29 May 2023 17:30
522
İDMAN

İlham Əliyev və Mehriban Əliyeva taekvondo üzrə dünya çempionatının açılış mərasimdə - YENİLƏNİB

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, “Baku Crystal Hall”da baş tutan tədbiri Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyiblər.

Tədbirdə qeyd olunub ki, beynəlxalq əhəmiyyətli idman tədbiri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Azərbaycanın uzun illər ərzində bir sıra böyük idman yarışlarına uğurla ev sahibliyi etdiyi vurğulanıb.

Daha sonra iştirakçı ölkələrin bayraqları arenaya gətirilib və hər biri təqdim olunub.

Ardınca Dünya Taekvondo Federasiyasının bayrağı mərkəzə gətirilib və qurumun himni səsləndirilib.

Bundan sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı mərkəzə gətirilib və Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çun çıxış edərək hər kəsi salamlayıb: 

“Bakıda çempionatın keçirilməsindən çox məmnunam. Azərbaycanda və Bakıda müxtəlif tədbirlər təşkil olunub. Prezident İlham Əliyevin dəstəyi nəticəsində bu idman növü ölkədə geniş vüsət alıb”. 

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın videomüraciəti təqdim olunub. O, taekvondonun dünyada ən populyar idman növlərindən olduğunu bildirib və bu idman növünün insanların birliyi üçün əhəmiyyətindən bəhs edib.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov açılış mərasiminin qonaqlarını salamlayıb. O, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə idmanın digər növləri kimi taekvondonun da inkişaf etdiyini bildirib:

“Taekvondonun Azərbaycanda təşəkkül tapmış idman növləri arasında özünəməxsus yeri var. İdmançılarımız beynəlxalq yarışlarda yüksək yerlər tuturlar. Bu da dərin maraq yaradıb. Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən dünya çempionatına ev sahibliyinin Azərbaycana həvalə edilməsinə görə təşəkkürümü bildirirəm. Çempionat həm ölkə, həm iştirakçı sayında rekordla əlamətdardır”.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov turniri açıq elan edib.

Ardınca ümummilli lider Heydər Əliyevin Azərbaycana idmanın bəxş etdiyi töhfələrdən bəhs olunan videoçarx nümayiş etdirilib.

Bundan sonra Dünya Taekvondo Federasiyasının 50 illiyi ilə bağlı videoçarx nümayiş olunub.

Bununla da açılış mərasiminin rəsmi hissəsi başa çatıb.

 

***

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.

Adalet.az xəbər verir ki, “Baku Crystal Hall”da təşkil olunan tədbiri Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyirlər.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək “Baku Crystal Hall”da keçiriləcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) idmançılardan ibarət heyətlə qatılıb.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanından Rusiyadan sonra Azərbaycanda təşkil olunur. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.