adalet.az header logo
  • Bakı -°C
19 Fevral 2026 16:13
88
ƏDƏBİYYAT
A- A+

Nəzakət Məmmədli: “Bəzən elə şeirləri redaktə edirdi ki…”

Bu gün şairə, “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri  Fərqanə Mehdiyevanın doğum günüdür. O, 1964-cü ildə  Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub.

Orta məktəbi bitirikdən sonra  Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib.

Sözə olan sevgisi onun yolunu Azərbaycan Yazıçılar Birliyindən salıb. Orada işlədiyi müddət ərzində xalq şairlərinin, xalq yazıçılarının, gənc yazarların böyük sevgisini qazanıb.

Tale bu yolda ona vəfalı dostlar da qazandırıb.

Fərqanə Mehdiyeva ilə bağlı xatirələrini Adalet.az-a danışan “Yada düşdü” jurnalının baş redaktoru, şairə Nəzakət Məmmədli  onunla birlikdə keçirdiyi günləri belə xatırlayır:

“Fərqanə söz adamı idi. Bundan əlavə də bir insan kimi , bir ana kimi  mislsiz bir qadın idi. Yaşasaydı, 62 yaşını qeyd edəcəkdi. Onunla uzun illər dostluq etmişik.  Bizi birləşdirən ən böyük dəyər qələmimiz idi. Daha dəqiq desək, bizi SÖZ birləşdirib. Deyirdi ki, Nəzakət, şeirə çox az vaxt ayırırsan. 

Həmişə mənə deyirdi ki, gədəbəylilər arvada necə vaxt ayırırsa, sən də şeirə elə vaxt ayırırsan. Həyat yoldaşı gədəbəyli idi deyə, mənimlə belə bir zarafat edirdi. Onun bu zarafatına həmişə gülürdüm. Yəni ən axırda yada düşür ki, şeir də lazımdır.  Mən də işlərimlə əlaqədar şeirə çox az vaxt ayırıram. 

Onun itkisini çox ağır yaşadım. Səhhətinin ən  ağır durumunda  yanına getdim. Sonra çox pis oldum, kaş gedib onu elə görməzdim. Yaddaşımda son olaraq elə deyib-gülən, şən, qayğıkeş Fərqanə kimi qalardı. 

Hər axşam  telefonla danışardıq. Sanki işlərimizlə bağlı bir- birimizə hesabat verirdik. Bundan zövq alardıq. 

Təəssüf ki, onu çox tez itirdik. Xəstəliyi ilə bağlı çox əziyyət çəkirdi. 

Ancaq sevinirəm ki, ömür vəfa etdi, o, oğlunun toyunu gördü. Yeni ev almışdı. Orda az müddət də olsa yaşadı. 
Həmişə təzə evindən danışırdı. Deyirdi ki, həyətim olmasa da, eyvanım var. Orda çoxlu gül-çiçək əkib, özüm üçün balaca bağça düzəldəcəm. Ailəsinə, evinə bağlı insan idi. Şeiri də balası kimi sevirdi”. 

N. Məmmədli illərin dostu, söz adamı Fərqanə Mehdiyevanın sağlığında layiqli dəyərini almadığı üçün təəssüf hissi keçirdiyini söyləyib:

“Çox qəribə idi, oğlu ilə arasındakı bağlı fövqəl hiss idi. Həmişə deyirdi ki, sanki övladlarımın yeri dəyişik düşüb. Oğlum qızımdan daha yanımcıl, daha mehribandır. Ülfətlə ana-bala olmaqla yanaşı, həm də bir dost idilər. 

Bir dəfə onu Ülfətlə xəstəxanaya yerləşdirdik. Çox narahat idim ki, görəsən qızı gəlib yanında qala biləcəkmi? Bunu Ülfətə deyəndə mənə dedi ki, onun həm oğlu, həm də qızıyam. Yanında özüm qalacam. Ülfət anasına bu qədər mehriban davranırdı. 

Qızından görmək istədiklərini, Ülfət ona yaşadırdı.

Məni ən çox incidən məqamlardan biri də ona layiqincə dəyərin verilməməsi idi.  O, sağlığında layiqli dəyərini almadı. Ona 50 illik yubiley tədbiri keçirilməsini mən onun özündən da çox gözləyirdim. 

Ancaq bütün bunlara baxmayaraq Fərqanə neçə- neçə qəlblərdə yaşayır, sevilir, anılır. İnsan var ki, cild- cild kitablar yazır,  amma heç bir cümləsi də yadda qalmır.  Ancaq onun “Təndir” şeiri yaradıcılığının şah əsəridir.  Fərqanə deyiləndə “Təndir”şeiri yada düşür. 

Ruh dostum haqqında keçmiş zamanda danışmağını  mənəvi ağrısı dözülməzdir.

Onun dəfni pandemiya vaxtına təsadüf etdi.  O səbəbdən dəfninə çox az adam gəldi. Yazıçı və şairlərdən Elçin Hüseynbəylini orda gördüm.

Fərqanə gənc yazarların anası idi.  Gənc yazarlar ona “Şeir anamız” deyirdilər. 

Şeir Fərqanə üçün çox müqəddəs idi. Bəzən elə şeirləri redaktə edirdi ki, onun vaxtına heyfim gəlirdi.  Kimsə bu haqda ona nəsə deyəndə də deyirdi ki, məzmunca zəif olsa da, şeirdi. Onu möhkəm- möhkəm əzizləyirdi.

 Fərqanə dünyasını dəyişəndən sonra gənc yazar Qabil Ədalət onun adına ədəbi məclis yaratdı - “Fərqanə ədəbi məclisi”.  Bu da Fərqanənin yaddaşlarda yaşaması üçün böyük addımdır”.

Əntiqə  Kərimzadə