Daimi yorğunluğumuzun səbəbi nədir? - MÜSAHİBƏ
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov mediaya müsahibə verib.
Adalet.az müsahibəni təqdim edir:
- Nahid müəllim, ilk öncə bilmək istərdik ki, yorğunluq nədir?
- Gündəlik həyatda insanın özünü taqətsiz, halsız, yuxulu hiss etməsinə, hər hansı bir işi görmək üçün enerjinin olmamasına yorğunluq kimi baxılır. Əgər bir insan fiziki iş gördükdən sonra, yorulursa və istirahət zamanı sərf etdiyi enerjisi bərpa olunursa, bu normal hal hesab edilir.
Müayinə zamanı heç bir xəstəlik müşahidə olunmursa, istirahət etməsinə baxmayaraq, insan özünü halsız hiss edirsə və 6 ay ərzində halsızlıq getdikcə daha da artırsa, bu vəziyyət xroniki yorğunluq sindromu adlanır. Xroniki yorğunluq sindromunda yorğunluq, halsızlıq, yuxululuq və ya yuxusuzluq halı müşahidə edilir. Hər hansı xəstəlikdən dolayı yaranan yorğunluq, xəstəlik müalicə olunduqdan sonra aradan qalxır.
- Doktor, bəs yorğunluğun əsas səbəbləri hansılardır?
- Qeyd edim ki, qanazlığı olan insanlarda əsasən yorğunluq, halsızlıq, gücsüzlük, nəfəs darlığı, baş gicəllənməsi, ürəyin tez-tez döyünməsi və s. əlamətlər hiss olunur. Anemiyada olan yorğunluq orqanların toxumalarında yetərli miqdarda oksigen çatışmazlığı nəticəsində əmələ gəlir. Eyni zamanda, qalxanabənzər vəz xəstəliklərində, əsasən də orqanın həddindən artıq böyüməsi, davamlı yorğunluğa səbəb ola bilər.
Orqanizm, infeksiyalara qarşı daimi mübarizə aparmasına görə, zəif immun sistemi də xroniki yorğunluq yarada bilər. Şəkər xəstəliyi və insulin müqaviməti zamanı da yorğunluq müşahidə olunur. Belə ki, yemək zamanı qanda şəkərin dərəcəsində düşmə yaranarsa və şirin yemək istəyi, halsızlıq, ürək döyüntülərinin artması müşahidə olunarsa, buna reaktiv şəkər düşməsi deyilir. Belə insanlar tez çəki alır və özünü tükənmiş hiss edirlər.
Həmçinin, ağciyər və qaraciyər xəstəliklərinin çoxunda yorğunluq görünür.
Yuxarıda sadaladıqlarımızdan başqa hərəkətsizlik, həddindən artıq fiziki əməklə məşğul olmaq, xroniki stres və depressiya, arıqlamaq üçün pəhrizlər, antidepressant qəbulu, siqaret çəkmək və spirtli içki qəbulu, xolestrol düşürücü dərmanların istifadəsi, normal qidalanmama, vitamin və mineral çatışmazlığı, burun tənəffüsü problemləri də yorğunluğa səbəb olur.
- Xroniki yorğunluq sindromunun diaqnozu necə qoyulur?
- Xroniki yorğunluq sindromunun diaqnozu psixoloq, psixiatr və sahəyə uyğun digər həkimlərin birgə müayinəsi nəticəsində qoyulur. Öncə xəstədə olan şikayətlərin digər bir xəstəliklə əlaqəsinin olub-olmadığını araşdırmaq üçün lazım olan bütün müayinələr aparılmalıdır. Xəstədən toplanan anamnez xroniki yorğunluq sindromunda çox önəmlidir.
Xroniki xəstəliklər, eləcə də valideynlərdən genetik olaraq keçən xəstəliklər hərtərəfli araşdırılmalıdır.
- Xroniki yorğunluq sindromunun müalicəsi barədə məlumat verərdiniz...
- Müalicənin əsası simptomları yaxşılaşdırmaqdır. Hər bir xəstəyə özəl müalicə yanaşması seçilməlidir. İlk növbədə psixoloji dəstək verilməlidir, çox düşünməkdən, keçmişdə etmədiklərindən, gələcəyi həddindən artıq planlamaqdan çəkinmək lazımdır. Gün ərzində yarım saat sürətli yerimək və 1.5-2 litrə qədər su içmək önəmlidir. İş mühiti və istirahəti düzgün qurulmalıdır. Qısa müddətli və tez-tez dincəlmə mühiti yaradılmalıdır.
Bundan əlavə, pasient düzgün qidalanmanın əsas prinsiplərinə əməl etməlidir. Şirin və yağlı qidalardan mümkün qədər az istifadə olunmalıdır. Axşam yeməklərində daha çox tərəvəz və meyvə istifadəsi məqsədəuyğundur.
Müalicə boyunca xəstə hər addımda yaxşılaşacağı ilə motivasiya edilməlidir.
Digər Xəbərlər
10 Sentyabr 2026 13:15
"Yazaraq yaşayıram, yazanda dincəlirəm" - MÜSAHİBƏ
09 Sentyabr 2026 15:02
Almaniyada ultrasağçıların yüksəlişi, Ukrayna-Rusiya müharibəsi və yeni təhlükələr
07 Sentyabr 2026 11:08
Kosmetika seçərkən bu detallara diqqət edin - XƏBƏRDARLIQ
02 Sentyabr 2026 10:21
“Azərbaycan bu gün həm Şərqin, həm də Qərbin ehtiyac duyduğu ölkəyə çevrilib”
21 Avqust 2026 14:00
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21 Avqust 2026 11:11
Çiyin ağrısını yorğunluq saymayın - SN-nin mütəxəssisindən XƏBƏRDARLIQ
14 Avqust 2026 11:28
Sonsuzluqla bağlı hansı yanlış inanclar var? - SN-nin mütəxəssisi açıqlayır
07 Avqust 2026 09:29


Bakı -°C

