adalet.az header logo
  • Bakı -°C
23 Fevral 2026 11:50
94
ƏDƏBİYYAT
A- A+

Əlişir Nəvai və Akif Azalp

(Dahi özbək şairinin Azərbaycan poeziyasına təsiri barəsində düşüncələr)
 

Türk xalqlarının dahi şairi və mütəfəkkiri Əlişir Nəvainin yaradıcılığı orta əsrlərdən başlayaraq dünya və Şərq alimlərinin diqqətini özünə cəlb etmişdir. XV əsrdən üzü bəri, hələ böyük şairin sağlığında onun əsərlərini təbliğ və təşviq edənlər, ustad sənətkara nəzirə yazanlar, onun əsərlərini müxtəlif təzkirələrə, cünglərə və bəyazlara daxil edənlər çox olmuşdur. Şərq ədəbi ənənəsinə uyğun olaraq orta əsrlərdə hətta dahi sənətkarlar, o cümlədən Ə.Nəvai haqqında da ayrıca elmi tədqiqatlar və əsərlər yaradılmamışdır. Yalnız XIX əsrdən başlayaraq Avropa və Rusiya şərqşünaslığında Ə.Nəvai yaradıcılğına münasibət bildirilmiş, xüsusən, onun “Xəmsə”si yüksək dəyərləndirilmişdir. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Rusiya şərqşünasları, türkoloqları və başqa Şərq ədəbiyyatı mütəxəssisləri Ə.Nəvai əsərlərinə müntəzəm olaraq müraciət etmiş, onun “Xəmsə”sinə, əsasən, müqayisəli ədəbiyyatşünaslıq kontekstində yanaşmışlar. Dünya şöhrətli alimlərin və türkoloqların elmi-nəzəri tədqiqatlarında Əbülqasim Firdovsi, Ömər Xəyyam, Xaqani Şirvani, Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Cəlaləddin Rumi, Sədi Şirazi, Hafiz Şirazi, Şah İsmayıl Xətai, Zahirəddin Məhəmməd Babur və Məhəmməd Füzuli kimi dahi klassiklərin sırasında Əlişir Nəvai yaradıcılığına da geniş yer ayrılmış və onun möhtəşəm Şərq poetik panteonunun ən parlaq ulduzlarından biri olması əlahiddə vurğulanmışdır. Böyük alimlərin ədəbi-nəzəri təhlil və tədqiqlərində Nəvai yaradıcılığının bir çox xüsusiyyətləri, məziyyətləri ayrıca qeyd olunmuş və qabardılmışdır. Dahi özbək şairinin türk ədəbi dilinin təşəkkülündə və şəkillənməsindəki ardıcıl, son dərəcə gərgin ədəbi zəhmətləri ilə yanaşı bu dilin fars dili səviyyəsindəki yüksək və inkişaf etmiş bir ədəbi dil dərəcəsinə yüksəlməsində Ə.Nəvainin bədii-estetik təcrübəsinin müqayisəedilməz-liyi bir çox alimlər tərəfindən vurğulannmışdır. Dahi sənətkarın Şərq ədəbiyyatı miqyasındakı hamı tərəfindən etiraf olunmuş möhtəşəm yeniliklərindən biri isə türk dilində “Xəmsə”nin meydana gəlməsi ilə bağlı idi. Daha doğrusu, Ə.Nəvai “Xəmsə”sinin Şərq ədəbiyyatı və mədəniyyətindəki növbəti mənəvi-mədəni yüksəlişin – İkinci renessansın  bariz və tipik nümunəsi olması dünya şərqşünaslığının həmişə diqqət mərkəzində olmuşdur.

Görkəmli türkoloq və nəvaişünas alim Akif Azalp hələ keçən əsrin 80-ci illərində dahi özbək şairi və mütəfəkkiri Ə.Nəvai yaradıcılığına məhz bu mövqedən yanaşmağın zəruriliyini vurğulayırdı. Həmin illərdə gənc bir mütəxəssis olan və Nəvai irsinin cahan mədəniyyəti kontekstində araşdırılmasını  israrla irəli sürən Akif Azalp böyük rus alimlərinin fikirlərinə əsaslanaraq yazırdı ki, Şərq reneassansının möhtəşəm və özünəməxsus hadisəsi kimi Ə.Nəvainin yaradıcılığına diqqəti hələ sovet dönəmində tanınmış ədəbiyyatşünaslardan N.İ.Konrad və Y.E. Bertels kimi nəzəriyyəçilər yönəltmişdilər.

