adalet.az header logo
  • Bakı -°C
14 Oktyabr 2026 09:52
58
GÜNDƏM
A- A+

“Azərbaycan qadınının tarixi inkişaf yolu təhsil, fəallıq və hüquqi bərabərlik uğrunda...”

“İnsanları zorakı, təhdid, qorxu və manipulyasiya ilə yox, düşündürüb düzgün seçim etməsini önəmli hesab edirik. Bu hadisələrin fonunda qısa bir araşdırmanı diqqətinizə çatdırıram. Əlbətdə ki, qərəzlə oxumasanız vəziyyəti düzgün qiymətləndirərsiniz. Uşaqlığın oğurlanması, erkən evlilik, dini-siyasi rejimlər və dünyəvi dövlətin qoruyucu rolu Erkən evlilik, yəni 18 yaşına çatmamış şəxsin qeyri-rəsmi nikaha daxil edilməsi, XXI əsrdə də ən geniş yayılmış insan hüququ pozuntularından biri olaraq qalır”. 

Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 

O, bildirib ki, UNICEF-in 2023-cü il qlobal hesabatına görə, bu gün dünyada yaşayan təxminən 640 milyon qadın və qız uşaq yaşında ərə verilib:

“Hər il 12 milyona yaxın qız 18 yaşından əvvəl nikaha daxil olur. Hazırda 20–24 yaşlı gənc qadınların təxminən beşdən biri uşaq ikən ərə getdiyini bildirir. Bu rəqəmlərin arxasında yarımçıq qalmış təhsil, vaxtından əvvəl ana olmaq, sağlamlıq itkiləri və bəzən həyatın özü dayanır. Problem dünyanın hər yerində eyni dərəcədə yayılmayıb. O, dövlətin hüquq sistemini dini normalara tabe etdiyi, qadının ictimai həyatdakı yerinin məhdudlaşdırıldığı və uşaq hüquqlarının ailə və ya icma qərarına həvalə edildiyi cəmiyyətlərdə xüsusilə dərinləşir”. 

Ekspertin sözlərinə görə, Əfqanıstan, İran və İraq bunun ən bariz nümunələridir:

“Türkiyənin bəzi bölgələrində isə qanuna baxmayaraq qeyri-rəsmi dini nikah təcrübəsi problemi yaşatmaqda davam edir. Əfqanıstanda vəziyyət hələ Taliban hakimiyyətindən əvvəl də ağır idi. 2015-ci il Demoqrafik və Sağlamlıq Sorğusuna görə, 20–24 yaşlı qadınların 28 faizi 18 yaşından, 4 faizi isə 15 yaşından əvvəl ərə verilmişdi. 2021-ci ilin avqustunda Taliban hakimiyyəti ələ keçirdikdən sonra bu göstəriciləri yaxşılaşdıra biləcək bütün mexanizmlər dağıdıldı. Qızların orta və ali təhsil alması qadağan edildi, qadınların əksər peşələrdə çalışması məhdudlaşdırıldı, qadın hüquqları üzrə nazirlik ləğv olundu”. 

Qurum sədri deyib ki, UNICEF-in o vaxtkı icraçı direktoru Henrietta Fore 2021-ci ilin noyabrında açıq bəyanatla xəbərdarlıq etdi ki, iqtisadi çöküş fonunda ailələrin hələ körpə yaşda olan qızlarını gələcək nikah üçün “başlıq” müqabilində verməsi barədə etibarlı məlumatlar daxil olur:

