adalet.az header logo
  • Bakı -°C
16 Sentyabr 2026 11:32
38
ANALİZ
A- A+

Diplomatların gözü ilə yenilənən Qarabağ: Sülhə aparan yol və İrəvanın əsassız reaksiyası

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə Tarixi Qələbədən sonra dövlət qarşısında qoyduğu yeni və geniş miqyaslı vəzifə təkcə azad edilmiş əraziləri bərpa etmək deyil, həm də onların simasını tamamilə dəyişdirmək, bu regionu müasir inkişaf nümunəsinə çevirməkdir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda şəhərlər tikilir, yollar, hava limanları, məktəblər və universitetlər açılır, keçmiş məcburi köçkünlər qayıdırlar. Respublikanın Birinci vitse-prezidenti  Mehriban Əliyevanın rəhbərliyi ilə azad edilmiş ərazilərdə zəngin Azərbaycan mədəni və memarlıq irsinin bərpa edilməsi bu prosesdə mühüm rol oynayır. 44 günlük müharibədən altı il, 1 gündən də az davam edən anti-terror əməliyyatından isə 3 keçir və tarixi Azərbaycan torpaqlarında həyata keçirilən bərpa-quruculuq işləri hər kəs, o cümlədən, Qarabağı və Şərqi Zəngəzuru ziyarət edən çoxsaylı xarici siyasətçilər, diplomatlar, jurnalistlər və turistlər üçün getdikcə daha aydın görünür.

Biz yeni, postmünaqişə dövründə yaşayırıq – Böyük Qayıdış başlayıb. Dövlət başçımız ölkənin ərazi bütövlüyünü bərpa etməklə azad edilmiş torpaqların miqyaslı bərpası üçün əsas yaratdı və eyni zamanda Cənubi Qafqazın siyasi memarlığını dəyişdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə müasir infrastrukturlar yaratmaq, keçmiş məcburi köçkünlər üçün yeni evlər və mənzillər tikmək mümkün oldu. Yüz minlərlə soydaşımızın arzusu çin oldu – onilliklər sürən işğaldan sonra onlar doğma torpaqlarına əmin-amanlıqla qayıdırlar. Bu işin miqyası rəqəmlərdə də öz əksini tapır. Azad edilmiş ərazilərin bərpası üçün dövlət büdcəsindən artıq on milyardlarla manat yönəldilib. Yalnız 2026-cı ildə bu məqsədlər üçün 3,5 milyard manat nəzərdə tutulub. Ən əyani misallardan biri Xankəndidir. Hələ bir neçə il əvvəl şəhər erməni separatçı rejimin nəzarəti altında idi. Bu gün burada Qarabağ Universiteti fəaliyyət göstərir, infrastruktur inkişaf edir, yaşamaq, işləmək və oxumaq üçün şərait yaradılır. Xankəndi tədricən Azərbaycanın iqtisadi, təhsil və ictimai həyatına qayıdır.

       Məhz bu prosesi erməni revanşistləri xüsusilə ağrılı şəkildə qəbul edirlər. Son otuz ildə Qarabağ "boz zona" idi. Bu gün isə bura  müntəzəm olaraq xarici liderlər, siyasətçilər, turistlər və diplomatlar gəlirlər. Onlar Şuşanı, Xankəndini, Kəlbəcəri, Zəngilanı və digər azad edilmiş rayonları ziyarət edir, bərpa işlərinin nəticələri ilə tanış olur, regionun təbiəti və tarixi abidələri ilə tanış olurlar.

