adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7
11 May 2022 15:42
1193
MÜSAHİBƏ

"Hələ uşaqkən atam mənə "mənim həkim qızım " deyə xitab edirdi..." - MÜSAHİBƏ

Həkimin xoş təbəssümü özü də bir şəfadır...

Sağlamlığın yer üzündə misli –bərabəri olmayan nemət olduğununa əsla şühbə yoxdur. Lakin sağlamlığa malik olmaq hələ hər şey demək deyil. Bu gün də sağlamlıqdan, sağlam təbəssümdən danışacağıq. Mövzu ilə bağlı bu dəfəki müsahibimiz həkim – stomatoloq İlahə Musayevadır.

- Əvvəlcə özünüz barədə oxucularımıza məlumat verməyinizi istərdim.

- Mənim tibbə marağım hələ uşaq yaşlarımdan olub. Daha sonra orta məktəb illərində də bu arzuyla yaşamışam. Beləliklə 2009-cu il məzun olumuşam və Tibb universitetinə hazırlaşarkən yalnız stomatologiya fakültəsini düşünürdüm. Peşəm uşaqlıq arzum olduğu üçün bu gün özümü həm bir vətəndaş kimi həm də bir həkim kimi xoşbəxt hiss edirəm.

– Həkim olmağa nə zaman qərar verdiniz?

- Sizə deyim ki, mənim hələ ibtidai sinifdən ədəbiyyata xüsusi marağım olub. Lakin buna rəğmən həm də ağ xələt, ümumən həkim libası mənim üçün çox cəlbedici görünürdü. Onu da qeyd edim ki, kiçik yaşlardan atam mənə "mənim həkim qızım " deyə xitab edirdi. Zaman keçdikcə bir seçim etməli olduğumu dərk etdim. Həm də atamın arzusunu şəxsi istəyimə qoşub həkimlik sənətini özümə peşə seçdim. Həmçinin ədəbiyyat da əbədi olaraq mənim maraq dünyamdadır.

– Sizcə, diş həkimi olmaq üçün insanda hansı xüsusiyyətlər olmalıdır?

- Belə deyim ki, stomatologiya bəzən əksər insanlar üçün çox qorxulu, ağrılı, müəyyən hallarda sevilməyən bir sahə kimi görünür. Xüsusən diş sağlığı ilə bağlı müraciət edənlər, həkimdən daha çox qayğı, xoşrəftar umurlar. Həkim-stomatoloq pasiyentlə reallaşdıracağı prosedurun rahat və keyfiyyətli keçməsi üçün ilk növbədə işini sevgiylə görməlidir. Eyni zamanda xoşrəftar və ünsiyyətcil olmalıdır. Həkim öncə ona müraciət edən hər bir şəxsə individual yanaşmağı yetərincə yaxşı bacarmalıdır. Əks halda həkim - pasiyent münasibəti heç bir halda uğurlu alınmır. Və əlbəttə ki, həkim dentologiyaya ciddi riyaət etməli, işinin peşəkarı olmaqla bərabər yüksək peşə mədəniyyəti də sərgiləməlidir.

– Son zamanlar xəstələr sizə ən çox hansı şikayətlərlə müraciət edirlər?

- Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, son zamanlar mən damaq, selikli qişanın xroniki xəstəlikləri, diş sıraları və çənə quruluşundakı anomaliyalarla müraciətlər çox olur. Bununla belə həm də əvvəllər müalicə olunmuş dişlərdə təkrar iltahblanma, ikincili kariyes kimi şikayətlərlə müraciətlərlə də çox rastlaşıram. Bundan əlavə bir çox müraciət edən pasiyentlərdə fərdi immun sistemi,maddələr mübadiləsi, autoimmun defisitin fonunda yaranmış paradantoloji xəstəliklər daha sıx rast gəlinən xəstəliklərdir.

- Diş saralmaların qarşısını necə almaq mümkündür? Dişlərdə yaranan ləkələri necə aradan qaldırmaq olar?

- Dişlərin saralmasının bir çox səbəbləri var. Məhz bir faktoru səbəb kimi göstərmək yanlış olar. Bu səbəbləri daxili və xarici səbəblər deyərək iki yerə bölə bilərik. Daxili səbəblərdən genetik faktoru, şəxsin ana bətnində formalaşan zaman ananın keçirdiyi infeksion xəstəlikləri qeyd etmək olar. Kalsi mübadiləsindəki defisitləri də göstərmək olar. Xarici faktorlar dedikdə isə,zərərli vərdişlər, şəxsi gigiyenaya əməl etməmək, tünd çay ,qəhvə içmək, həddən artıq tütün məmulatlarından istifadəni misal çəkmək olar. Bütün arzuolunmayan hallar birbaşa həyat tərzimizdən, qida rasionumuzdan, yuxu rejimimizdən çox aslıdır. Amma bununla bağlı insanın yaşadığı coğrafiyanın da rolu böyükdür. Paralel olaraq şəxsin gigiyenası da vacib məqamdır.

- Adətən şahid oluruq ki, bəzi adamlar dişləri təbii vasitələrlə, məsələn karbonat, duz ilə fırçalanması da dişləri ağardırlar. Bu barədə fikirləriniz maraqlıdır.

- Sualınıza qısa və konkret olaraq belə cavab verim ki, bu cür yanaşma olduqca yanlışdır. Belə üsullarla dişin mina səthini zədələnə bilər. Beləliklə də əlavə diş sağlığı ilə bağlı problemlər yarana bilər.

– Bəzi adamlar diş həkiminə müraciət etməyə cəsarət etmir hardasa onlara qorxu hissi güc gəlir. Belə şəxslərlə necə davranmaq lazımdır?

Əlbəttə ki,fobik pasientlərlə ( qorxusu olan pasiyentlər) işləmək həmişə asan olmur. Buna görə də həkim hər bir şəxsə fərdi yanaşmalı,pasientin psixoloji gərginliyini dəf etmək üçün bütün psixoloji potensialını səfərbər etməli,qarşı tərəfə müsbət enerji ötürməyə çalışmalı, hətta lazım gələrsə həkim öz xəstəsi ilə dostluq etməyi də bacarmalıdır.

- Ümumiyyətlə həkimlik fəaliyyəti dövründə sizin üçün ən çətin bir patologiya nə olub və ya rastlaşdığınız mürəkkəb situasiyalar çoxdurmu?

Deməliyəm ki, cəmiyyət olaraq bəzi hallarda güvən problemlərimiz var. Bəzən bizdən özümüzü təsdiqləmək tələb olunur. Hərdən kobud,qaba pasiyentlərlə sonuna kimi səbrlə işləmək də həmişə mümkün olmur.

- Sonda həkim – stomatoloq olmaq istəyən gənclərə nələri demək istərdiniz?

- İstənilən peşəni seçərkən sevgi, o peşəyə sevgi və daim öz üzərində işləmək mütləqdir. Bu, həmin peşəyə daha çox yiyələnmək, şəxsi hüzur və peşəkarlığın üçün daha çox vacibdir. İlk öncə nəzəri, sonra da praktik inkişaf üçün usanmadan çalışmaq, özgüvənli, çalışqan olmağı tövsiyə edirəm.

- İlahə həkim, müsahibə üçün sizə təşəkkür edirəm və fəaliyyətinizdə uğurlar arzu edirəm.

- Mən də sizə öz minnətdarlığımı bildirirəm. Sağ olun ki, maraqlı müsahibə etdik. Saytınızın da kollektivinə uğurlar arzu edirəm.

 

 

Söhbətləşdi: Bünyamin Bünyadzadə