“BMT-nin UN Women təşkilatı da təhsil qadağasının qızlar üçün erkən nikah riskini kəskin artırdığını dəfələrlə qeyd edib. Səbəb sadədir, məktəbdən kənarda qalan qız ailə üçün “iqtisadi yük” kimi görülür və onun ən qısa yolla ərə verilməsi bir növ “çıxış yolu” sayılır. Beləliklə, Əfqanıstan təhsil hüququnun əlindən alınmasının birbaşa erkən nikaha necə yol açdığını göstərən acı nümunəyə çevrilib. İranda erkən nikah dövlətin qanunvericiliyi səviyyəsində tənzimlənir və bu, onu xüsusilə narahatedici edir. İran Mülki Məcəlləsinin 1041-ci maddəsinə əsasən qızlar üçün nikah yaşı 13, oğlanlar üçün 15-dir. Lakin atanın və ya ata tərəfdən babanın razılığı və məhkəmənin icazəsi ilə bu yaşdan da aşağı nikah mümkündür. Bu o deməkdir ki, qanun nəzəri olaraq 9–12 yaşlı qızın ərə verilməsinə qapını açıq saxlayır. İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin açıqladığı rəsmi məlumatlara görə, son illərdə hər il on minlərlə 10–14 yaşlı qızın nikahı qeydə alınır. Bəzi illərdə bu rəqəm 30 mini keçib, statistikada hətta 10 yaşdan kiçik qızların nikahları da əks olunub. Qeydiyyatdan keçməyən dini nikahlar nəzərə alındıqda, real rəqəmin daha yüksək olduğu ehtimal edilir. İran parlamentində qızlar üçün minimum nikah yaşını 16-ya qaldırmaq barədə qanun layihəsi 2018–2019-cu illərdə müzakirəyə çıxarılsa da, dini əsaslandırmalarla rədd edildi. Bu fakt hüquq sistemi dini təfsirə tabe edilən dövlətdə uşağın müdafiəsinin necə ikinci plana keçdiyini aydın şəkildə göstərir”.

M.Zeynalova bildirib ki, İraqda 1959-cu ildə qəbul edilmiş 188 saylı Şəxsi Status Qanunu uzun müddət regionun nisbətən mütərəqqi qanunlarından sayılırdı:

“Bu qanun nikah yaşını 18 müəyyən edir, yalnız məhkəmə icazəsi ilə 15 yaşa qədər endirilməsinə yol verirdi. Buna baxmayaraq, real vəziyyət qanundan geri qalırdı. UNICEF-in 2018-ci il sorğusuna görə, İraqda 20–24 yaşlı qadınların təxminən 28 faizi 18 yaşından, 7 faizi isə 15 yaşından əvvəl ərə verilib. Məhkəmədən kənar, yalnız din xadimi tərəfindən kəsilən nikahlar geniş yayılıb. Bu nikahlar qeydiyyatsız qaldığı üçün qadın və uşaqlar miras, aliment və vətəndaşlıq sənədləri baxımından hüquqi müdafiəsiz qalırlar. 2025-ci ilin yanvarında İraq parlamenti Şəxsi Status Qanununa dəyişiklik qəbul etdi. Bu dəyişiklik vətəndaşlara ailə məsələlərində dini məzhəb qaydalarını seçmək imkanı verir. İraq qadın təşkilatları xəbərdarlıq etdilər ki, bəzi təfsirlərinin tətbiqi qızların 9 yaşında nikaha daxil edilməsinə hüquqi zəmin yarada bilər. Beləliklə, İraq dünyəvi ailə hüququndan dini hüquqa qayıdışın uşaq hüquqları üçün nə qədər təhlükəli olduğunu nümayiş etdirən yeni nümunəyə çevrilib”.

Ekspertin sözlərinə görə, Türkiyədə vəziyyət fərqlidir, çünki burada problem qanunun özündə deyil, qanunun tətbiq olunmadığı sosial mühitdədir:

“Türkiyə Mülki Məcəlləsinə görə nikah yaşı 17, məhkəmə qərarı ilə isə 16-dır. Lakin 2018-ci il Türkiyə Əhali və Sağlamlıq Sorğusunun nəticələrinə əsasən, 20–24 yaşlı qadınların təxminən 15 faizi 18 yaşından əvvəl ərə verilib. Bu göstərici Şərqi və Cənub-Şərqi Anadolunun bəzi vilayətlərində ölkə ortalamasından xeyli yüksəkdir. Qeydiyyatdan keçməyən “imam nikahı” ilə yaşı çatmayan qızların ailə həyatına cəlb edilməsi bu bölgələrdə hələ də rast gəlinən haldır. 2020-ci ildə ictimaiyyətə çıxan Hiranur Vəqfi işi problemin təhlükəli tərəfini açıq göstərdi. Həmin işdə dini cəmiyyətlə bağlı bir atanın öz qızını cəmi 6 yaşında olarkən dini nikahla ərə verdiyi üzə çıxdı. Bundan başqa, 2016 və 2020-ci illərdə yaşı çatmayan qızla cinsi münasibətə görə məhkum edilmiş şəxslərin qurbanla evlənəcəyi təqdirdə cəzadan azad edilməsini nəzərdə tutan qanun layihələri gündəmə gətirildi. Hər iki təşəbbüs geniş ictimai etirazlardan sonra geri çəkildi. Türkiyə nümunəsi göstərir ki, dünyəvi qanunvericilik vacib şərtdir”. 

