30 May 2025 11:26
244
İQTİSADİYYAT

Fuad Nəcəfli: Naxçıvanda yerli gəlirlər artıb

Naxçıvanda 2022-ci ildə yerli gəlirlər büdcənin 31,78 faizini təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58,55 faizə yüksəlib.

Adalet.az xəbər verir ki, bunu Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı - "MEDİAFEST-2025"də çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, 2022-ci ilin icra göstəricilərinə nisbətən dotasiya istisna olmaqla büdcə daxilolmaları 2024-cü ildə 32 faiz artıb ki, bu da 198 milyon manata qarşı 262 milyon manat olub:

"Azərbaycan Respublikasının dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiya da mərhələli şəkildə azaldılıb. 2022-ci ilin göstəricilərinə nisbətən mərkəzi büdcədən ayrılmış dotasiyanın həcmi 425 milyon manatdan 185 milyon manata enib. Bu, 56 faiz azalma deməkdir. O cümlədən 107 milyon manat mərkəzi büdcəyə ötürülüb. Bununla da, cəmi iki il ərzində Naxçıvana ayrılan dotasiya azalıb ki, bu da ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirib".

O əlavə edib ki, 2024-cü il və 2025-ci ilin 4 ayında büdcə daxilolmaları (dotasiya istisna olmaqla) plana nisbətdə müvafiq olaraq 37 faiz və 30 faiz çox icra edilib. Büdcə xərcləri plana nisbətdə 2024-cü ildə 88 faiz, cari ilin 4 ayında 87 faiz icra olunub.