adalet.az header logo
  • Bakı -°C
13 Iyun 2026 14:32
136
SİYASƏT
A- A+

“Şuşa Bəyannaməsi  inteqrasiyanı  təşviq edən strateji baxış sənədidir”

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri yeni strateji səviyyəyə yüksəltdi. Bəyannamədə tərəflər bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşı təhdid və ya hücum baş verəcəyi təqdirdə qarşılıqlı məsləhətləşmələr aparacaqlarını və zəruri dəstəyi göstərəcəklərini təsdiqləyib.

İkinci Qarabağ müharibəsi dövründə formalaşan strateji əməkdaşlıq Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndi. Xüsusilə müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi, ortaq hərbi təlimlərin sayının artırılması və müasir texnologiyalara əsaslanan müdafiə sistemləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi iki ölkənin hərbi gücünü əhəmiyyətli dərəcədə artırır.

Siyasi baxımdan Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə arasındakı münasibətləri deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən strateji sənəddir. Bəyannamə regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasına yönəlmiş ortaq iradəni ortaya qoyur. Eyni zamanda, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yaratdığı yeni geosiyasi reallıqların beynəlxalq müstəvidə möhkəmlənməsinə töhfə verir.

Sənədin mühüm siyasi mesajlarından biri də Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsidir. Şuşa Bəyannaməsi həm də türk dövlətləri arasında inteqrasiya proseslərini təşviq edən strateji baxış sənədidir. Bu baxımdan o, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlığa yeni təkan verir.

Bəyannamənin digər mühüm nəticələrindən biri regional nəqliyyat və enerji layihələrinə verdiyi dəstəkdir. Zəngəzur dəhlizinin açılması, Orta Dəhlizin gücləndirilməsi və Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflər Azərbaycan və Türkiyənin regiondakı liderlik mövqeyini daha da möhkəmləndirir. Bu layihələr iqtisadi təhlükəsizliklə siyasi və hərbi təhlükəsizlik arasındakı sıx əlaqəni də aydın şəkildə nümayiş etdirir.
Şuşa Bəyannaməsi Ermənistandakı revanşist qüvvələrə də mühüm mesaj xarakteri daşıyır. Sənəd beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın və qarşılıqlı hörmətin tərəfdarı olduğunu nümayiş etdirir.

Bununla yanaşı, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönələn hər hansı təhdidin cavabsız qalmayacağı da açıq şəkildə vurğulanır.

Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının siyasi və hərbi sahədə ən mühüm sənədlərindən biri kimi tarixə düşüb. Bu sənəd iki ölkənin ortaq təhlükəsizlik anlayışını, strateji hədəflərini və regional baxışını əks etdirməklə yanaşı, Cənubi Qafqazda sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır.

Könül Nurullayeva,

Milli Məclisin deputatı