adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Fevral 2023 10:56
1882
MÜSAHİBƏ

İgidliyi ilə İsraili fəht edən ağdamlı Cəlalın atası Elşən Hüseynovla  MÜSAHİBƏ

 

Azərbaycan hər zaman igidlər yurdu, qəhrəmanlar məkanı olub. Onların Azərbaycanın hər qarışında əziyyəti, sağlamlığı, qanı var. Hələ lap qədimlərdən, bu belə olub.

On ikinci əsrdə yazılmış qəhrəmanlıq dastanı olan “Dədə Qorqud” da da igidlərimizə böyük yer verilib. Uzun sözün qısası, Azərbaycan oğullarının genetikasına xas olan bu xüsusiyyət dünyanın harasında olursa olsun, özünü biruzə verir. Bu günlərdə sinəmiz yenə qürur hissi ilə döyündü. İsrail Respublikasında gələn xəbər dövlətlərarası dostluğun mücəssəməsinə çevrildi. Siz də xəbərdar oldunuz ki, İsrail Prezidenti İshak Hersoq ölkə ordusunda xidmət edən azərbaycanlı Cəlal Hüseynovu qəbul etdi.

Ölkədə ilin yekunları ilə bağlı keçirilən tədbirdə Prezident İsrail dövlətinə yönəlmiş böyük terror aktının qarşısını tək başına aldığı üçün 19 yaşlı C. Hüseynova mükafatı şəxsən özü təqdim etdi. Mərasimdə Cəlala böyük sürpriz də təşkil edildi. Belə ki, onun xəbəri olmadan anası Nüşabə Əliyeva İsrail dövlətinin təşkilatçılığı ilə Bakıdan Təl-Əvivə aparıldı.

Dekabrın 20-də baş tutmuş təltifetmə mərasimi zamanı C.Hüseynov anası ilə görüşüb və təsirli anlar yaşandı. Görün, nəinki bir valideyn üçün, ölkəmiz, xalqımız üçün necə böyük və fəxr ediləsi bir hal yaşanıb. Hazırda Nüşabə xanım İsraildə olduğu üçün qəhrəman gəncimiz Cəlalla bağlı söhbətimizi onun atası Elşən Hüseynovla  Adalet.az -n redaksiyasında görüş təşkil etdik. Bir atanın öz oğlu ilə fəxr etməsinin sevincini Elşən bəyin gözlərində aydınca görmək mümkündür! İndi keçək, bizi maraqlandıran suallara...

 

-Kolanı tayfası igidlikləri, döyüşkənlikləri, cəsurluğu ilə seçilən türk tayfalarındandır və siz də bu tayfanın nümayəndəsisiniz. Əsliniz hansı kənddəndir?

-Atam Cəlal ki, babam Mehdi kişi Ağdamda tanınmış şəxslərdən olub, əslən rayonun Qalayçılar kəndindədir. Babam Mehdi Hüseynov Ağdam NKVD-sində (indiki DTX və daxili işlər şöbəsi) əməliyyatçı olub. Xalqı incidən, xalqın malına kəm baxanlara, kasıbların mal-qarasını oğrulayanlara qarşı qarşı amasız olub. Dövlətə qarşı olanların həbs edilməsində böyük əməyi olub. Babamın həmyaşıdları deyirdilər ki, Mehdi silahlı adamın üstünə əliyalın gedib, onu tərkisilah edib. 1970-ci illərə qədər bu sahədə çalışıb və ilkin əməliyyat proseslərini özü şəxsən aparıb. O dövrdə onu nəinki, Kolanı dərəsi, Ağdam, hətta bütün respublika tanıyırdı. Atam Cəlal Mehdi oğlu isə Ağdam 6 nömrəli orta məktəbdə ingilis dili müəllimi işləyib.

 

- Atanız Cəlal müəllim haqda araşdırmaçı-jurnalist Orxan Zakiroğlunun məqalələrində tanış olmuşdum: Ağdam musiqi təmayüllü orta ümumtəhsil internat-məktəbinin ingilis dili müəllimi (1967-1968), Ağdam şəhər 6 nömrəli orta məktəbin ingilis dili müəllimi (1968-1980), Ağdam rayonu 2-ci Sarıcalı kənd orta məktəbinin direktoru (1980-1993), Bərdə rayonu Molla İsalar kəndində yerləşən 156 saylı Ağdam köçkün orta məktəbin direktoru (1993-1996) vəzifəsində çalışmışdır. 1996-2009 illərdə 6 min məcburi köçkünü olan “Türk Qızıl Ay” çadır şəhərciyinin icra nümayəndəsi olmuşdur.

 

2009-cu ildən təqaüddə idi. Cəlal Hüseynov “Baş müəllim” adına, “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülmüşdür”.

 

-Bəli, bizim nəsil ləyaqətli oğulları ilə tanınıb. Heç birnin başqasının malında gözü olmayıb. Düşüncələri ancaq xalqın gələcəyinə töhvə vermək olub. Müharibə və ondan sonrakı illərdə dövlət və dövlətçilik naminə fəal insanlardan olub, hətta ümummilli lider Heydər Əliyevin qarşısında çıxış da edib.

 

-İndi də özünüzdən danışın...