Diplomatik nümayəndəliklərin səfərləri xüsusilə diqqətəlayiqdir.  Xarici dövlətlərin nümayəndələri Azərbaycan ərazisində baş verənləri öz gözləri ilə görmək və baş verənlərə dair müstəqil şəkildə qiymət vermək imkanı əldə edirlər. Lakin məhz belə səfərlər ətrafında erməni sosial şəbəkə seqmentində müntəzəm olaraq növbəti qəzəb dalğası qopur. Və burada həqiqətən də tamamilə sadə bir sual vermək istəyirsən – siz nə vaxt artıq sakitləşəcəksiniz? Belə bir isterikaya səbəb olan nədir? Xarici diplomatların Azərbaycan ərazisinə gəlməsidirmi? Onların Xankəndi və Şuşanı ziyarət etməsidirmi? Regionun bərpasını öz gözləri ilə görmələri və baş verənlər haqqında  doğru  və müstəqil fikir formalaşdıra bilmələridirmi? Cavab hələ də erməni cəmiyyətində qalan həmin problemdə – davam edən revanşist əhval-ruhiyyəsindədir. Söhbət münaqişənin yekunlarını heç cür qəbul etmək istəməyən və keçmişin siyasi təsəvvürləri ilə yaşamağa davam edən konkret qüvvələrdən və qruplardan gedir. Onlar Ermənistanda yenidən revanşist əhval-ruhiyyəni canlandırmağa çalışırlar. Yenə də "itirilmiş ərazilər", Qarabağa hansısa "hüquqlar" və yeni şərtlərə nail olmağın zəruriliyi barədə söhbətlər səslənir. Ermənilər öz acizliyini hiss edirlər, buna görə də baş tutmuş səfər belə güclü reaksiyaya səbəb oldu. Münaqişə illərində işğal olunmuş Qarabağa səfər etmiş ən yüksək vəzifəli şəxslər Minsk qrupunun həmsədrləri olmuşdu. Revanşistlər və separatçılar üçün  müxtəlif dövlətlərin səfirlərinin,  beynəlxalq təşkilatların nümayəndələrinin Şuşa və Xankəndi küçələri ilə necə addımladıqlarını görmək çox acınacaqlıdır. Ən "qorxulusu" isə onilliklər boyu erməniləşdirilmədən xilas edilmiş Gəncəsər alban monastırı ilə tanış olmaqdır. Bütün lobbi və diaspor səylərinə, bəzi şübhəli təşkilatların fəal dəstəyinə baxmayaraq, Qafqaz Albaniyasının irsini tədricən bərpa edəcək. Təqribən iki yüz il ərzində Qarabağ ərazisində alban irsinin mənimsənilməsi və qarət edilməsi üçün verilmiş gəlmə ermənilik at oynadıb. Lakin indi bu özbaşınalığa son qoyulub.Erməni müxalifəti hay-küyçü deputatların simasında hesab edir ki, Ermənistan XİN diplomatların səfəri zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin səsləndirdiyi bəyanatlardan sonra Bakıya etiraz notası göndərməli idi. Səfərin özünə qarşı etiraz etmək üçün hüquqi əsasları olmayan (millətçi isterikalar hesaba alınmır) müxalifət təsəllini "erməni irsi" məsələsində tapdı. "Erməni irsi" dedikdə xarici diplomatların tanış olduqları Gəncəsər, Xüdavəng monastırı nəzərdə tutulur. Təbii ki, qonaqlara bu mənəvi-mədəni abidənin erməni təfsiri deyil, Qafqaz Albaniyasının real tarixi təqdim olundu. Bəs o zaman  Qərbi Azərbaycanda xalqımızın mədəni-dini-tarixi irsinin bilərəkdən  məhv edilməsnə nə ad verək?  Bu vandalizmdir, irqçilikdir. Eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmadı deməkdir. Burada  yalnız erməni müxalifətinin deyil, həmçinin, parlamentin sədri Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir. Və bu Azərbaycanın daxili işlərinə müdaxilədir. Eyni zamanda,  14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi özlüyündə revanşizm əhval ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addım kimi qiymətləndirilir. Əslində hamı yaxşı xatırlayır və bütün sübutlar da var: həmin hərbi təxribatları da Ermənistan törətmişdi, Azərbaycan isə cavab vermək məcburiyyətində qalmışdı. 

