Əbülfət Mədətoğludan yeni şeir: BİTƏN ZƏNG
Qaçma telefon üstə
Məndən deyil gələn zəng...
Çaşdırmayacaq bir də -
Səni, bu gizlənən zəng...
Gözünü çək çantadan
Unut , ordakı səsi...
Özün səssiz eləyib -
Dondurdun , o nəfəsi...
Qoy qalıb masa üstə
Gözün özünə yığsın...
Nə bir şübhə yaratsın -
Nə də canını sıxsın...
...Atdığın daş dəyibdi
Kipriyə yaş dəyibdi...
Əhlətə baş dəyibdi -
Bitib, tay gözlənən zəng...