Əbülfət MƏDƏTOĞLU: ÜŞÜYÜR
Gör nə vaxtdı kösöv yanmır, köz düşmür
Ətrafında yığnaq olmur, söz düşmür...
Tay məndəki bu dözümə, "Döz!" - düşmür -
Ocağımın , külü yaman üşüyür...
Göz göynəyir künc -bucağın torundan
Divarlar da çat veribdi "gorundan"...
Əli çıxıb çınqısından, qorundan -
Ocağımın, külü yaman üşüyür!..
Toz qoparır ilin, ayın karvanı
Həsrətimdi bu karvanın sarvanı...
Pozulandan yurd yerimin sahmanı -
Ocağımın, külü yaman üşüyür...
Mən tək qalmış Boz isimli qurdamsa
Kipriyimdən bircə gilə qor damsa...
Bil, səninçün Tuğ deyilən yurdamsa -
Ocağımın, külü yaman üşüyür...