İntibah mədəniyyətinin özünəməxsus estetikasına və mənəvi-mədəni prinsiplərinə əsaslanaraq gənc tədqiqatçı bu nöqteyi-nəzərdən Ə.Nəvai əsərlərinin əsas tələblərə və normativlərə yüksək dərəcədə cavab verdiyini ayrıca qeyd edirdi. İnibahşnünas alim və nəzəriyyəçilərin mülahizələrinə istinad edərək Akif Azalp yazırdı ki, intibah estetikasının mühüm amillərindən biri məhz dil təfəkkürü və milli mədəniyyət uğrunda mübarizə idealı ilə bağlı olduğundan (Avropa renessansının görkəmli simaları tərəfindən italyan və fransız dillərinin inkişafı və çiçəklənməsi üçün yazılan əsərləri yada salaq) hər şeydən əvvəl türk əruzunun və türk dilinin müdafiəsinə qalxan “Mizan ül-övzan” (1492-“Vəznlərin ölçüsü”) və “Mühakimət ül-lüğəteyn” (1499- “İki dilin döşləşməsi”) kimi əsərlərin müəllifinin yaradıcılığına ümumtürk intibahı baxımından yanaşmanın daha ciddi elmi nəzəri nəticələrə gətirəcəyi şübhəsizdir. Məsələyə daha geniş və müqayisəli-tipoloji müstəvidə yanaşdıqda isə cəsarətlə söyləmək mümkündür ki, dahi Ə.Nəvainin yaradıcılığı məhz ümumtürk intibahı miqyasında türk xalqları söz sənətinin bütün əhəmiyyətli inkişaf mərhələlərini özündə əhatə edən hardasa min illik (XI-XX əsrlər!) cahanşümül bir ədəbiyyat deməkdir.

Avropa və dünya nəvaişünaslığında dahi özbək şairi və mütəfəkkirinin renessans mədəniyyəti ilə qırılmaz surətdə bağlılığı haqqında xeyli sanballı fikilər və mühüm mülahizələr irəli sürülmüşdür. Tanınmış Azərbaycan və Özbəkistan aliminin elmi-nəzəri düşüncələri isə nəinki öz zamandaşlarının, hətta məşhur sələflərinin elmi-nəzəri arqumentlərindən ciddi surətdə fərqlənir. Məsələ bundadır ki, müəllif Ə.Nəvainin Şərq mədəniyyəti tarixindəki İkinci Renessansın təbii və tipik nümayəndəsi olması məsələsinə bir çoxları kimi statik deyil, dialektik və dinamik mənəvi-mədəni proseslər müstəvisində yanaşmağa çalışır. Başqa sözlə, XV əsr Türküstanındakı özünəməxus renessans hadisəsinin mahiyyətini açarkən onun yalnız müəyyən bir dövrün və hətta bir əsrin deyil, özünəqədərki az qala 500 illik mənəvi-mədəni mübarizələrin hasili olduğunu əsaslandırır. Məhz bu söylədiklərimizi nəzrdə tutaraq müəllif xüsusi qeyd edir ki, Əlişir Nəvaiyə qədərki beş əsrlik (XI-XV əsrlər!) türkdilli söz sənəti dünya ədəbiyyatına və mədəniyyətinə Ə.Nəvai kimi bir intibah hadisəsini bəxş etmək üçün bədii zirvələr və zəfərlərlə zəngin böyük bir hazırlıq mərhələsi keçməli olmuşdur. Həm də bu hazırlıq mərhələsi Turanın və Türküstanın müəyyən bir hissəsində, ölkəsində və ya regionunda deyil, ümumən, çox böyük inzibati-coğrafi məkanlarda və mühitlərdə keçmişdir. Bir tərəfdən Şərqi Turanda (Şərqi Türküstan!) Mahmud Kaşğarlıdan tutmuş Əhməd Yügnəkiyə qədər, başqa bir tərəfdən Mərkəzi Turanda (Mərkəzi Türküstan!) Əhməd Yəsəvidən tutmuş Mövlana Lütfiyə qədər, yenə üçüncü bir tərəfdən isə Qərbi Turanda (Qərbi Türküstan!) İzzəddin Həsənoğludan, Qazi Bürhanəddindən tutmuş Seyyid İmadəddin Nəsimiyə qədər onlarla azman və nəhəng sənərkarlar məhz vurğuladığımız həmin hazırlıq mərhələlərinin dahi yaradıcıları və baniləri idilər. Əlişir Nəvai dühasını məhz elə bu fövqəl xüsusiyyətlərinə və bənzərsiz əlamətlərinə görə tam, dolğun şəkildə, əsl həqiqətə uyğun dərəcələrdə təsəvvür etmək və dəyərləndirmək mümkün olmur; bu bənzərsiz dahi özünə qədərki onlarla bədii möcüzələr yaratmış, ana dilimizi yenidən və yenidən cilalamış, oxşamış və süsləmiş sənətkarların misilsiz zəhmətlərinin, arzularının bəhrəsi kimi zühur etmişdir!

