adalet.az header logo
  • Bakı -°C
20 May 2026 17:46
98
SİYASƏT
A- A+

Ədalət Vəliyev partiya sədri ilə görüşdü

Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə mayın 20-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən qəbul edilib.

Adalet.az xəbər verir ki, görüşdə Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər, eləcə də bu uğurların səbəbkarı olan Prezident İlham Əliyevin qətiyyəti nəticəsində davamlı şəkildə həyata keçirilən yeni siyasi konfiqurasiya haqqında fikir mübadiləsi aparılıb. A.Əlizadə bu görüşlərin partiyanın fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Görüşdə o, AMİP-in Milli Məclisdəki fəaliyyəti və beynəlxalq tədbirlərdə uğurlu iştirakından söhbət açıb, 28 aprel-2 may tarixlərində Xorvatiyada keçirilmiş Beynəlxalq Demokrat İttifaqının forumunda AMİP-in nümayəndə heyətinin iştirakından bəhs edib. Müxtəlif beynəlxalq təşkilatların, xüsusən Avropa Parlamentinin davamlı şəkildə Azərbaycana qarşı qərəzli mövqeyinə toxunan A.Əlizadə bu ilin 30 aprel tarixində qəbul edilən qətnaməni beynəlxalq hüquqa, Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribat adlandırıb.

Görüşdə 44 günlük Vətən müharibəsi Zəfərindən və separatist silahlı qüvvələrə qarşı həyata keçirilən antiterror əməliyyatından sonra öz ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycanın beynəlxalq aləmdə qalib dövlətə və regional layihələrdə əsas söz sahibinə çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də hazırda ölkəmizdə yüksək səviyyədə təşkil edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında dünyanın 182 ölkəsinin təmsil olunmasını Azərbaycanın yüksələn beynəlxalq nüfuzunun əyani göstəricisi olduğu qeyd edilib.

A.Əlizadə görüşdə Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq və şəhərsalma işlərindən, 5 il ərzində bu ərazilərdə 85 mindən çox vətəndaşımızın yaşaması, təhsil alması və işləməsi üçün şəraitin yaradılmasından və bütün bunların böyük zəhmət, iradə və iqtisadi güc hesabına başa gəlməsindən söz açıldığını deyib və AMİP-in də dövlətin apardığı milli-siyasi birlik və həmrəylik siyasətini dəstəklədiyini, Azərbaycanın güclənməsini istəməyənlərə qarşı barışmaz mövqeyinə daim sadiq qalacağını ifadə edib.