adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 Dekabr 2021 13:59
378
SİYASƏT

Gizlinlər açıldıqca...

Son günlər bir sıra qalmaqallı açıqlamalarıyla gündəmə gələn Ermənistan parlamentinin sədri Alen Simonyan son olaraq Rusiyanın bostanına daş atıb. Bu günlərdə Moskvada jurnalistlərlə keçirdiyi görüşdə məşhur “Lavrov planı”ndan söz açan spiker “Qarabağın təhvil verilməsi”ndə Rusiyanı günahlandırıb. Rusiya XİN-in onun bu ittihamına cavabı gecikməyib.  

 

Rusiya xarici işlər nazirliyindən jurnalistlərə bildirilib ki, Simonyan  jurnalistlərlə görüşündə “Lavrov planı”nı xatırladaraq Qarabağın təslim edilməsini Rusiyayla bağlayıb. Həmin söhbətdə “erməni cəmiyyətinin rəyi”nə  istinad edən spiker deyib: “Əgər Ermənistanda kimsə nəyisə təhvil vermək istəsəydi, bundan ötrü “Lavrov planı” qarışıq bir neçə variant var idi”.

 

“Reallıqdan uzaq, yalnız təxəyyülün məhsulu olan bir şeyi şərh eləmək çox çətindi. Belə xəyali reallıqdan biri də “Lavrov planı”na aiddi”- deyə nazirlikdən bildiriblər.

 

XİN-rəsmisi xatırladıb ki, “Lavrov planı”nda Qarabağın “təhvili”ndən yox, problemin mərhələli həllindən söhbət gedirdi. Nizamlama planının son redaksiyasınısa ATƏT-in Minsk qrupu tərəflərə 2019-cu ilin iyununda vermişdi. Həmin planda birinci mərhələdə Azərbaycana beş rayonun qaytarılması nəzərdə tutulur, ikinci mərhələdəsə Dağlıq Qarabağın statusuyla əlaqəli halda daha iki rayonun qaytarılmasından söhbət gedirdi.

 

“Planda əksini tapan digər məqamlar isə Dağlıq Qarabağ əhalisinin tam həyati fəaliyyətlərinin təmin edilməsi hüququ, Dağlıq Qarabağın nümayəndəsinin ATƏT-in iclaslarında iştirakını, mühasirənin götürülməsi, sərhədlərin açılmasını, tərəflərin güc tətbiq etməməklə bağlı öhdəlik götürməsini, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını nəzərə alaraq Laçın dəhlizinin eni məsələsinin həll edilməsini əhatə edirdi”- deyə nazirlikdən bildirilib.

 

“Dağlıq Qarabağın statusuna gəlincə 2020-ci ilin payızına kimi danışıqlar masası üstündə aşağıdakı təkliflər olub: BMT və ya ATƏT-in eqidası altında tərəflər arasında razılaşdırılmış tarixdə əhalinin azad iradəsini ifadə edən və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq məcburi hüquqi xarakter daşıyan ümumxalaq səsverməsi yoluyla DQ-nin statusunun müəyyənləşdirilməsi”.

 

“Bu zaman səsverməyə çıxarılan sual və suallar məhdudlaşdırılmayacaq, tərəflər səsvermənin istənilən nəticəsinə hörmətlə yanaşacaq”.

 

“Bu təkliflər ətrafında tam razılıq əldə olunmasa da hər halda nə Ermənistan, nə də Azərbaycan tərəfindən rədd edilməmişdi.” – deyə nazirlik rəsmisi bildirib.

 

“Faktlar göz qabağındadı: çoxsaylı dinc nizamlanma imkanları əldən verilib, özü də Rusiya Federasiyasının günahı ucbatından yox”.

 

“Həmsədrlərin bu təklifləri bir daha indiki vəziyyətlə müqayisə edin və nəticə çıxardın” – deyə XİN rəsmisi Ermənistana çağırış edib. 

 

Açıqlamada daha sonra deyilir: “Rusiya XİN hətta razı olmadığı məsələlərdə də digər ölkələrin ictimai rəyinə hörmətlə yanaşıb. Bu prinsip Ermənistan kimi dost və müttəfiq ölkələrə münasibətdə ikiqat keşərlidi”.

 

Bəzi erməni siyasətçilərinin Rusiyanın ona məxsus olmayan Dağlıq Qarabağı “təhvil verməsi” ilə bağlı absurd “fikirləri” nəinki təkzib etməməsi, əksinə həmin əsassız mühakimələrlə həmrəy olmaları dərin təəssüf hissi doğurur” – nazirliyin açıqlamasında deyilir.

 

“Rusiya Federasiyasının bütün, xüsusilə 44 günlük müharibənin dayandırılması, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının imzalanması və reallaşdırılması yolundakı səyləri öz-özlüyündə çox şey deyir. Rusiya ermənilərlə azərbaycanlılar arasındakı  münasibətlərin qaydaya salınması, Cənubi Qafqazda sülhü, sabitliyi və inkişafı təmin etməyə hər cür köməklik göstərməykdə maraqlıdı”. – deyə açıqlamanın sonunda bildirilir.

 

P.S. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupunun vasitəçiliyi ilə on illər boyu gedən danışıqların bəzi detalları mətbuata sızsa da təfərrüatlar ictimaiyyətdən gizli saxlanılıb. Artıq mövzunun məxfiliyi əhəmiyyətini itirdiyinə görə onun bütün detalları zaman-zaman mətbuat səhifələrinə yol tapır. Rusiya XİN-in yuxarıdakı açıqlaması da bu qəbildəndi. İndi məlum olur ki, uzun illər bağlı qapılar arxasında Azərbaycana qarşı hansı tələlər ququlubmuş. Və bu gerçəklər üzə çıxdıqca, gizlinlər açıldıqca 44 günlük müharibədəki qələbəmizin də əhəmiyyəti  gözümüzdə birə on qat böyüyür.

 

ADALET.AZ