Böyük bir etnosun və onun sonuncu əzəmətli imperiyalarından birinin mədəniyyət mərkəzində yetişmiş renessans dahisi Əlişir Nəvai yaradıcılığının təkrarsız xüsusiyyətlərindən biri də bu zirvənin yalnız şəkillənməsi, yüksəlməsi ilə sona çatmır. Bu böyük hadisənin davamlılığı, özündən sonrakı əsrlərə və dövrlərə işıq saçması və bir-birini əvz edən, yetişdirən, yaşadan ədəbi nəsillərin mənəvi həyatında və yaradıcılığında yaşamasıdır. Görkəmli nəvaişünas haqlı olaraq vurğulayır ki, Əlişir Nəvaidən sonrakı beş əsrlik (XVI-XX əsrlər!) türk dilli ədəbiyyat isə nə qədər yüksək poetik zirvələr və sonsuz bədii üfüqlər fəth edir-etsin, hətta Məhəmməd Füzuli dühası kimi müəyyən janrlar və əsərlər üzrə öz ustadlarından nə qədər irəli gedir-getsin, hər şeydən öncə intibah estetikası, dil və təfəkkürü və milli-etnik özündərk baxımından Əlişir Nəvai ənənələrinin özünəməxsus davamı kimi intibah dahisinin ideyalar və obrazlar aləminin yeni bədii vüsəti kimi heyrətamizdir. Yuxarıda xüsusi qeyd etdiyimiz birinci tezisdən qaynanqlanan və hardasa onun məntiqi davamı olan ikinci tezis isə ondan ibarətdir ki, Əlişir Nəvai yaradıcılığı özündən sonrakı türkdilli ədəbiyyatlar üçün özündən əvvəlki türkdilli (və nəinki türkdilli!) mədəniyyətlərin ən yüksək dəyərlərini və dərin ənənələrini özündə təmərküzləşdirən bir bədii güc mənbəyi və poetik enerji ötürücüsü rolunu oynamışdır. Bu enerji mərkəzinin Azərbaycanın söz sənəti ilə birbaşa və qarşılıqlı münasibətlərinə gəlsək, bir tərəfdən intibah dahisinin öz böyük üstadı şərəfinə “Emas asan bu meydan içrə durmaq, Nizami Gəncəvi pəncəsinə pəncə vurmaq!” kimi mərdanə etirafı ucalırdısa, ikinci tərəfdən bu nida böyük Füzulinin aşağıdakı son dərəcə təsirli və səmimi izharında əks-səda verirdi: “Türkü ərəbü əcəmdə əyyam, Vermiş idi hər şairə bir kam: Olmuşdu Nəvai süxəndan Mənzuri-şəhanşahi-Xorasan!”. Və bu da qətiyyən təsadüfi deyildir ki, nəinki Şah İsmayıl Xətayi və Məhəmməd Füzuli kimi yaxın ədəbi xələfləri, XVII, XVIII və XIX əsrlərin poetik zirvələri, hətta yeni dövr Azərbaycan ədəbiyyatının banisi və klassik poetik irsimizi orijinal surətdə dəyərləndirən Mirzə Fətəli Axundzadə, XX əsr poeziyamızın və poeziya haqqındakı elmlərimizin ən parlaq nümayəndələri də Əlişir Nəvai adını sonsuz heyrət və böyük məhəbbətlə tələffüz etmişlər. XX əsrin möcüzələr yaradan sənətkarlarından biri məşhur xalq şairimiz Səməd Vurğunun Nəvai ruhuna sonsuz ehtiramı və onun “Fərhad və Şirin” dastanı motivləri əsasında özünü məşhur “Fərhad və Şirin” pyesini yazması da istedadlı nəvaişünasın dahi sənətkarın poetik konsepti və taleyi ilə bağlı dərin düşüncələrini isbat etməkdədir.

