II Qarabağ savaşı – düşmənə ibrət dərsi - Yaqut Bahadurqızı yazır

Qələm – yazanda, qılınc – kəsəndə, Ordu da ancaq hücuma keçəndə özü olur – demiş Əbu Turxan. 30 il dunyanın ədalətinə inanıb, ədalətsizliyə dözdük. Münaqişənin sülh yolu ilə həllini tapması üçün aparılan mənasız danışıqlara qulaq asdıq. Danışıqlar isə zamanın çarxını, saatın əqrəbini düşmənin xeyrinə fırladırdı. Bütün dünya Azərbaaycanın haqlı tərəf olduğunu, beynəlxalq hüququn, qanunların bizim tərəfimizdə olduğunu bilir, lakin susurdu. Və nəhayət ədalətsiz “ədalət carçılarına” anlatdıq ki, sizin səbr kasanızın dibi çox dərinmiş, hətta yırtıqmış. Bizim səbr kasamızsa çoxdan dolub, daşır. Azadlıq aşiqi Babəki xatırladıq: “Azadlıq verilmir, alınır! Qan bahasına, qurban bahasına!” Və bir də haqqa, ədalətə xəyanət edənlərə anlatdıq ki, qanla itirilən torpağı, zülm, istibdad ilə itirilən azadlığı, sülhlə, cəfəng vədlərlə geri qaytarmaq olmaz... Torpağımızla bərabər namusumuzu, şərəfimizi, milli qürurumuzu murdar düşmən tapdağından azad etməyə gücümüz, qüdrətimiz, qeyrətimiz çatar. Və 30 illik istibdad yolunu 44 günə qət edən Ordumuz, illərlə arzusunda olduğumuz Qələbəni, Zəfəri qazandırdı bizə.
“Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” – deyən xalqın ümidini, etimadını, etibarını qazandı, rəşadətli Azərbaycan Ordusu.
Və bu Ordunun qətiyyətli sərkərdəsi, Ali Baş Komandanının 44 günlük müharibə ərzində dünyanın ən mötəbər, ən məşhur kütləvi informasiya vasitələrinə bir ordunun zəfər yürüşünə bərabər verdiyi müsahibələr onun dünyanı heyrətə gətirən siyasi hazırlığı rəvac verdi Qələbəmizə.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı iddiaların əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə olub. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olmağa başladı. 1996-cı ilin dekabrından isə Minsk qrupunun Rusiya, ABŞ, Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir və münaqişənin sülh yolu ilə həllini tapması üçün danışıqlar aparır. Əfsuslar olsun ki, Ermənistan tərəfi ötən bu müddət ərzində müxtəlif bəhanələrlə münaqişənin həllini uzadıb, cəbhə xəttində atəşkəsi dəfələrlə pozub, hətta mülki əhalini də hədəfə alıb. 2016-cı ilin aprel ayında da erməni silahlı birləşmələri növbəti dəfə atəşkəsi pozdu, təxribat törədərək mövqelərimizə soxulmağa cəhd etdi. Lakin Azərbaycan ordusunun güclü müqaviməti və əks-hücumu nəticəsində düşmən geri otuzduruldu, ona sarsıdıcı zərbə vuruldu, bir sıra strateji yüksəkliklər işğaldan azad edildi. Aprelin 5-də tərəflər arasında yenidən atəşkəs haqqında razılıq əldə edildi. Buna baxmayaraq, Ermənistan silahlı birləşmələri yenə də razılaşmaya əməl etmir, cəbhəyanı yaşayış məntəqələrimizi iri çaplı silahlardan, artilleriya qurğularından, minatanlardan və zirehli texnikadan atəşə tutdular.
Ermənistanın Dövlətimizə qarşı növbəti təxribatının qarşısının alınması uğrunda onlarla gənc hərbçimiz şəhidlik zirvəsinə ucaldı. Onların şəhadəti bütün gənclərimizi “Vətən sağ olsun!”, “Biz varıq! Bitməmişik! Olacağıq! Qalib gələcəyik!” çağırışına köklədi. Əsgərlərimizdə – bütövlükdə bütün xalqımızda üçrəngli bayrağımızın tezliklə hərbçilərimiz, rəşadətli Ordumuz tərəfindən Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda və işğal olunmuş digər torpaqlarımızda dalğalanacağına inam, əminlik yarandı.
Müdriklərdən belə bir kəlam da miras qalıb: Tarix 2 halda təkrar olur – ibrət götürəndə - yaxşı məqamlar, götürməyəndə – pis məqamlar. Aprel döyüşlərində xaincəsinə hücuma keçib burnu ovulan, böyük itkilərlə rüsvay olan Ermənistanın 12 iyul 2020-ci ildə xain niyyəti yenə baş tutmadı, Ermənistan ordusunun atəşkəsi növbəti dəfə pozaraq Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmasına Ordumuz tutarlı cavab atəşi və əkshəmlə tədbirləri ilə düşmənin hücum cəhdinin qarşısını aldı. Bir neçə gün davam edən Tovuz döyüşləri zamanı Ordumuzun 12 nəfər hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev şəhid oldu. Ermənistan ordusunun 120-dən çox əsgər və zabiti xeyli miqdarda hərbi texnikası məhv edildi. Tovuz döyüşləri, General Polad Həşimovun şəhadətə qovuşması, xalqın milli ruhunu, gənclərin vətənpərvərlik duyğularını alovlandırdı və minlərlə Azərbaycan gənci könüllü olaraq torpaqlarımızı işğaldan qurtarmaq, Şəhidlərimizin qisasını almaq naminə Ordu sıralarına yazılmaq üçün qeydiyyatdan keçdilər...
Hər kəs gözləyirdi bu müharibəni. Müharibə ağırdı – ölümdü, itkidi, dağıntı, qan-qadadı. Ancaq işğal olunmuş torpaqlarımızı, tapdanmış ləyaqətimizi qaytarmaq üçün yeganə vasitə idi. 27 il yalançı müqavilələrlə, sazişlərlə aldadıldıq və anladıq ki, türkün türkdən başqa dostu, arxası yoxdur. Və həmin gün – qisas günü gəldi. Sentyabrın 27-dən başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusu qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurdu. 44 gün davam edən İkinci Vətən müharibəsində qəhrəman oğullarımız düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 ildir işğal altında saxladıqları torpaqlarımızdan iti qovan kimi qovdular.
44 günlük Zəfər müharibəsi bir daha sübut etdi ki, bu millətin qəhrəman keçmişi, əcdadı var. Şərəfli tarixi, qeyrətli oğulları, dəyanətli rəhbəri, birləşməyi, “Dəmir yumruq” olmağı bacaran Xalqı, əzəmətli Dövləti var. Vətən müharibəsi bizə şərəfli Qələbəni qazandırdı.
Yaqut Bahadurqızı
Filologiya üzrə fəlsəfə doktoru
Digər Xəbərlər

Dünya Qarabağlı: Xeyir və Şər

Ürəklərdə ölümsüzləşən Öndər şəxsiyyət...

Şairlərin misraları sosial şəbəkədə trend oldu

“Heydər Əliyev Cavidə görə yerli vəzifə sahiblərini danlamışdı ki...” - Turan xanım

Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibləri açıqlandı - FOTOLAR

Samir Mehdiyev: Şəhid olarıq-məğlub olmarıq

Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibləri açıqlandı
