06 Iyun 2024 09:48
1685
ƏDƏBİYYAT

Göylərə can atan qovaq ömrü - Məti Osmanoğlu yazır

Bəzən zamanın üstümüzdən yel kimi keçdiyindən, vaxtın bizi qabağına qatıb qovduğundan, ömrün qaçhaqaçından, etibarsızlığından şikayətlənirik. Keçmişdə qalan xatirələrin əksəriyyətini özümüzdən çox-çox uzaqlarda, zamanın qatı dumanı içində görürük. Gözdən itirdiklərimiz, görə bilmədiklərimiz də olur... 

Ömrün elə anları, elə məqamları da var ki, aradan nə qədər zaman keçsə belə, o anlarla, o anların içindəki insanlarla aramızdakı məsafə heç dəyişmir. O anlarda gördüklərimiz, yaşadıqlarımız, o anların xatirələri rəngini, ətrini heç vaxt itirmir.  

Zamanın üstündən qanrılıb geri baxanda yerini və görünüşünü dəyişməyən ömür dayanacaqlarından biri də tələbəliyin ilk günüdür. 

O vaxt əksəriyyətimizin on yeddi yaşı yenicə tamam olmuşdu. Universitetin filologiya fakültəsində ilk dərsimiz olacaqdı. Zəng vurulmuşdu. Gözümüz qapıda idi. Həyəcanla desəm, yalan olar, böyük maraqla bizə ilk dərsi deyəcək müəllimi gözləyirdik. Qapıdan otuz yaşı haqlamış, səliqə ilə geyinmiş cavan bir oğlan girdi. Əsl müəllim görkəmi olan cavan oğlanın şərəfinə əsgəri intizamla və ehtiramla ayağa durduq. O da gülə-gülə “əyləşin!” deyib təmkinlə arxa oturacağa keçdi. Məlum oldu ki, tələbə yoldaşımızdır. Onun soyadını, adını fakültəmizin dekanı, professor Əkbər Ağayev jurnalda “hazır-qaib” eləyəndə öyrəndik: “İbadov Kamal”... 

Bu hadisə 1975-ci il sentyabrın 1-də olub. İndi o gündən az qala yarım əsr keçir. Ancaq Kamal ilk dərsdən bu günə qədər, tələbəlik illərində də, tələbəlikdən sonra da dost və qardaş gözündə gördüyüm, ünsiyyəti davam etdirdiyim insanlardan biri oldu və olaraq qalır. 

Tələbə vaxtı mən ona “Kamal dayı” deyirdim. O da məni səmimiyyətlə “bacıoğluluğa” qəbul eləmişdi... 

Tələbə yoldaşlarımızdan Rasim, Xəlil və Kamal universitetdə bizimlə oxuyanda kifayət qədər həyat təcrübələri vardı və düzünü desəm, onları o yaşda universitet təhsili almağa sövq eləyən bədii ədəbiyyatın, şeirin tilsimli cazibəsi idi. O vaxtın insanlarında ədəbiyyata fanatik bir maraq və sevgi vardı. Təcrübəli tələbə yoldaşlarımızın üçü də şeir yazırdı və onlar universitetə böyük xəyallarla gəlmişdilər...

Rəhmətlik Rasim şairliyin daşını tez atdı - ən azından, tələbkar və hər şeiri bəyənməyən filoloq tələbələrə şeir oxumaq həvəsindən tez düşdü. Hərdən ilhama qapılanda bədahətən qafiyə deməyindən isə qalmadı. 

Xəlil bədii yaradıcılığını davam etdirir. Bir müddət Gürcüstanda rayon qəzetində işlədi. İndi Rusiyada yaşasa da, Bakıda ona yaxın kitab nəşr etdirib. Həmin kitablardan birinin ön sözünü də mən yazmışam. 

Kamalın şeir və nəsr əsərləri yazdığından isə tələbə yoldaşlarımızın çoxunun xəbəri olmadı. Hərdən yazdıqlarını yaxın bildiyi adamlara oxuyurdu, heç kəslə də mübahisə eləmirdi... 

Kamal ilə tələbəlikdən sonrakı ilk görüşümüz “Ulduz” jurnalının redaksiyasında oldu. Mən onda jurnalda ədəbi işçi vəzifəsini “icra edirdim”. Ata adını özünə təxəllüs götürən Kamal jurnalın redaksiyasına “Sürəkçi” adında bir hekayə təqdim eləmiş, yazı bəyənilmişdi. Jurnalda Kamalın hekayəsi və şeirləri çap olundu. O vaxta qədər də Kamalın mətbuatda ara-sıra bədii yazıları nəşr edilmişdi və əslində, bunlar onun üçün gecikmiş başlanğıc idi. Kamal oğlu Raufa həsr elədiyi (o biri oğluna – Rəşada da eyni məzmunda şeir həsr eləyib) “İlk addım” şeirində başlanğıcın insan həyatı üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayır:

Bizimçün açılmaz sirr idi hələ,
İlk addım tanıtdı bizə göyləri.
Titrəyən, büdrəyən ilk addım ilə
Sındırdıq, dağıtdıq çox tilsimləri...
 

