“Əgər Pirşağıdakı İctimai çimərliyə işıqforun qoyulması məqsədəuyğun hesab edilmirsə...”
“Xalidə xanımın, təhlükəli çimərliklərlə bağlı yazısını oxudum. Çimərlik mövsümü başladıqdan keçən qısa müddətdə dənizdə boğulanların sayı artıb. Çimərliklərlə bağlı daha bir təhlükəyə toxunmaq istəyirəm. Şənbə və bazar günlərində çimərliklərə nəqliyyat vasitələri ilə gedənlərin sayı çoxalır. Axşam dənizdən geri qayıdarkən, yollarda sıxlıq yaranır. Vaxtilə İDEA İctimai Birliyi ictimai çimərliklər yaradıb. Bunlardan biri də Pirşağı qəsəbəsindədir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, nəqliyyat vasitələrinin Pirşağıdakı İctimai çimərlikdən geri qayıtmaları əsl məşəqqətə çevrilib:
“Məsələ burasındadır ki, çimərlik Bakı-Novxanı-Sumqayıt yolunun sağ tərəfindədir. Nəqliyyat vasitəsi ana yola çıxmaq üçün həm sağ, həm də sol tərəfi gözləməlidir. Ancaq bu yol o qədər yüklənib ki, hər iki tərəfi gözləyərək ana yola çıxmaq çətindir. Doğrudur, həmin yolda sürət həddi 40 km/s və 50 km/s göstərilib. Ancaq çox az nəqliyyat vasitəsi həmin sürətə riayət edir. Bu səbəbdən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə təklif yazdım ki, Pirğaşı çimərliyi istiqamətində işıqforun qoyulması faydalı olar. Mənə cavab yazdılar ki, əsas yolda əlavə ləngimələrə səbəb olacağı baxımından hazırda svetofor obyektinin quraşdırılması məqsədəmüvafiq hesab edilmir. Halbuki, özüm dəfələrlə şahidi olmuşam ki, yayda axşam saatlarında həmin kəsişmədə qəza təhlükəsi yaşanır. Əgər Pirşağıdakı İctimai çimərliyə işıqforun qoyulması məqsədəuyğun hesab edilmirsə, nədən bir qədər irəlidəki Goradildəki İctimai çimərliyin girişində işıqfor qoyulub? Bu suala Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən cavab gözləyirəm”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

