HƏQİQƏTİN ACI XATİRƏSİ - Fazil Sənan yazır

Axşamçağı vacib işim olduğu üçün rayona getmişdim. Raykomun binasının qarşısında təsadüfi olaraq raykomda işləyən Mehman müəllimlə qarşılaşdıq.
1986-cı ildə Mehman Qardaşxanovla Azərbaycan Tarixi Abidələri Mühafizə Cəmiyyətinin IV qurultayında birgə iştirak etmişdik. O vaxtdan aramızda yaxın münasibət yaranmışdı. Mehman müəllim bilirdi ki, mən yazı-pozu ilə məşğul oluram.
Hal-əhvaldan sonra Mehman müəllim soruşdu ki, "Azərbaycan gəncləri" qəzetində yazın çap olmayıb ki?
– Yox, – dedim.
Qəzetdə "Qapını göstərdilər" adlı böyük bir hekayə çap olunub, axırında da Fazil Vəliyev yazılıb. Fikirləşdim ki, yəqin sənin hekayən olar, ona görə soruşdum.
– Hekayəni oxumusan?
– Hə, oxumuşam.
– Məzmunundan bir az danış görüm, dedim.
– Partkom (yerli partiya təşkilatı katibi) Xanlar adlı bir müəllimlə, Nənəgül adlı bir sağıcı qızı partiya (Sovet İttifaqı Kommunist Partiyası) sıralarına qəbul olmağa gətirir. Büro üzvləri sağıcı Nənəgülü partiya sıralarına qəbul edirlər. Xanlar müəllimi isə qəbul etmirlər.
Mehman sözünü bitirər-bitirməz tez sevincək dilləndim ki, mənim hekayəmdi. Qəzetə təzə göndərmişəm. Nə tez çap ediblər. Hekayənin adı "Ağrı" idi. Görünür adını dəyişiblər.
– Mən hekayəni oxuyan kimi bildim ki, sənin hekayəndir. Hekayənin sonunda müəllifin adı yazılıb, amma rayonun adı yazılmayıb. Qəti boynuna alma ki, hekayə sənindi.
– Başa düşmədim. Nəyə görə? – təəccüblə Mehmanın üzünə baxdım.
– Ona görə ki, raykomda hekayə böyük səs-küyə səbəb olub. Birinci katib Mürşüd Əzimov yoldaş hamını kabinetə çağırıb, qəzeti göstərərək soruşdu ki, bu yazını kim yazıb? Fazil Vəliyev kimdir? Tanıyanınız varmı bu adamı? Büroda olan bu məsələ hardan və necə sızıb? Kimdi bunu yazan? Kimdi bu adam Kommunist Partiyasını tənqid edir, lağa qoyur? Bunu yazanın həyətində sənədsiz beş metrlik bir turba, beş-on kubik (mişar daşı) yoxdur? Yoxdursa, axşam aparın qapısına atın, səhər gətirin salın içəri. Bir neçə il yatsın və görsün ki, Kommunist Partiyasını tənqid etmək nə deməkdir. Onda ağlı başına gələr. Dedilər tanımırıq.
Ona görə deyirəm ki, heç kimin yanında demə ki, bu yazını sən yazmısan?
Mehman müəllimlə xudahafizləşib içimdə bir qorxu hissi ilə raykomun binasının yanında olan qəzet köşkünə yaxınlaşıb bir neçə "Azərbaycan gəncləri" qəzeti alıb, tez köşkdən aralandım və kəndə getmək üçün asfalt yolun kənarına çıxdım. Evə çatan kimi hekayəni oxudum. Hekayə mənim idi. 12 iyun 1990-cı ildə "Azərbaycan gəncləri" qəzetinin redaksiyasına göndərmişdim. Hekayə 21 iyul 1990-cı ildə çap olunmuşdu. Hekayənin adı "Ağrı" idi, amma "Qapını göstərdi" adı ilə çap olunmuşdu. Müəllif mən göstərilsəm də, rayonun adı yazılmamışdı. O dövrü yaşayanlar bilirlər ki, tanınmamış imzanı hər mətbuat çap etmirdi. Etiraf edim ki, hekayənin çap olunmasına sevinsəm də, içimdəki qorxudan da yaxa qurtara bilmirdim.
