03 May 2024 09:00
6152
LAYİHƏ

İGİD AZƏRBAYCAN ƏSGƏRİ!

Azərbaycan tarixən özünün ordusu, əsgəri və döyüşən oğulları ilə düşmənə öz gücünü, qüvvəsini  göstərib. Düşmən elə düşünüb ki,  balaca, kiçik dövlət  olduğu üçün Azərbaycanın ərazisini  işğal edəcək və burda özünə əbədi bir rahatlıq  tapacaq. Təbii ki, bütün bunlar bizim düşmənlərimizin xülyalarıdı. O xülyalar ki onlar  həmişə  Azərbaycana  yağlı tikə kimi  baxıblar, onu  işğal etmək istəyiblər, kabab iyinə gəliblər və axırda da başlarını, canlarını qoyub bu torpaqda  it kimi  gəbəriblər.

Heç kimə sirr deyil ki, Azərbaycanın digər ölkələrin ərazisində heç vaxt  gözü olmayıb. Amma bayaq dediyimiz kimi, bizim torpaqlarımızda çoxlarının gözü olub. Yəni  onlar  həmişə  fürsət axtarıblar ki, bu yağlı tikənin bir  hissəsini  qoparsınlar, ərazilərimizi işğal eləsinlər. Ermənilər də 1992-ci ildən 20 faiz  torpaqlarımızı və ərazilərimizi  işğal etd, öz havadarlarının köməyi ilə  30 il bu  torpaqları  nəzarət altında saxladı. Aydındır ki, Azərbaycan  heç  vaxt işğalla barışa bilməzdi və ilk növbədə  bunu sülh yolu ilə  həll etməyə  çalışdı.  Düz 30 il  ən mötəbər kürsülərdə Azərbaycan  öz torpaqlarının geri qaytarılması  üçün dünyaya  haqq səsini  ucaltdı və tələb etdi ki,  BMT-nin   dörd qətnaməsi ali qurumlar  tərəfindən  icra edilsin. Amma ali qurumların qulaqları  kar oldu, gözləri kor oldu və dilləri də lal oldu. Sadəcə olaraq, ATƏT, BMT bu problemi  dondurub və bizim başımızın altına  yastıq qoyurdular. Üstəlik də ermənilər tez-tez atəşkəsi  pozur, dinc sakinləri  gülləbarana  tutur və əhalinin  sıx olduğu  yerlərə  ağır  silahlardan  atəş açırdılar. Bütün bunlar hamısı Azərbaycanın səbr kasasını doldurdu. Ali Baş Komandan, prezident İlham Əliyevin əmri ilə  2020-ci il  sentyabrın  27-də Azərbaycan  Ordusu bu hücumların  qarşısını almaq üçün əks hücuma  keçdi. Füzuli və Cəbrayıl  istiqamətində ağır döyüşlər  başladı. Artıq sentyabrın  30-na kimi  Füzulinin  və Cəbrayılın  6 kəndi erməni  işğalından  azad olundu. Üstəlik də  ermənilərin  30 il mif kimi  yaratdığı  «Ohanyan səddi» darmadağın edildi. Çünki ermənilər elə fikirləşirdilər ki, bu müdafiə xəttini  Azərbaycan  Ordusu  yara  bilməyəcək, çoxlu itkilər verəcək və geri çəkiləcək. Amma Azərbaycan Ordusu bütün gücü ilə əks hücuma keçdi, o müdafiə xəttini  yardı və demək olar ki,  az itki ilə böyük qələbənin  başlanğıcını qoydu.  Azərbaycan Ordusunun  ilk zərbəsindən başını itirən  erməni  əsgərləri çaş-baş qaldılar. Ona görə çaş-baş qaldılar ki, onların  arxasında duran  qüvvələr və onları arxayın edən  böyük güclər ermənilərə bu anlarda, bu dəqiqələrdə kömək edə bilmədilər. Onlar elə fikirləşirdilər ki,  2016-cı ilin   aprel döyüşlərində olduğu kimi  bir neçə gündən  sonra  havadarları, daha doğrusu, Fransa və digər  Avropa  ölkələri  prezident İlham Əliyevə  təzyiqlər edəcək və döyüşü  saxlayacaq.  