Onun fikrincə erkən nikahın qız uşaqlarına təsirləri elmi ədəbiyyatda ətraflı sübut edilib:

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 15–19 yaşlı qızlar arasında ölümün aparıcı səbəblərindən biri hamiləlik və doğuşla bağlı ağırlaşmalardır. Bədəni hələ tam formalaşmamış qızlarda uzanan doğuş, doğuş travmaları və mamalıq fistulası riski kəskin artır. Kidman (2017) “International Journal of Epidemiology” jurnalında 34 ölkənin məlumatları əsasında göstərib ki, uşaq yaşında ərə verilmiş qadınların həyat yoldaşı tərəfindən fiziki və cinsi zorakılığa məruz qalma ehtimalı yetkin yaşda evlənənlərdən əhəmiyyətli dərəcədə yüksəkdir. Psixi sağlamlıq sahəsində də nəticələr eyni dərəcədə ağırdır. Tədqiqatlarda uşaq yaşında evlənmiş qızların depressiya, narahatlıq pozuntuları və digər psixiatrik xəstəliklərin daha geniş yayıldığını müəyyən ediblər.Erkən nikahın cəmiyyətə vurduğu ziyan da az deyil. Dünya Bankı və Beynəlxalq Qadın Tədqiqatları Mərkəzinin birgə hazırladığı “Erkən nikahın iqtisadi təsirləri” adlı qlobal hesabatda göstərilir ki, erkən nikah qızların təhsildən ayrılmasının əsas səbəblərindən biridir. Erkən evlənən qadınların uşaqları da daha çox risk altında olur. Onlarda aşağı doğum çəkisi, körpə ölümü və boy geriliyi daha tez-tez müşahidə edilir. Bu baxımdan erkən nikah təkcə ailədaxili məsələ deyil, birbaşa milli inkişafa vurulan zərbədir.Bu fonda Azərbaycan Respublikasının seçdiyi yol xüsusi qeyd olunmalıdır. Azərbaycan Konstitusiyasının 7-ci maddəsi dövləti demokratik, hüquqi və dünyəvi respublika kimi müəyyən edir. 18-ci maddə isə dinin dövlətdən ayrı olduğunu təsbit edir. Bu konstitusiya prinsipi ailə hüququnun dini təfsirlərə deyil, vahid dünyəvi qanunvericiliyə əsaslanmasını təmin edir. Ölkəmiz 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 1995-ci ildə isə Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulub. 2011-ci ildə Ailə Məcəlləsinin 10-cu maddəsinə edilən dəyişikliklə qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırıldı və kişi ilə qadın üçün vahid 18 yaş həddi müəyyən edildi. Qanun bu yaşın yalnız üzrlü səbəblər olduqda və ən çoxu bir il azaldılmasına icazə verir. Elə həmin il Cinayət Məcəlləsinə 176-1-ci maddə əlavə edildi və qadını nikaha daxil olmağa məcbur etmək cinayət əməli kimi tanındı. Cinayət Məcəlləsinin 152-ci maddəsi isə on altı yaşına çatmamış şəxslə cinsi əlaqəyə görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu tədbirlər dövlətin uşaq nikahına qarşı aydın mövqe tutduğunu göstərir. Azərbaycan regionda qanunvericilik səviyyəsində erkən evliliyi açıq şəkildə qadağan edən, onu dini və ya məzhəb təfsirlərinə buraxmayan ölkələrdəndir. Əlbəttə, rəsmi qeydiyyatdan kənar dini nikahlar və bəzi bölgələrdə hələ də mövcud olan sosial stereotiplər problemin tam aradan qalxmadığını göstərir. Lakin hüquqi baza aydındır və onun ardıcıl tətbiqi, maarifləndirmə ilə gücləndirilməsi bu problemin həllinin ən etibarlı yoludur.Müqayisə göz qabağındadır. Əfqanıstanda, İranda və getdikcə daha çox İraqda dövlət ailə hüququnu dini təsirlərə tabe etdiyi üçün 9–13 yaşlı qızların nikahı ya qanunla icazəli, ya da qanunun gözü qarşısında cəzasız qalır. Azərbaycanda isə dünyəvi dövlət modeli uşağı ailə başçısının və ya din xadiminin qərarından üstün tutur və onu qanunla qoruyur. Bu, dünyəvi dövlətin dinə qarşı olması demək deyil. Dünyəvi dövlət hər vətəndaşın vicdan azadlığına hörmət edir, lakin heç bir dini təsirin uşağın hüquqlarından üstün tutulmasına yol vermir. Məhz bu səbəbdən vətəndaş cəmiyyəti olaraq qadının geyiminin, təhsilinin və ailə həyatının dövlət və ya dini qurumlar tərəfindən məcburi qaydada tənzimlənməsinə qarşı ayıq olmağı vacib sayırıq. Əfqanıstanda və İranda hicabın dövlət tərəfindən məcburi edilməsi təsadüfi deyil. Bu, qadının bədəninə, hərəkətinə və seçiminə dövlət nəzarəti sisteminin bir hissəsidir. Həmin sistem qızların təhsildən uzaqlaşdırılması və erkən yaşda ərə verilməsi ilə yan-yana addımlayır. İranda 2022-ci ildə məcburi hicab qaydaları ilə bağlı saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar, Əfqanıstanda isə qadınların üzlərini tam örtməsini tələb edən fərmanlar bu nəzarətin necə sərtləşdiyini göstərir. Biz hər bir qadının öz inancına uyğun geyinmək hüququna hörmət edirik. Lakin uşaq yaşında olan qızlara hicabın və ya digər dini normaların təzyiqlə qəbul etdirilməsini, qadının ictimai həyatdan təcrid edilməsinə xidmət edən ideoloji təbliğatı dünyəvi cəmiyyətimiz üçün təhlükə hesab edirik. Çünki tarix və statistika göstərir ki, qadının seçim azadlığının bir sahədə məhdudlaşdırılması tezliklə digər sahələrə də yayılır. Əvvəl geyim, sonra təhsil, daha sonra isə nikah yaşı və həyat yolu başqaları tərəfindən müəyyən edilir. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq biz qızların 9–12 yaşında ərə verildiyi, məktəbdən uzaqlaşdırıldığı və iradəsi əlindən alındığı Əfqanıstan, İran və İraq kimi cəmiyyətlərə doğru gedən heç bir yolu qəbul etmirik”.