Əlişir Nəvai və Renessans problemi Akif Azalpın elmi əsərlərində mərkəzi mövqeyə malik olduğu kimi, onun bədii yaradıcılığında da mühüm və nəzərəçarpan yer tutmaqdadır. Hələ 70-ci illərdə gənc şairin erkən lirikasında Azərbaycan və Özbəkistanın böyük söz ustalarının sırasında biz dahi şair və mütəfəkkir Əlişir Nəvainin də adına və obarazlarına rast gəlirik. Gənc şairin ilk qələm təcrübələri arasında ustad Əlişir Nəvainin məşhur qəzəllərinə yazılmış nəzirələr, cavanlıq ilhamı və ehtirası ilə yaradılmış özünəməxsus təxmislər də mövcuddur. Onların arasında Əlişir Nəvaiyə bütün Türküstanda şöhrət qazandırmış, bugün də bütün müğənnilərin və Nəvaisevərlərin dilindən düşməyən “Gəlmədi” rədifli qəzəlinə yazılmış və Azərbaycan türkcəsində də son dərəcə gözəl və ahəngdar səslənən cazibədar təxmisi burada ayrıca qeyd etmək yerinə düşər. Müəllifin hələ bu şeirində də öz misilsiz ustadına bakirə sevgisi, məhrəmanə və şairanə duyğuları diqqəti cəlb etməkdədir:

Seçdiyi oylağına bir ürkək ahu gəlmədi,

Könülümü gizlin aparmış tənha dilcu gəlmədi,

Hey xəyalımda coşub sellənən arzu gəlmədi,

“Gecə gəlmək istəyən ol” sərvi-gülru gəlmədi,

 Gözlərimə gecə dan atınca uygu gəlmədi”.

Akif Azalpın “Gəlmədi” qəzəlinə yazdığı təxmisin nəinki hər bir bəndində, hətta hər bir misrasında da ustad sənətkarla ruhən yaxınlıq, mənəvi cəhətdən həmrəylik və özünəməxsus bir poetik həmahənglik bariz surətdə hər bir oxucunun və şeirsevərin nəzərinə çarpmaqdadır:

Bəlkə təkrar imtahan etmək üçün vermiş qərar,

Yoxsa, kim istəklisin sübhə qədər qoymuş bidar?!

Allah-Allah nə müsibət mehr imiş mehri-didar:

“Ləhzə-ləhzə gözlədim, oldum yolunda intizar,

Gəldi can ağzıma, amma şuxi-bədxu gəlmədi!”