Payızın son ayları idi. Bakıya xəstə aparmışdım. Xəstəni xəstəxanaya yerləşdirdikdən sonra, xəstənin problemi ilə bağlı bir-iki gün şəhərdə qalası oldum. Arada yaranmış boş vaxtdan istifadə etmək məqsədi ilə fikirləşdim ki, redaksiyaya gedib redaktora təşəkkürümü bildirim. Yağışlı bir havada indiki Mətbuat prospektindəki "Azərbaycan nəşriyyatı"na yollandım. Səkkizinci mərtəbədə yerləşən redaksiyanı tapıb qapını döydüm. İçəridən eşidilən "buyurun" sözündən sonra qapını açıb otağa daxil oldum. Katibənin "Eşidirəm. Sizə nə lazımdır?" sualına "Redaktor otağındadırmı?" cavabını verdim. Katibə yan otağa keçib bir azdan qayıdaraq, "Buyurun" dedi.
Qapını açıb kabinetə daxil oldum. Salam verdim. Stolun arxasında əyləşmiş adamın qəzetin redaktoru Yusif Kərimov olduğunu zənn edərək "Sizə təşəkkür etmək üçün gəlmişəm" dedim. Təbəssüm dolu baxışlarla mənə baxan redaktor bir anlığa fikirləşib dedi.
– Jdanovdansınız? (İndiki Beyləqan).
– Bəli, Jdanovdanam.
– Fazil Vəliyev sizsiniz?
– Bəli, mənəm.
– Yaxın gəlin, əyləşin, – deyən redaktor yaxınlığında olan boş stulu göstərdi.
Göstərilən boş stulda əyləşdim.
– Nə işlə məşğulsunuz?
– Müəllim işləyirəm.
Müəllim, yazınız xoşuma gəldi. Cəsarətli yazı idi. Belə cəsarətli yazını hər qələm adamı risk edib yaza bilməz. Partiyanın kəskin tənqid etmənizdən hiss etmişdim ki, cavan və bir az da sadəlövhsünüz. Bəlkə də yazının sizin başınıza gətirəcəyi ağrını bir az dərindən fikirləşsəydiniz yazmazdınız. Ona görə yazının axırında rayonun adını yazmadım. Bildim ki, başınız ağrıya bilər. Redaksiyanın ixtiyarı var ki, müəyyən şeyləri açıqlamasın.
Rayon Komsomol Komitəsinin birinci katibi Allahverdi Süleymanov redaksiyaya gəlmişdi. Sözsüz ki, onu rayonun birinci katibi göndərmişdi. Allahverdi Süleymanov əlində gətirdiyi qəzeti göstərərək, "Bu yazını yazan Jdanovdandımı?"
– Dedim ki, yox. Nəyə görə elə fikirləşirsiniz ki, müəllif sizin rayondandır?
Allahverdi Süleymanov söylədi ki, bu məsələ bizim rayonun bürosunda olub. Çünki, mən özüm də büro üzvüyəm.
Allahverdi müəllimə söylədim ki, bu cür vəziyyət rayonlarımızın çoxunda adət şəklini alıbdı. Müəllif başqa rayondandır. Allahverdi Süleymanov da inandı.
Müəllim, cavansan. Belə məsələlərə toxunma. Elə məsələlər var ki, onu tənqid etmək olmaz. Xüsusən partiya məsələsini.
Xudahafizləşib ayrılanda Yusif müəllim bir də belə "səhvə" yol vermə, – deyib gülümsündü.
Mən heç kimi qınamıram. Dövrün ab-havası o cür idi. Rayonun rəhbər vəzifəsində işləyən Mürşüd Əzimovun və Allahverdi Süleymanovun Kommunist Partiyasının siyasətini müdafiə etmək vəzifə borcları idi. Mehman Qardaşxanovun xəbərdarlığı və Yusif Kərimovun müdafiəsi olmasaydı yəqin ki, bir neçə il həbsxana həyatı yaşamalı olacaqdım. Yaxşılıq yaxşı şeydi, amma hər adam yaxşılıq etməyi bacarsa.
19.12.2022-ci il
Digər Xəbərlər

“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub - FOTOLAR

Şəlalə Camal: Bu qapı döyülməyəcək

POEZİYAMIZIN VAQİFİ, ƏDƏBİYYATIMIZIN ASLANI

“Qarabağın Tutusu”nun yubiley tədbiri keçirilib - FOTOLAR

Pərviz Yəhyalı yaradıcılığına baxış

Orxan Zakiroğlu Baharlının yeni kitabı: "Qarabağın Veysəlli oymağı -Qayıbovlar"

İRSİYYƏT,AİLƏ,ƏTRAF ALƏM,MƏKTƏB,TƏHSİLİN VƏHDƏTİNDƏ FƏRDİN SOSİALLAŞMASI və ŞƏXSİYYƏT PROBLEMİ