Kamal o vaxtın hərəkətli və mürəkkəb ədəbi mühitində öz imzasını təsdiq etmək, səsini eşitdirmək üçün də tilsimləri sındırmalı – bir çox maneələri keçməli, lay divarları aşmalı idi. Düşünürəm ki, onun qarşısındakı ən qalın divar öz xarakteri, təvazökarlığı oldu. Xarakterindəki keyfiyyətlər, təvazökarlıq Kamala ilk addımdan tanıdığı sonsuz göylərə can atan, ucala-ucala qocalan köklü qovaq ömrü yaşamaq qismətini verdi... 

Göylərə can atan bu cavan qovaq
Ucalmaq eşqilə ucalır elə.
Gördükcə göylərin sonsuzluğunu
Ucala-ucala qocalır elə...

Bu misralarda yaratdığı metafora Kamalın həm insan, həm də şair, nasir və publisist kimliyini, yaradıcı şəxsiyyətini dəqiq ifadə edir. O, bədii yaradıcılıq yolunun başlanğıcında olarkən, ilk addımını atarkən başının üstündəki göylərin sonsuzluğundan yaxşı xəbərdar idi, bədii söz tarixinin kökünün dərində hansı laylara işlədiyini, budaqlarının haraya yüksəldiyini bilirdi. Üzünü sonsuzluğa tutan cavan oğlanın gözündə “Nizamilə dahiləşən, Füzulilə dühalaşan, Nəsimi əqidəsilə Allahlaşan Vətən” sözümüzün, mədəniyyətimizin tarixini yaradan şəxsiyyətlərin çiynində ucalmaqda idi. Kökü dərinə işləyən qovaq məhz bu ucalığı fəth etməyin eşqində idi...
Ancaq həyatın, gerçəkliyin hesab-kitabı könlü şeirlə dolu şairin hesabları ilə düz gəlmədi. Kamal Alışoğlu ilk şeirlər kitabını 2010-cu ildə, 61 yaşında nəşr etdirdi. “Sən adlı ünvan” kitabına xəsisliklə yazdığı yığcam ön sözdə, dəqiq desəm, “Ön söz əvəzi”ndə Kamalın şair taleyinin cizgiləri aydın əks olunub...

Mən kitabdakı şeirləri oxuyarkən iki məqama fərqli nəzər yetirməyə çalışdım:

-Qarabağ müharibəsi mövzusunun Kamalın şeirlərində necə əks olunması; 

-tələbəlik illərində və müharibədən əvvəl qələmə alınmış şeirlərin poetik dünyası.

Kamalın şeirlərində Qarabağ müharibəsi mövzusunun necə əks olunması mənim üçün həm də ona görə ciddi əhəmiyyət daşıyır ki, o, Qarabağda – Cəbrayıl rayonunda,

Tumas dağının ətəyində doğulub-böyüyüb. 

Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işğal edilmiş Dağ Tumas kəndinə otuz ilə yaxın gediş-gəliş olmadı, kənd düşmən girovluğunda qaldı. Publisistik yazılarında, qəzet məqalələrində (Kamal uzun müddət “Respublika” qəzetində məsul vəzifədə çalışıb) Qarabağ problemini, xüsusilə doğma yurdundan, isti yuvasından didərgin düşən, yeni şəraitə uyğunlaşmağa çətinlik çəkən insanların qarşılaşdıqları faciəvi reallıqları vətəndaş yanğısı ilə qələmə alan, qaçqın düşərgələrindən təsirli reportajlar hazırlayan Kamalın kitabında birbaşa Qarabağ müharibəsindən, torpaqlarımızın işğal altında olmasından, insanların didərgin həyatından bəhs eləyən şeir “yoxdur” deyə biləcəyimiz qədər azdır. “Şəhidlərə”, “Bir gecə Şuşada”, “Abas, hey” kimi şeirlərin əhəmiyyətini azaltmadan, Kamalın Qarabağ mövzusuna təmkinlə yanaşmasında bir neçə səbəb görürəm. Birinci səbəb, məncə, Kamalın hər şeyə gözəllik, kamillik ölçüləri ilə baxan şair təbiətinin məğlubiyyətlə barışmamağıdır. Kamalın içindəki şair məğlubiyyəti qəbul və etiraf etmədi. Yəqin buna görə də o, doğma torpaqların işğal mənzərələrini, didərginlik ruhunu ifadə edən şeirlər yazmaq istəmədi. 
Kamal hələ “dünyanın düz vaxtında” öz kəndinin düçar olduğu ictimai ağrıları ürəyində və düşüncələrində daşıyırdı. Onun müharibədən əvvəl qələmə aldığı “O yerlərə gedəndə” şeiri yaxın tariximizdəki ziddiyyətlərin şair düşüncəsindəki əks-sədası kimi maraq doğurur. Bu şeirdə o vaxt gənc olan Kamalın yurd xiffətindən daha çox vətəndaş narahatlığını görmək mümkündür. Burada həm də müharibədən əvvəl yaranan ədəbiyyatın poetik iqliminə düşürürk, həmin iqlimlə Kamalın şeirlərinin təmasını görürük. Xüsusən dağ kəndlərimizdə yaşayan insanların həyatına laqeydlik kəndlərimizin boşalmasına, yurdlarımızın kimsəsizləşməsinə səbəb olurdu və o vaxt ədəbiyyat bu mövzuya həssaslıq göstərirdi:    