Akif Azalpın ötən əsrin 90-cı illərində qələmə aldığı “Ümman” (1991) şeir-portretində isə renessans dahisinin poetik tərümeyi-halına, əzəmətli şəxsiyyətinə və əfsanəvi şeiriyyətinə təkrarsız bir yanaşmanın şahidi oluruq. Məhz bu nöqteyi-nəzərdən öz ədəbi-tarixi əhəmiyyətinə görə “Ümman” mədhiyyəsini Azərbaycan ədəbiyyatında dahi milli söz sənətkarlarımıza ithaf edilmiş ən məşhur sənət nümunələri ilə müqayisə etmək olar. Qeyri-ixtiyari olaraq XX əsr poeziyamızda yazılan və onun ən görkəmli nümayəndələrinin dahi mütəfəkkrimiz Nizami Gəncəviyə həsr etdikləri emosional sənət əsərləri yadımıza düşür. Elə buradaca XX əsr şeirimizin qızıl fondundan özünə yer alan, milli söz sənətimizin çoxdan şedevrinə çevrilmiş Bəxtiyar Vahabzadənin “Məhəmməd Füzuli”, Xəlil Rza Ulutürkün “Seyid İmadəddin Nəsimi”, Məmməd Arazın “Füzuli”, Əli Kərimin “Şəhidləyin zirvəsi”, “Füzuli” və başqa sözün əsl mənasındakı bədii möcüzələr yadımıza düşür. XX yüzil Özbək şeirində də milli poeziyanın ulu babasına ithaf olunmuş sənət nümunələri heç də bizdəkindən az deyil. XX əsr özbək şeirinin klassikləri Aybəkin, Qafur Qulamın, Maqsud Şeyxzadənin, Mirtemirin, Uyğunun, Zülifyyə xanımın, Əsəd Muxtarın, Şöhrətin, Şükrullanın məşhur mədhiyyələri ilə bir sırada ən parlaq özbək altmışıncılarından Erkin Vahidovun, Abdulla Aripovun, Aman Mətcanın, Çolpan Erqaşın, Camal Kamalın, Rauf Pərfinin, Abdulla Şirin, Süleyman Rəhmanın və bir çox başqalarının bu mövzudakı şeirləri diqqətəlayiqdir. Akif Azalpın “Ümman”ında Özbəkistan və Azərbaycan poeziyasının bu yöndəki qiymətli və zəngin estetik təcrübəsi məharətlə ümumiləşdirilib. Bu gözəl şeirin elə başlanğıc misralarından ulu sənətkara ünvanlanmış Nizami Gəncəvi nəfəsli, Seyid İmadəddin Nəsimi havalı, Məhəmməd Füzuli ehtiraslı qədim və doğma bir sevginin ətrini, dadını duyuruq: “Kom istab to’rt ummon ihotasida Zamin ko’z tukkanda cheksizlik tomon, So’nggi mingyillikning qoq o’rtasida Guvillay boshladi boshqa bir ummon. Sarkash to’lqinlari ko’klarga tutash, Cho’ng xazinalari so’zda namoyon, Qit’alar quchgancha ulg’aydi yakkash, To’rt ummon bir yon-u u o’zi bir yon”.

Şeirin 8 misralıq birinci hissəsində yeni bədii ümmanın doğuluş və yaranış zərurətindən, ehtiyaclarından söz açılır. Dünyamızda yeni ümmanın doğuluşu, təbii ki, aləmşümül hadisədir. Müəllif bu hadisənin baş verdiyi məkanını və zamanını dəqiq təyin etməyi məqsədə uyğun sayır; dörd ümman əhatəsində və mühasirəsində nəfəs alan ana zəmin beşinci ümmanı arzulayaraq göylərə üz tutur. Həmişə səxavətli göylər isə bizim zəminimizin bu iltimasını cavabsız qoymur. Tarix: ikinci minilliyin düz ortasında, yəni 1441-ci ildə bəşəriyyətin beşinci ümmanı dünyaya təşrif buyurur. Birdən birə uğuldamağa, dalğalanmağa başlayan bu ümmanın öz gücünə və qüdrətinə məftun coşğun suları, ləpələri göylərə can atır. Bu ümmanın cazibəsi və xəzinəsi sözdür. İlahi nəfəs, ilahi qüdrət və ilhamla yoğrulmuş Söz! Anamız Yer və onun mehriban qitələri bu yeni ümmanı – əzəli dörd ümmandan sonra ərsəyə gəlmiş gənc ümmanı hamıdan çox sevməyə və dəyərləndirməyə can atır. Sanki həmin dörd ümman bir yandır, yeni – söz və sənət ümmanı isə bir yan! Şair bu sehrli söz ümmanının yaranış səbəbləri və mənşəyi barəsində aşağıdakı misralarda bizə daha geniş məlumat və bilgilər təqdim edir:

Bashar zor qolganda nurga, ziyoga,

Asov daryolari qo’ynida suron,

Uni berish uchun bir kam dunyoga

Besh asr to’lg’andi dard tutgan Turon.   