Amma həmin günlərdə xarici mətbuata  müsahibələr  verən Cənab Prezident  bildirdi ki, heç bir təzyiq, heç bir hədə-qorxu bizi  hücumdan  saxlaya  bilməz. Bəli, bu  həqiqətən də belə oldu. Artıq  Cəbrayıl şəhəri erməni  işğalından  qısa zaman kəsiyində  azad edildi. Füzulinin  əksər kəndləri  yağılardan təmizləndi.  Sürətli əks-hücum nəticəsində ermənilərin  ağlına  gəlməyən Hadrut  şəhəri və ətraf  kəndlər  Azərbaycan  ordusunun  əlinə keçdi. Sürətli hücum erməniləri  tamamilə  çaş-baş  salmışdı. Və onlar  çıxış yolunu  bir-bir döyüş  mövqelərini  tərk etməkdə görürdülər. Artıq  Hadrut  azad ediləndən  sonra  Füzuli şəhəri də  erməni  işğalçılarından  xilas edildi. Və həmin azad  olunmuş  şəhərlərdə və qəsəbələrdə  Azərbaycan  bayrağı  ucaldıldı. Düzdür, Füzulidə  elə bir  tikili  tapılmadı ki, əsgərlərimiz bayrağımızı ora sancsın. Çünki  vəhşi  erməni ordusu bir  bina belə salamat qoymamış, ya onları  söküb  aparmış, ya yandırmış, ya da tamamilə  külə döndərmişdi. Bu barədə  Azərbaycan  Prezidenti  İlham Əliyev də demişdir ki, Füzulidə bir salamat  bina  yox idi ki, bayrağımızı ora  sancsınlar. Bu məlumatı  mənə  verəndə mən də dedim ki, bayrağı  uca bir  zirvəyə  sancın. Və əsgərlərimiz də  o bayrağı  uca bir zirvəyə  sancdılar.

Həmin günlərdə Prezident, Ordu və Xalq  bir yumruq kimi birləşmişdi. Onu da qeyd edək ki, bu  sətirlərin  müəllifi  də 2020-ci il  sentyabrın  30-da  Füzulidə döyüş  mövqeyində idi. İnanın, həmin günlər bütün xalq  Füzuli  Diaqnostika Mərkəzinə gəlir,  yaralı əsgərlərimizə kömək edir, hərbi hissələrə  yola  düşən  maşın karvanlarında olan  əsgərlərimizə  ərzaq, paltar, siqaret  və digər qida məhsulları  verirdilər. Bu anları  seyr etmək həm gözəl idi həm də çox kövrək. Çünki  həmin əsgərlərimiz  maşın karvanlarından bir başa  döyüş  mbvqeyinə  yollanırdılar.  Amma onların  üz-gözündə  qətiyyən  qorxu-həyəcan, kədər yox idi. Onların  üz-gözündə cəngavərlik, mərdlik, döyüş  ruhu  hiss  olunurdu. Əsgərlərdən  biri  mənim  kövrəldiyimi  görüb dedi ki,  əmi, kövrəlmə, biz gedirik  torpağımızı  azad etməyə. Biz gedirik  erməni  işğalçılarını  öldürməyə və biz gedirik Azərbaycan  Bayrağını  azad olunacaq  torpaqlarımıza  sancmağa. 

Və elə də oldu. Bir necə gündən sonra  Qubadlı, Zəngilan  və noyabrın  8-də isə Azərbaycanın  üzük  qaşı olan  Şuşa  şəhəri işğaldan  azad olundu. Onu Ali Baş Komandan, Azərbaycan  prezidenti  İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan  Ordusu  gerçəkləşdirdi. Və 44 günlük  İkinci Qarabağ  savaşında Azərbaycan ordusu  dünya tarixində  görünməyən bir qələbə  yazdı. O qələbə Şuşada yazıldı. Şuşanın alınması ilə ermənilərin  beli  qırıldı və  onlar məcbur olub  10 noyabr Bəyannaməsinə imza atdılar. 

İmza atdılar ki, təslim  olurlar. Ermənistanın baş naziri bu Bəyannaməyə imza atanda təbii ki, özlərinin yeganə  xilas  yolunu  tapdılar. Əks təqdirdə  Laçın dəhlizi   Azərbaycan ordusunun  nəzarəti altındaydı və bir neçə  saatdan  sonra  ordumuz  Xankəndinə  girirdi. Üstəlik də ermənilərin  15 minlik  əsgəri  mühasirəyə  düşmüşdü. Yəni onlar  çox ağır bir vəziyyətdə idi. Müzəffər  Azərbaycan  Ordusunun  bu  həmləsindən sonra imzalanmış Bəyannaməyə  uyğun  olaraq Ağdam, Laçın və Kəlbəcər sonradan  Azərbaycana qaytarıldı. Azərbaycanın ərazi bütövlüyü,  daha  doğrusu, 20 faiz  işğal altında torpaqlarımız azad edildi  və bərpa olundu. 
 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.