adalet.az header logo
  • Bakı -°C
14 Oktyabr 2026 07:21
58
SAĞLAMLIQ
A- A+

Dırnaqlardakı dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?

Dırnaqların rəngi, forması və strukturu orqanizmin ümumi sağlamlıq vəziyyəti haqqında mühüm məlumatlar verir. "Cleveland Clinic" mütəxəssisləri dırnaqlarda anidən yaranan dəyişikliklər, xüsusən də tünd xətlər və forma pozuntuları ilə bağlı xəbərdarlıq edirlər.

Adalet.az xəbər verir ki, dırnaqlar qatlaşma, kövrəklik və ufanma ilə müşayiət olunursa, göbələk infeksiyası (qribok) ehtimalı yüksəkdir.

Solğun və ya ağ dırnaqlar: Anemiya (qanazlığı), qidalanma pozuntusu və ya xroniki xəstəliklərlə əlaqəli ola bilər. Daimi yorğunluq və təngidənəfəsliklə müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir.

Ağ nöqtələr: Geniş yayılmış inancın əksinə, təkbaşına kalsium çatışmazlığını göstərmir; çox vaxt dırnaq lövhəsindəki xırda zədələnmələrdən yaranır və dırnaq uzandıqca itir. Lakin dırnaqların çoxunda görünməsi və uzun müddət getməməsi fərqli sağlamlıq problemlərinə işarə edə bilər.

Dırnaqdakı tünd uzunsov xətlər - Melanom təhlükəsi!
Dırnaqda anidən ortaya çıxan tünd qəhvəyi və ya qara şaquli xətlərə xüsusi diqqət yetirilməlidir. Nadir hallarda olsa da, bu cür dəyişikliklər dırnaq melanomu (dəri xərçənginin ağır növü) əlaməti ola bilər. Xəttin zamanla genişlənməsi, rənginin dəyişməsi və ya dırnaq ətrafındakı dəriyə yayılması halında dərhal dermatoloqa müraciət edilməlidir.

Dırnaq forması və şırımlar nəyi bildirir?
Dərin üfüqi şırımlar (Beau xətləri): Keçirilmiş ağır xəstəlik, fiziki stres və ya travma sonrası dırnaq inkişafının müvəqqəti dayanmasından xəbər verir.

Qaşıqşəkilli dırnaqlar: Dəmir çatışmazlığı (anemiya) ilə əlaqələndirilir.

Çomaqşəkilli (qabarıq) dırnaqlar: Dırnaqların qabarması və barmaq uclarının böyüməsi ağciyər və ya ürək-damar xəstəliklərinin göstəricisi ola bilər.

Tez qırılan və soyulan dırnaqlar
Sürekli qırılma və soyulma təkcə vitamin çatışmazlığı deyil, həm də su və kimyəvi maddələrlə (yuyucu vasitələr, aseton) tez-tez təmas, həmçinin qalxanvarı vəzi (zob) xəstəliklərindən qaynaqlana bilər. Qoruyucu əlcəklərdən istifadə etmək və dırnaqları nəmləndirmək tövsiyə olunur.