adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Fevral 2024 15:17
627
İDMAN

"İlk matçın nəticəsi bizi aldatmamalıdır" - Qurban Qurbanov

“Bizim üçün çox vacib və dəyərli oyundur. Fikrimizi tam olaraq rəqibə yönəltmişik”.

Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Bakıda Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis bildirib ki, ilk matçın nəticəsi onları aldatmamalıdır: “Cavab görüşündə daha səliqəli və intizamlı oynamalıyıq. Komandanı hazırlamağa çalışırıq. İnanıram ki, futbolçularım daha istəkli və soyuqqanlı olacaqlar. Sabahadək vaxtımız var. Hər şey plana uyğun gedir. Zədəli oyunçumuz yoxdur. Matçı yaxşı notlarla başa vurmaq istəyirik. Əlimizdə şans varsa, bundan istifadə etməyə çalışırıq”.

Q.Qurbanovun sözlərinə görə, "Braqa"nın öz meydanında “Qarabağ”a uduzması onların zəif olduğu anlamına gəlməməlidir: "Rəqibimiz çox böyük klubdur. Sürətli və bacarıqlı futbolçuları, bir çox rəqibə xoş olmayan oyun üslubları var. Həmçinin avrokubok təcrübələri çoxdur".

Baş məşqçi deyib ki, beynəlxalq arenada qalib gəlmək azarkeşlərin inamını artırmaq baxımından çox vacibdir: "Təbii ki, belə oyunlarda qələbə bizi daha çox sevindirir. Çünki bu, böyük uğurdur. Belə nailiyyətləri əldə etmək üçün çox çalışırıq. İnsanların sevincini görəndə növbəti görüşlərə həvəslə çıxırıq. Qələbə qazananda nəinki azarkeşlər, dövlətimizin də futbola və idmana marağı artır. Mən həmişə istəmişəm ki, ölkəmizə xarici klublar gəlsin və insanlarda futbola sevgi, həvəs çoxalsın".

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.