Əbülfət MƏDƏTOĞLU: GETMƏ, GETDİNSƏ TEZ QAYIT...
Tez gəl gülüm, getdin tez gəl,
Bu şəhər təkləyib məni...
Ürəyim , həm tutduğum əl-
Sənsizlik, ləkləyib məni...
Bu şumda, qəm şitillənib,
Kədər də bostançı olub...
Orda-burda midillənib-
Keçən vaxtım, itib-solub...
Sığındığım künc-bucaq da,
İsinməyib hənirimə...
Yad gəlibdi ev, uşaq da-
Bu tükənən səbrimə...
Ağırlaşıb anın daşı,
Təkliyim güc gəlir mənə...
Bu sevginin yanın qaşı-
Qorxuram, göz dəyər sənə!
Getdin, gördün, gəzdin qayıt,
Təkliyimi sök canımdan...
Yatan ruhu , öpüb ayılt-
Getmə bir də, sən yanımdan!..