Orta əsrlərin zülmətləri bağrını dələn, nur və işıq həsrətində yanıb-yaxılan insanlığın qəlbini işıqlandıran bu ümmanın var olması üçün Turan elləri beş yüz il iztirab çəkdilər. Düz beş əsr ilahi ənginliklərə və sonsuzluqlara öz arzularını dayanmadan bildirdilər. Və türkləri ürəkdən sevən Allah beşinci ümmanı – Əlişir Nəvai ümmanını onlara ərməğan göndərdi. Şeirin bu misralarındakı əsas mətləb Turan  ellərinin beş yüz il fasiləsiz olaraq Əlişir Nəvai dühasını yaratmasında öz əksini tapıb. Türk xalqlarının öncə daş üstü, qaya üstü və qəbr üstü yazılarında əbədiləşmiş yazılı ədəbiyyatı sonradan - eramızın VIII əsrindən sonra taleyin və qəzavü-qədərin hökmü ilə ərəb və fars dillərində gerçəkləşdi. Türk dilindəki ilk böyük ədəbi-bədii abidələrimiz “Dədəm Qorqud kitabı”, “Divani-lüğətit-türk” və “Qudatğu-bilik” (XI əsr)dən başlayaraq, XV əsrə qədər gərgin çalışma və mübarizələrdə keçən zamanı müəllif “Uni berish uchun bir kam dunyoga Besh asr to’lg’andi dard tutgan Turon” - deyə çox gözəl və lakonik mənalandırıb. Maraqlıdır, həm də qətiyyən təsadüfi deyil ki, müəllif Əlişir Nəvaini yaradan beş əsrlik zamanla onu yetərincə dərk etməyə və dəyərləndirməyə sərf olunan sonrakı beş yüz illik zamanı məharətlə qarşılaşdırır. Onları müqayisə edərək bütün türk dünyasını düşündürən əsas nəticə və xülasələri ifadə edir: “So’ng besh yuz yil uning noyob durlarin Kuylab yuksalsa da tengsiz ovozlar, Oqibat yecholmay o’tdi sirlarin Qancha sayyohlar-u ne-ne g’avvoslar. Shu bo’yi bilmasdan makon va zamon, Yangi ufqlarga solgancha tug’yon Mangulik yog’dusin taratar hamon Alisher Navoiy atalgan ummon!”.

Əlişir Nəvai və ümumtürk renassansı problemini Akif Azalp öz elmi tədqiqatlarında hansı ideya-estetik və bədii-fəlsəfi konsepsiyalar əsasında araşdırırsa, bədii yaradıcılğında da həmin mənəvi-estetik mövqeyə və hədəflərə sadiqdir. Məhz bu nöqteyi-nəzərdən görkəmli şairin və alimin həm elmi, həm də bədii yaradıcılğında biz ulu babamızın tarixən son dərəcə həyati, dolğun və bütöv obrazı ilə qarşılaşırıq. Eyni zamanda, Əlişir Nəvai şəxsiyyəti və obrazı özünəməxsus inikas yolu seçmiş  müəllifə ümumtürk tarixinin azından min illik təkrarsız və bütöv mərhələsini uğurla canlandırmaq və əks etdirmək imkanı bəxş edir.

Yuxarıda söylədiklərimizdən çıxış edərək aşağıdakı mühüm nəticələrə gələ bilərik; Özbək və Azərbaycan dillərində yazıb-yaradan Akif Azalpın yaradıcılığında dahi şair və mütəfəkkir Əlişir Nəvai yaradıcılığına tamamilə yeni bir yanaşmanın şahidi oluruq. Dahi sənətkarın həyat və sənət yolunu həm elmi-nəzəri müstəvidə, həm də bədii-estetik inikas müstəvisində nəzərdən keçirməyi və dəyərləndirməyi bacaran müəllif ulu babamızın obrazını daha uğurlu yaratmağa müvəffəq olur. İkinci bir tərəfdən isə onun öz elmi və bədii əsərlərini həri iki qardaş dildə - Özbəkistan və Azərbaycan türkcələrində ifadə edə bilmək istedadı Əlişir Nəvainin ədəbi-tarixi  simasını daha obyektiv canlandırmaq üstünlüyünə nail olmağa kömək edir. Sanki Əlişir Nəvai dünyasına məftun olan Akif Azalp da bugünkü və gələcək nəsillərə üz tutub öz ulu babası kimi fəxrlə və qürurla söyləyir: “Bütün türk elləri xud mənimdir!..”.     

 

                                                                                                               

Yaşar Qasımbəyli,                                                                                         

                          filologiya elmləri doktoru, professor,                            

                              AMEA Nizami Gəncəvi adına                                                    

                              Ədəbiyyat institutunun baş elmi işçisi