M.Zeynalova deyib ki, Azərbaycan qadınının tarixi inkişaf yolu təhsil, maarifçilik, ictimai fəallıq və hüquqi bərabərlik uğrunda mübarizə ilə bağlıdır:

“Bu nailiyyətlərin qorunması təkcə qadınların deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Dünyəvi dövlətçilik bizim üçün yalnız konstitusion norma deyil, həm də qadının şəxsiyyət kimi tanınmasının, uşağın hüquqlarının qorunmasının və gələcək nəsillərin azad inkişafının mühüm təminatıdır. Biz qız uşaqlarının 9–12 yaşlarında ailə qurmağa təşviq edildiyi, təhsil əvəzinə erkən analığa yönləndirildiyi, qadının hüquqlarının dini və ya patriarxal normalara tabe etdirildiyi cəmiyyətdə yaşamaq istəmirik. Biz qadının geyiminə görə deyil, hüquqlarına, təhsilinə, intellektinə, şəxsiyyətinə və cəmiyyətə verdiyi töhfəyə görə qiymətləndirildiyi Azərbaycanı müdafiə edirik. Azərbaycanın dünyəvi dövlət modeli, qadın hüquqlarına əsaslanan qanunvericiliyi və erkən evliliyəqarşı qəbul etdiyi qanunlar bizim ortaq dəyərimizdir. Bu dəyəri qorumaq, maarifləndirmə ilə gücləndirmək və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur”.

Vasif ƏLİHÜSEYN