Cavanlar quş qanadlı – uçublar şəhərlərə
Boş yuvaya dönübdü haylı-küylü bu dərə.
Hardasan sonam mənim, gözəllik dünyam mənim?
A qayğılı bu günüm, a qayğısız dünənim,
Sən gilas çiçəyiydin, şaxtaya, qara düşdün..
.

Sonradan “şaxtaya düşən gilas çiçəyinin” ağrısının üstünə evləri və taleləri tarmar edən müharibə dəhşəti gəldi. Tarix kimi insan ömürləri də parçalandı. Müharibə vaxtı, həmçinin təxminən 30 il sürən “atəşkəs” dövründə Kamalın gördüyü müdhiş insan mənzərələri, mühairbənin əlində pələsəng olmuş talelər onu dərindən sarsıtmaya bilməzdi. O, birbaşa müharibəni, müharibədəki ölüm-itimləri, məhrumiyyətləri şeirin mövzusuna çevirməsə də, şeirə və dünyaya müharibənin içindən keçən və yurdun ağrılarını içində daşıyan insanın sarsıntılı nəzərləri ilə baxdı. Hətta başqa mövzuda yazdığı əsərlərdə belə, bu sarsıntını, yanğını, daxili təlatümü görməmək mümkün deyil:  

Min fikir içimdә yeyir qәlbimi, 
qaranlıq pәrdәlәr keçir gözümdәn. 
Hәrdәn hiss etmirәm özüm mәnәmmi, 
Hәrdәn dә qaçıram özüm özümdәn.

Tarixin və taleyin sınaqları nə qədər ağır, nə qədər zalım olsa belə, Kamalın şeirlərində gizli bir qüvvə onu dünyanın əyilən arşını ilə tarazlıq yaratmağa sövq eləyir,  ümidlərdən qopmağa, zamanın selində axıb getməyə qoymur. Onu həyata və dünyaya bağlayan təsəlliləridir. “Təsəlli” şeiri Kamalın özü ilə söhbətidir və həm yaradıcılığını, həm də insan kimi kimliyini səciyyələndirmək baxımından mənalıdır. 

Ümidim doğranıb dırnağım boyda, 
Odlu nəfəsimdən çıxmayıb ahım.
Əllərim çənəmdə nə qədər dözüm,
Təsəlli Allahım, ümid Allahım... 

On il bundan əvvəl şair dostumuz Əbülfət Mədətoğlu Kamalın 65-illik yubileyi münasibətilə səmimi bir məqalə yazmışdı. Həmin yazıdakı son cümlələri xatırlatmaq istəyirəm: “Mən sadəcə, bu söhbətin sonunda Kamal Alışoğlunu bir daha təbrik edir, ona cansağlığı, yaradıcılıq uğurları və bir də doğma torpaqlara dönmək üçün daha dözümlü olmaq, daha ümidli olmaq diləyimi çatdırıram”.

Bu diləyin on yaşı, sənin də 75 yaşın tamam oldu, Kamal dayı! Uca Tanrımıza şükürlər olsun ki, torpaqlarını düşmən işğal etmiş məğlub ölkə adı üstümüzdən götürülüb. İndi işğaldan azad edilmiş Qarabağ yeni həyatını, yeni həyatın sevincli və qayğılı günlərini yaşayır. Yaxın vaxtda səninlə Araz yaxasına getməyi, oradan Tumas dağına qalxmağı dilək eləyirəm. Tumas dağının qənşərində ayaq saxlayıb, bu şeirini oxuyarsan:  

Baxıb bu dağlara dağa dönmüşəm,
Arzular qəlbimdə aşıb-daşıbdır.
Əsrin təhlükəsi yadımdan çıxıb,
Dünya gözlərimdə yaşıllaşıbdır..
.