Hicama nədir və haqqında nələr bilirik ?

Hələ qədim dövrlərdən üzü bəri insanlar müxtəlif növ tibbi müalicə üsullarını kəşf etməklə bir çox xəstəliklərə qarşı mübarizə aparmağı bacarıblar. Xüsusən də yaz fəslində insanların ən çox üz tutduğu müalicə üsullarından biri də hicama ilə müalicə üsuludur.
Son illərdə hicam üsullu ilə müalicə ölkəmizdə də xeyli adamın marağını səbəb olub. Bəs biz hicama haqqında nə bilirik və ya bu müalicə üsulu ilə bədənin təmizlənilməsi hansı formada olur, hansı xəstəliklərdə faydalıdır, və hər kəs bu müalicə formasından istifadə edə bilərmi?
Beləliklə mövzu ilə bağlı kiçik araşdırma etdik. Öncə hicama sözünün mənası barədə məlumat verək: Hicama hacamat, həcəmət, qanalma, küpə üsuluyla müalicə kimi müxtəlif adlarla tanınmaqdadır. Hacamat sözü ərəbcə sovurmaq mənasındadır. (qanın sorulması).
Digər mənbələrə əsaslanaraq deyə bilərik ki, hələ Herodotun dövründən Hippokrat zamanlarına kimi insanlar bu müalicə üsulundan yararlanıb. Hələ o dövrlərdə baş ağrıları, kürək, boyun-bel ağrıları, ginekoloji problemlər, ağciyər xəstəlikləri, eləcə də yuxarı və aşağı ətraf patologiyaları zamanı hicama metodu əsas tibbi metod olub.
Hətta qədim Misir tibbində də bu barədə məlumatlar var. Daha sonra Orta Şərqdə həkimlər Əbu-Bəkr Əl-Razi, İbn-sina və Al-Zahravi küpə terapiyasından istifadə etmişdilər. Çində Mavanqdui Silk bunu tətbiq etmiş, eləcə də Avropada da bir çox xəstəliklərdə bu metoddan yararlanmışdılar. Yaş hicama üsulunda küpə kimi buynuz, stəkan, mis qablardan istifadə edilirmiş. “Hicamanın 2 növü var: quru və yaş. Yəni quru qanalma zamanı banka hər hansı nahiyəyə sorucu qüvvə yaradaraq 3-7 dəqiqə qalır və heç bir kəsik aparılmır (qeyri-invaziv metod). Yaş hicama zamanı vakuum hesabına dolu qanlılıq yaranır, daha sonra isə həmin nahiyələrdə kiçik steril kəsik aparılır və həmin yerə yenidən banka qoyularaq sorulma vasitəsilə qan çıxarılıb atılır. Bəzən 2 dəfə banka qoyulan qanın dolub-atılması təkrarlanır (bu, xəstənin vəziyyətindən asılı olaraq dəyişir).
Beləliklə bu üsul vasitəsiylə qan təmizlənir
Daha sonra küpə üsuluyla qan-almanın mexanizmi və terapevtik effekti tam aşkarlanmasa da, bir çox xəstəliklərdə müsbət nəticələr verir. Yaş Hicama metodu təxminən süni böyrək funksiyası kimidir. Bu üsulla yüksək təzyiq yaradaraq sorulmuş qan həcmi artır, həmçinin kapillyarların filtrasiyası hesabına hüceyrəarası maye filtrasiya olunur (təmizlənir). Təmizlənmiş qan xəstəliklərə səbəb olan prostaqlandinlərin iltihab mediatorlarının stimulyasiya olunmasının qarşısını alır. Skarpel vasitəsilə çərtilmiş sahədə hüceyrənin iltihab miqrasiyası və endogen opioid sintez sayəsində anadagəlmə və qazanılmış immunitet artır. Buna görə də qan axını yaxşılaşır, toxumaların oksigen təchizatı və perfuziyası artır, toksinlər xaric olur, neyroendokrin (sinir-hormonal) balans bərpa olunur. Küpə üsuluyla qanalma zamanı mənfi təzyiq hesabına hiperemiya (doluqanlılıq) yaranır və həmin nahiyədə olan iltihablanmış (miqrasiya etmiş leykositlər), toksinlərlə zəngin trombositlər (qan lövhəcikləri), çox aşağı sıxlıqlı lipidlər, yağlar və digər zərərli maddələrlə dolu qan atılır.
Hicama ilə müalicə kimlər üçün uyğundur kimlər üçün yox?
Mütəxəssislərin fikrincə profilaktika məqsədilə ildə 4 dəfə, müalicə məqsədilə 10 gündən və ya 2 aydan bir prosedur edilir, həkim nəzarəti ilə fasilə verilir. Hicama baş, boyun, bel, diz, ayaq, digər sinir-əzələ ağrıları zamanı tətbiq edilir. Həmçinin sistem xəstəliklərdən revmatoid artrit, yüksək təzyiq (hipertoniya), ürək-damar xəstəlikləri, şəkərli diabet, psixoloji narahatlıqlar (mental pozulmalar), keçirilmiş xroniki xəstəliklərin reabilitasiya dövrü və dəri xəstəlikləri zamanı istifadə edilir.
Ürəyin işemik xəstəlikləri zamanı, antikoqaulyantların istifadəsi zamanı, edilən nahiyədə hər hansı infeksiya varsa, kəskin anemiya, hemofiliya, açıq yaralar, sümük qırılması, dərin vena trombozu, menstruasiya zamanı, hamiləlik və uşaqlıq qanaxmaları dövründə əks göstərişdir. Həmçinin çox kiçik yaş və heraitrik (çox yaşlı) insanlara tətbiq etmək məsləhət deyil. Xərçəng xəstələrinə mütləq göstəriş olmadan təyin edilməməlidir. Hər hansı qan laxtalanmasıyla bağlı problemi olanlarda qanda D-dimer səviyyəsinə baxılmalıdır. Ümumiyyətlə, ümumi qan analizinə diqqət edilməlidir.
Hətta hicamada ağırlaşmalara da rast gəlmək olar. Başgicəllənmə, qanazlığı, ürəkbulanma, bayılma, infeksiya riski, yuxusuzluq müşahidə oluna bilər.
Mütəxəssislər onu da qeyd edir ki, hicama yüksək ixtisaslaşmış və prosedura yiyələnmiş feldşer və həkimlər tərəfindən tibb mərkəzlərində edilməlidir. Məhz buna görə də hicama ilə müalicə olunmazdan öncə bu sahədə yetərincə təcrübəsi olan həkimlərə müraciət etmək məsləhətdir.
Sonda xalqımıza hər zaman sağlıqlı həyat arzu edirik...
Dr. Elnur Eldaroğlu