adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyun 2020 10:28
64488
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: SUYA DÜŞƏN ŞƏKİL

Bir dan yeri var, bir qürub
Xəyal körpüsü arada...
Ürəyim körpüdə durub -
Ləpirin düşüb ora da!..

Nazilən ümid kəndiri
Nəm çəkir kiprik ucundan...
Ruhum sallanan təndiri -
O qız qalayır saçıynan!..

Əllərim isinmir ...amma
Dilimin dilçəyi yanır...
Saçların qorun ovcuma -
Gözlərin ulduz tək sayır...

Dişimlə sıxıb nəfəsi,
Danı qüruba çəkirəm...
Xəyal körpüsü üstündən -
Mən suya düşən şəkiləm!..