adalet.az header logo
  • Bakı -°C
21 May 2026 12:28
75
GÜNDƏM
A- A+

“Getdikcə daha çox ailəyə qadın başçılıq edir”

“Tikinti sektoru iş yerlərinin yaradılması baxımından ən çox multiplikativ təsirə malik sahələrdən biridir, həm ixtisaslı, həm ixtisassız işçi qüvvəsi, həm sənətkarlar, həm də material təchizatı daxil olmaqla geniş imkanlar yaradır”.

Adalet.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Mənzil böhrandan sonrakı bərpa və yenidənqurmanın əsası kimi” mövzusunda keçirilən sesiyada Münaqişə və Humanitar Araşdırmalar Mərkəzinin qurucu direktoru, Doha Ali Tədqiqatlar İnstitutunun professoru Sultan Barakat deyib.

O bildirib ki, bu sahə cəmiyyətin daha sürətli inkişafına təkan verir:

“Lakin burada əvvəl də qeyd olunduğu kimi, əsas çətinliklərdən biri resursların birbaşa insanlara və icmalara yönəldilməsi məsələsidir. Bu yanaşma 1980-ci illərdə Marqaret Tetçerin dövründə də müzakirə olunan məsələlərdən biri olmuşdu.

Təəssüf ki, bu gün də bir çox hökumətlər mənzil təminatını həyata keçirməyi siyasi baxımdan həssas mövzu kimi görürlər.

Mən hesab edirəm ki, bu yanaşmaya yenidən baxmaq lazımdır. Bu yalnız hüquq məsələsi olduğu üçün deyil , hüquqlar gündəliyi özlüyündə çox güclü və vacibdir. Lakin hazırkı qlobal kontekstdə hüquqlar bir çox hallarda ikinci plana keçib.

Son illərdə dünyada baş verən proseslər göstərir ki, mövcud sistemlər bir çox sahədə zəifləyib və yenidən düşünülməyə ehtiyac var.

Beynəlxalq səviyyədə tanınan mexanizmlərdən biri kimi mənzil bankı modelini qeyd etmək olar. Bu yanaşma insanlara dəstək göstərmək üçün müxtəlif imkanlar yaradır, eyni zamanda xeyriyyə təşkilatlarına da iştirak etmək üçün platforma təqdim edir”.

O qeyd edib ki, dini ianə və vəqf institutları da bu prosesə töhfə verə bilər: “Xüsusilə müsəlman ölkələrində zəkat və vəqf vəsaitləri mənzil investisiyalarının davamlılığını təmin etmək üçün mühüm resurs kimi çıxış edə bilər. Bu mexanizmlər vasitəsilə müxtəlif tərəflərin prosesə cəlb olunması mümkündür”.

Professor hesab edir ki, digər vacib məqam isə münaqişə şəraitində qadınların roludur: “Getdikcə daha çox ailəyə qadın başçılıq edir və onlar ciddi sosial və iqtisadi təzyiqlərlə üzləşirlər. Bu səbəbdən qadınların mənzil mülkiyyət hüququna malik olması və ev sənədlərinə sahib çıxması xüsusi əhəmiyyət daşıyır.

Məncə düşüncə tərzində bir dönüşə ehtiyac var. Bizim kontekstdə və regionda münaqişənin içində formalaşmış, daha çox kişilər tərəfindən idarə olunan bəzi ənənəvi strukturlardan uzaqlaşıb, ailənin mərkəzində uşaqları qoruyan qadınların rolunu daha güclü şəkildə nəzərə almalıyıq.

Məsələyə ailə vahidi kimi yanaşdıqda, UNICEF-in verdiyi töhfə, BMT Qaçqınlar üzrə Ali Komissarlığının fəaliyyəti, Dünya Ərzaq Proqramının dəstəyi - hamısı bir-birini tamamlayan vacib elementlərə çevrilir.

Sektorlararası düşüncə tərzindən çıxmaq və “silos” yanaşmasını aradan qaldırmaq gələcəyə aparan əsas yoldur. Mən son illərdə Habitat-ın bərpa proseslərində mənzili mərkəzə gətirməsini də müsbət qiymətləndirirəm. Uzun illər bu mövzu kənarda qalmışdı, lakin indi yenidən mərkəzi yerə qayıdır”.