    Beləliklə, bir tərəfdən İrəvan Azərbaycanla normal münasibətlərdən danışır. Digər tərəfdən isə ölkə daxilində bu prosesə qarşı nifrət yenidən qızışdırılır. Bu əlbəttə ki, qəbuledilməz bir haldır, xüsusilə də indiki vəziyyətdə. Etiraf etmək lazımdır ki, Azərbaycan və Ermənistan arasında rəsmi münasibətlərdə nəzərəçarpacaq dəyişikliklər baş verib. Bəli, əlaqələr var, ticarət inkişaf edir, normallaşma məsələləri müzakirə olunur, sülh istiqamətində addımlar atılır. Cənubi Qafqaz üçün bunlar mühüm proseslərdir və Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olmasının ardıcıl tərəfdarıdır. Lakin bununla yanaşı,  münasibətlərin normallaşması hər iki tərəfdən mövcud reallığın qəbul edilməsini tələb edir. Azərbaycan üçün bu reallıq tamamilə aydındır: Qarabağ Azərbaycan ərazisidir və onun ərazi bütövlüyü bərpa edilib.

Məhz buna görə də Bakının sülh sazişi ilə bağlı konkret tələbləri qalmaqdadır. Əsas məsələlərdən biri Ermənistan Konstitusiyasıdır ki, orada hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar qalır. Bu müddəalar qaldığı müddətcə məsələ həll olunmamış qalacaq. İrəvan bu " anlaşılmazlığı" aradan qaldırmağı – müvafiq referendum keçirməyi vəd etmişdi.  Bəli, qəti normallaşmaya aparan yol sadədir və o, Azərbaycan Prezidenti tərəfindən müəyyən edilib: referendum, yeni Konstitusiya, sülhün imzalanması. Belə və başqa cür ola bilməz. Çünki eyni vaxtda sülh haqqında danışmaq və hər bir xarici diplomatın Xankəndiyə səfərindən qəzəblənməyə davam etmək qeyri-mümkündür. Siyasi və ictimai məkanın bir hissəsi Azərbaycanın Qarabağdakı mövcudluğunu hələ də mübahisələndirmək mümkün olan bir şey kimi qəbul etməyə davam edərsə, qonşuluq münasibətləri qurmaq qeyri-mümkündür.

Vətən müharibəsi və anti-terror əməliyyatı ilə Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyini möhkəmləndirdi, ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və Azərbaycanı dünya siyasətinin güclü, hörmət edilən və müstəqil iştirakçısına çevirdi. Bakı bu gün nədənsə məhz həmin revanşistlərin unutmağa üstünlük verdiyi addımları atdı. Azərbaycan Qarabağda yaşayan ermənilərə qalmağı təklif etdi. Onlara Azərbaycan vətəndaşlığı almaq, yaşamaq və ölkə vətəndaşlarının bütün hüquqlarından yararlanmaq təklifi edildi. Bu təklif Azərbaycanın otuz illik işğal dövründə yaşamaq məcburiyyətində qaldığı bütün çətinliklərə, xalqımıza qarşı etnik təmizləmə siyasətinə, şəhər və kəndlərimizin dağılmasına, mədəni-dini-tarixi irsimizin məhv edilməsinə, saxtalaşdırılmasına, hələ də 4 mindən çox azərbaycanlının, o cümlədən, qadın, uşaq və ahılların naməlum taleyinə və digər ağrılara baxmayaraq irəli sürüldü. Lakin, nəticədə erməni əhalisinin əksəriyyəti, heç bir təzyiq olmadan  Qarabağı tərk etdi. Bu onların seçimləri idi.

Bir neçə gün əvvəl Qarabağa və Şərqi Zəngəzura xarici diplomatlardan ibarət böyük bir nümayəndə heyəti yenidən yola düşüb. Səfərdə 58 ölkənin və doqquz beynəlxalq təşkilatın 150 nümayəndəsi iştirak edib. Onlar Xankəndini, Şuşanı və digər şəhərləri ziyarət edib, bərpa prosesi ilə tanış olub, infrastruktur obyektlərini və erməni vandallığına məruz qalmış tarixi abidələri görüblər. Və belə səfərlər nə qədər çox olarsa, revanşistlərin dünyaya öz nağıllarını danışması bir o qədər çətin olacaq. Bu cür arzularla yaşamağa davam edənlərə isə sadəcə olaraq aşkar olanı qəbul etmək qalır. Müharibə bitdi, işğala son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İndi azad edilmiş torpaqlarda gələcək qurulur. Və reallıqla mübahisə etməyə çalışanlar bunu nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar.

  Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova