı” – “Şahı taxta çıxaran yer” adlandırıb.

Rusiya İmperator Ordusunun hərbçisi, şərqşünas, İran tarixinin məşhur araşdırmaçısı Konstantin Nikolayeviç Smirnovun 1934-cü ildə yazdığı “Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar” kitabında isə “Şahtaxtı” adının “Nemətullahiyyə” adlı təriqətə mənsub dərvişlərlə bağlı olduğu bildirilir. Smirnova görə, kəndin adı özünü “Şah” adlandıran dərvişin təkyəsini bu ərazidə qurması ilə bağlıdır...

Xatırladaq ki, “Nemətullahiyyə” təriqətinin qurucusu Seyid Mir Abdulla adlı şəxs olub və onun şəcərəsi də İmam Zeynəlabidinə qədər gedib çıxır.

Ümumiyyətlə, müasir tarixçi alimlərimiz çəkinmədən “İmam övladları, seyidlər Azərbaycana niyə gəliblər?” sualına cavab axtarsalar, bu, indiyədək Azərbaycan tarixinin qapalı saxlanan və ya bilərəkdən təhrif edilən bir sıra qaranlıq səhifələrinə də işıq tutar.

Azərbaycan böyük İslam sivilzasiyasının önəmli bir parçasıdır və nə qədər tarixi təhrif etməyə, yadlaşdırmağa və itirməyə çalışsalar da, onu heç kim bu xalqın gen yaddaşından və ənənələrindən silib apara bilməz!

Bu türbələr, seyid məzarları, orada yatan insanların həyat hekayələri isə həm də elə bizim şanlı tariximizin və böyük bir mədəniyyətə mənsubluğumuzun silinməz izləri, parlaq səhifələri, maddi sübutlarıdır!

Onları lağ, ironiya obyektinə çevirmək yox, qorumaq, öyrənmək, tədqiq etmək, əsl həqiqəti üzə çıxarmaq və Azərbaycanın İslam tarixindəki qiymətli rolunu qürur hissiylə yazmaq, xatırlamaq gərəkdir!