Prezident
seçkisi ərəfəsində dövlət və cəmiyyət daha həssas olur. Elə proseslər var ki,
adi vəziyətdə bəlkə də diqqəti o qədər çəkməzdi. Amma məhz seçki dövrünə təsadüf
etdiyi üçün daha çox maraq doğurur. Məsələn separatçı fəaliyyətinə görə Azərbaycanda
əvvəlcə azadlıqdan, sonra isə ümumiyyətlə vətəndaşlıqdan məhrum edilmiş Ələkrəm
Hümbətovun Ermənistana, ordan da işğal altında olan Qarabağa səfəri kimi.
Bilirsiniz, məsələ heç də onda deyil ki, kimsə Azərbaycanla
düşmən münasibətdə olan Ermənistana gedib. Ermənistana getmək də olar: məsələn
millət vəkili Azay Quliyev kimi, yəni bu ölkəni, erməni xalqını təmsil edən
deputatlarının gözünün içinə, Azərbaycanın maraqlarını- özü də parlamentin düz
tribunasından bağırmaq olar.
Ya da bu idmançımız kimi Ermənistanın paytaxtında,
ermənilərin gözünün qabağında, erməninin kürəyini yerə vuraraq Azərbaycan
bayrağını cəsarətlə qaldırmaq olar…
Amma ortada Ələkrəm Hümbətovun səfəri nümunəsi də
var. Separatçı fəaliyyətinə görə həbs edilərək Azərbaycanın ən ağır cəzasına
layiq görülmüş, sonra isə bir az dövlətin humanizmi sayəsində, amma daha çox bəzi
beynəlxalq təşkilatların şantaj və təhdidi nəticəsində həbsdən azad edilməyə
müvəffəq olmuş, sonda prezident İlham Əliyev tərəfindən Azərbaycan vətəndaşlığından
məhrum edilərək ölkədən qovulmuş Hümbətovdan danışıram. O Ermənistana məhz Azərbaycan
dövlətinin əleyhinə, onun parçalanmasının lehinə hesablanan məqsədlə
getmişdi.
Ələkrəm Hümbətovu burada hörmətlə qarşılayırlar.
Onun üçün ayağa da dururlar. O talışların guya Azərbaycanda öz müstəqil dövlətlərini
qurmağa çalışdığını iddia edir, Qarabağın öz dövlətini yaratmaq uğrunda
aparldığı mübarizəni talışların guya həssaslıqla izlədiyini söyləyir, bu bəyanatına
görə alqışlar qazanır və alqışlar qarşısında borclu qalmır. Ermənilərə bağır
basıb baş əyir. Azərbaycan talışları onların başını erməni qarşısında belə əyən
şəxsə yəqin ki sağ ol deməyəcklər.
Əlbəttə dövlətin vətəndaşlığından məhrum edilən
birinin həmin dövlətə qəzəbini, hirsini anlamaq olar. Amma bu hissin bir düşmən
nifrətinə çevrilməsi, bir zamanlar Qarabağda ermənilərə qarşı vuruşan və çoxlu
erməni öldürən bir şəxsin 180 dərəcə dəyişərək bir neçə il əvvəlki düşmənlərinin
əlini sıxması Hümbətovu Sarqsyan və Koçaryanla silahdaşa çevirir.
…Azərbaycanı tərk edən və mövcud rejimə qarşı sərt
müxalifətdə olan bir neçə mühacir tanıyırıq ki, hətta ən barışmaz, ən kəskin bəyanatlarına
baxmayaraq onlar Azərbaycanın düşməni olmaq istəməyiblər. Nə Mahir Cavadov, nə
Rəsul Quliyev, nə İsa Sadıxov Ermənistana Hümbətov kimi qucaq açıb. Mənə bəlli
deyil ki, Ələkrəm Hümbətov İrəvana öz istəyi ilə. yoxsa hansısa xüsusi xidmətlərin
sifarişi ilə gedib.
Amma bir fakt qabarıqdır ki, Ələkrəm Hümbətov Ermənistana
düşmənimin düşməni mənim dostumdur məntiqi ilə yollanıb. Ermənilər də ona elə
Ələkrəm onlara yanaşan kimi yanaşıblar, onlarla, yüzlərlə ermənini öldürən
keçmiş düşmənlərinə dost, qardaş nəvazişi göstəriblər. Erməniləri Ələkrəm Hümbətovla
məhz Azərbaycan dövlətinə ümumi düşmənçilik hissi birləşdirib. Əlbəttə,
uzunmüddətli atəşkəs rejimi, Qarabağ məsələsinin həll olunmaması müəyyən fəsadlar
verib. Bir Əkrəm Ermənistanın gözündən tökülən daş yuxuları yazır, digər Əkrəm
isə bu yuxuları çin çıxarır.
İlk baxışda Azərbaycan üçün sadəcə xoşagəlməz
epizodik bir hadisə. Bir keçmiş vətəndaş Ermənistana gedib və antiazərbaycan,
separatçı çağırışlarla çıxış edib. Amma əslində məsələ daha mürəkkəbdir. Söhbət
regionun ən sabit, dinamik inkişaf dövrü yaşayan dövlətində asayişi pozmağa,
etnik zəmində qarşıdurma yaratmaqla, parçalamağa hesablanmış, fəal fazası yəqin
ki, bir müddət sonraya nəzərdə tutulan təhlükəli bir beynəlxalq provakasiyanın
startından gedir.
Bu gün yenidən 1993-cü ilin Azərbaycanını başlamaq
və bitirmək istəyən qüvvələr xüsusilə fəallaşıb. Bu zəmində "Tı kto takoy davay
do sividanie” kimi adicə meyxana misrasının Rusiya boyda ölkədə məşhurlaşmasında
da bir sətiraltı məna görürsən, futbol fanatlarının adi idman həyəcanının qəflətən
dağıdıcı bir gücə çevrilməsində də şeytan barmağı hiss edirsən, ağla bu sual da
gəlir ki, görəsən bu ilin əvvəlində Moskvada Prezident-oteldə talışların müqəddaratı
niyə müzakirə olunmuşdu. Və Ələkrəm Hümbətov Ermənistana, Qarabağa niyə
getmişdi?
Sonda isə maraqlı bir detal.
BBC-nin Müxbiri Manvelyan Hümbətova yanaşaraq
ondan soruşur, Sizə azərbaycanca sual vermək olar? O isə cavabında yox deyir.


Bakı -°C
