adalet.az header logo
  • Bakı -°C
27 Aprel 2026 09:57
68
ƏDƏBİYYAT
A- A+

Tənhalıq bütün insanların qismətidir... - Araz Hüseynov yazır

Ana bətnindəki tənhalıqdan sonra bizi insanlar arasında yalnızlıq gözləyir, sonra da məzardakı yalnızlığa qayıdırıq. Bütün həyatımızı yalnızlığımızı yüngülləşdirmə cəhdləri ilə keçirdirik.

Lakin yaxınlıq heç vaxt qovuşmaya çevrilmir. Özünə məqsədli, xoş məramlı dost seçimi edəndə belə ona qovuşmuruq. Qovuşa bilmirik. Ən izdihamlı şəhər belə viranəlik çoxluğudur.

Sözlərimizi bölüşürük, lakin onları bir zülmətdən digərinə ötürürük və başqalarının onları biz anladığımız kimi anladığına ümid edirik, ancaq əksinə olur. Bəzən ümidlər xəstələnəndə bu baş verir. Həyatımız böyük bir boşluğa yuvarlanır. Zalım çıxmışlar, saldıqları boşluqdan belə əl uzadıb çıxartmırlar.

Evlənirik və bu zaman evdə bir tənhalıq əvəzinə ikisi peyda olur. Təkrar-təkrar sevişirik, amma yenə də qovuşmuruq. Ən səmimi sevişmə belə yalnız səthlərin toxunuşudur, sanki ölüm hökmünə məhkum olunmuşlar kimi həbsxana qəfəsləri arasından fahişə ilə sevişirik. Həzzi paylaşmaq olmur, ağrı kimi onu da hiss etmək, yaxud oyatmaq olar və biz sevgililərimizə həzz verəndə, yaxud ehtiyacı olanlara yaxşılıq edəndə, əslində xeyirxahlıq obyektimizə zövq vermirik, özümüz ləzzət alırıq.

Həqiqət ondadır ki, bizim xeyirxahlığımızın da, qəddarlığımızın da səbəbi eynidir. Öz hökmranlığımızı daha güclü hiss etmək istəyirik. Daima buna can atırıq. Baxmayaraq ki, hökmranlıqdan alınan həzz bizi özümüzü əvvəlkindən daha tənha hiss etməyə məcbur edir.

Faktiki olaraq tənhalıq bütün insanların qismətidir və onu yalnız unutqanlıq, kütləşmə və xəyallarla yumşaltmaq olar. Lakin onun kəskinlik dərəcəsi insanın öz hökmranlığını dərketmə qüvvəsi və onun real miqyasları ilə mütənasibdir. İstənilən halda nə qədər hökmran olsaq, tənhalığımızı bir o qədər kəskin şəkildə hiss edəcəyik.