 

 

-Mən özüm Ağdamda dünyaya göz açmışam. Ömrümün ən gözəl çağında ermənilərin və onların havadarlarının sayəsində yurdumuzu tərk etməli olduq. Bakıda məskunlaşdıq.Ailə qurdum. Iki oğul övladımız var. Atamın adını qoyduğum Cəlal və Elmir. Hazırda isə işsizəm.

-Bir ata kimi Cəlalın qəhrəmanlığına ilk reaksiyanız necə oldu... Hər halda bu “ölüm-dirim” məsələsi olub.

-Xəbəri hamı biləndə bildim. Düzü, ürəyim fəxrlə elə doldu ki, o təhlükə ağlıma da gəlmədi. Xüsusən, oğlumun dost ölkədə göstərdiyi qəhrəmanlıgın İsrail xalqı tərəfindən də rəğbətlə qarşılandığını, insanların sevimlisinə çevrildiyini görəndə sevincdən həyəcanlandığımı, təsirləndiyimi də gizlətmədim. Cəlal xidmət zamanı yaxasında Azərbaycan və İsrail dostluğunu təcəssüm etdirən döş nişanı daşıyır. Çoxlarına qəribə gələ bilər, amma Cəlalın bu qəhrəmanlığı İsrail və Azərbaycan dostluğunu-qardaşlığını daha da möhkəmləndirilməsinə töhfə verəcək. Bilirsiniz, bir var oğul ataya görə tanına, bir də var ata oğlun hesabına tanına , hörmətlənə! Bu valideyn üçün təkrarsız bir yaşantıdır! Söz tapa bilmirəm o hisslərimi ifadə edəm! Allah hamıya xeyirli övlad nəsib etsin!

 

-Cəlalın zərərsizləşdirdiyi terrorçuların təbii ki, əlaltıarı var, həyatı təhlükə yarada bilərlər. Cəlal düşünür ki, işindən aralaşsın, bir müddət Azərbaycana gəlsin...

-Cəlalda qətiyyən, qorxu hissi yoxdu , heç balaca vaxtından qorxaq olmayıb. Balaca vaxtı, onun tay-tuşlarının , sinif yoldaşlarının qorxduğu , çəkindiyi şeylər Cəlalın umrunda da olmazdı.Məsələn, məhlədə hər kəs, böyüklü –kiçikli üstlərinə hürə-hürə gələn küçə itlərini görəndə yolunu dəyişirdi. Cəlal qorxmadan itin üstünə yüyürürdü. İt qaçıb uzaqlaşırdı. Uşaq vaxtından belə idi. Bu xüsusiyyətinə görə həmişə bizi təəccübləndirib. Həm də 9-cu sinfi Bakıda bitirdikdən sonra qohumlarımın yaşadığı İsrailə gedib. Elə orta məktəbi orada bitirdiyi üçün bu ölkənin ordusunda xidmət keçib. O, həm Azərbaycan, həm də İsrail vətəndaşıdır. İsraili də Azərbaycan qədər sevir. Həyatına olacaq təhlükə üçün heç vaxt meydandan uzaqlaşmaz!

 

-Cəlal İsraildə uzun illərdir ələ keçirilməsi mümkün olmayan terror qrupunu zərərsizləşdirib, bu şücaətinə görə mükafatlandırılıb. Nə vaxtsa, Azərbaycana dönüb buradakı terrorçulara qarşı da mübarizəyə qoşulacaqmı?

 

-Vallah, oğlumdur deye, söyləmirəm, Cəlal çox təəssübkeş, vətənpərvər uşaqdı. Azərbaycanın igid oğulları ilə fəxr edirdi. Milli Qəhrəmanımız Mübariz İbrahimova kumiri kimi baxırdı. Bəlkə də elə idmanı da Mübarizə görə sevdi, məşqlərdən qalmadı, məşqçinin tapşırıqlarını dərhal götürdü, başqalarından seçildi. Peşəkar idmançıdır, hal-hazırda O İsrail hərbi polisinin xüsusi təyinatlı qrupuna qəbul edilən gənc əsgərlərə əlbəyaxa döyüş növü üzrə təlim keçir. Cəlalın ən böyük arzusu Azərbaycan silahlı qüvvələrinin sıralarında xidmət etməkdir. O, İsraildə xidmətini başa vurduqdan sonra burada xidmətə qoşulmaq niyyətindədir.

- Heç, qəhrəmanımızın böyük qardaşı Elmirdən danışmadınız... Elmir 1998-ci ildə anadan olub. Sərhəd qoşunlarında əsgərliyini başa vurandan sonra o da getdi qardaşının yanına. Hazırda orada işləyir. Söhbətimizin şirin yerində “Ədalət” qəzetinin təsisçisi, Azərbaycanın sevilən yazıçısı, millət vəkili Aqil Abbas da gəlib çıxdı. O da Cəlalın qəhrəmanlığından qürur hissi keçirdiyini, Azərbaycan oğullarının igidliyindən, cəsarətindən hər zaman ilham aldığını söylədi: “Belə gənclər xalqımız üçün xəsinədir, sərvətdir, o sərvəti, xəzinəni bu xalq üçün yetişdirən valideynlərə halal olsun!”

 

Qeyd edək ki, Cəlal Hüseynov hazırda İsraildə hərbi xidmət keçir. Xidməti başa vurduqdan – 1 il 2 ay sonra Azərbaycana qayıdacaq.

 Əntiqə Rəşid