adalet.az header logo
  • Bakı -°C
13 May 2026 09:30
73
SİYASƏT
A- A+

“Əsasən Rusiyaya bağlı qrupların hazırki baş nazirə qarşı mübarizə aparması...”

“Ermənistanda məlum olduğu kimi növbəti parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçirilməsi gözlənilir. Ümumiyyətlə indiyəcən keçirilmiş ənənəvi seçkilərdən fərqli bir seçki prosesinin olması gözlənilir. Paşinyanın seçki mühitini daha demokratik formatda təqdim etmə görüntüsü də onun reputasiyasını qaldırmağa hesablanıb və xüsusilə Qərbin diqqətini cəlb etmək üçündür. Yoxsa Ermənistanda əhali hələ tam demokratik seçki keçirmək və seçib - seçilmək potensialında deyil”. 

Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib. 

O, bildirib ki, ölkə parlamentli respublika olduğu üçün bu seçkilər yeni hökumətin və baş nazirin müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət kəsb edir:

“Sözü gedən seçkilərdə 19 siyasi qüvvə iştirak edəcək ki, bunlardan 2-si blok, 17-si partiyadır. İştirakçı partiyalardan "Vətəndaş müqaviləsi" partiyası, hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi iqtidar partiyasıdır. "Ermənistan" (Hayastan) bloku isə keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi müxalifət blokudur. Paşinyanın partiyasının mövqeyi Qərb, Köçəryanın blokunun istiqaməti isə Rusiyadır. "Güclü Ermənistan" bloku da Narek Karapetyanın rəhbərlik etdiyi və tərkibinə bir neçə partiyanın daxil olduğu digər müxalif qüvvədir. İndiki baş nazirə qarşı iki blok tərkibində birləşmiş partiyalar mübarizə aparır. Seçkiqabağı təşviqat kampaniyasına rəsmi olaraq 2026-cı il mayın 8-də start verilib. Ancaq xaricdə yaşayan Ermənistan vətəndaşları üçün seçki məntəqələri açılmayacaq. Yalnız diplomatik xidmətdə olan şəxslər və onların ailə üzvləri elektron qaydada səs verə biləcəklər”. 

Onun sözlərinə görə, Paşinyanın rəqibləri Rusiya maraqlarını təmsil etdiyindən əsasən Rusiyada yaşayan çoxsaylı erməninin iştirakının məhdudlaşdırılması da anlaşılandır:

“Bu seçkilər regiondakı geosiyasi vəziyyət, o cümlədən Azərbaycanla sülh prosesi və daxili siyasi qütbləşmə fonunda ciddi izlənilən proseslərdən biridir. Əsasən Rusiyaya bağlı qrupların hazırki baş nazirə qarşı mübarizə aparması, eyni zamanda Kilsənin də rəqiblər arasında olması seçkinin gərgin mühitdə davam edəcəyini göstərir. Daxili siyasi qütblərin mübarizəsindən əlavə Ermənistanda Qərb - Rusiya mübarizəsi davam edəcək. Keçmiş prezident Robert Köçəryanın sülhə və Qərbə qarşı olması daxili auditoriya ilə yanaşı regional maraqları izləyən xarici qüvvələrdə də narahatlıq yaradır. Lakin Köçəryan blokunun və Narek Karapetyanın blokunun real hakimiyyətə gəlmək şansı azdır. Müəyyən sayda yerlər uğrunda mübarizədə ola bilsin effektiv dəstək alsınlar. Lakin indiki baş nazirin komandasının qalib gəlməmək ehtimalı azdır”. 

Vasif ƏLİHÜSEYN