“COVID-19 əlamətləri göz əməliyyatının nəticəsinə...” - MÜSAHİBƏ
“Oftalmoloji əməliyyat keçirmiş insanlarda COVID-19-un daha çox fəsad və ağırlaşma törətdiyi barədə heç bir tədqiqat yoxdur. Lakin pasiyent əməliyyatdan sonra bərpa dövründə COVID-19-a yoluxubsa, xəstəlik müddətində oftalmoloq nəzarəti də olmalıdır”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə COVID-19 pandemiyası dövründə göz xəstəlikləri ilə bağlı Nazirliyin saytına müsahibəsində deyib.
Adalet.az həmin müsahibəni təqdim edir:
- İmran müəllim, koronavirus gözə necə təsir edir? Bu, hansı əlamətlərlə özünü büruzə verə bilər?
- Bildiyiniz kimi, yeni virusun təhlükəsi barədə ilk məlumatı epidemiya başlamamışdan əvvəl Çinin Uhan şəhərindən olan oftalmoloq Li Venlianq verib. İddia olunur ki, o, virusa asimptomatik qlaukoma olan bir xəstədən yoluxub.
COVID-19 insanın bütün orqanlarına, həmçinin gözlərə də təsir edir. 20 faiz hallarda gözdə qaşınma ilə ağrı və işığa həssaslıq pasiyentlərdə koronavirusun yeganə əlamətləri ola bilər. Statistikaya görə, COVID-19-la əlaqədar reanimasiya şöbələrində yatan pasiyentlərin təxminən üçdə birində göz patologiyaları müşahidə edilir. Onların arasında konyunktivit, gözdə hiperemiya və hemoz daha çox rast gəlinirdi.
Müşahidələr göstərib ki, COVID-19 keçirmiş xəstələr bir-üç ay sonra oftalmoloqa müraciət etdikləri zaman xəstəlikdən sonra yaranan və uzun müddət davam edən gözdə quruluq, yandırma, göz qapaqlarının qızarmasından şikayət edirlər.
Həmçinin bərpa dövrünə diqqət yetirməyən pasiyentlərdə görmənin zəifləməsi müşahidə oluna bilər. Buna səbəb göz sinirlərinin atrofiyası, görmə sahəsinin daralması və ən son halda tam korluğa gətirib çıxaran gözün torlu qişasının trombozudur.
- Müxtəlif göz əməliyyatları keçirmiş şəxslərdə COVID-19 infeksiyası hansı fəsadları yarada bilər?
- Koronavirusun sürətlə yayıldığı dövrdə cərrahi əməliyyatların aparılması virusun yayılma riskini dəfələrlə artırırdı. Bu səbəbdən pandemiya zamanı istənilən əməliyyat, o cümlədən göz əməliyyatı, xüsusi sanitar qaydalara riayət edilməklə aparılmalıdır.
Oftalmoloji əməliyyat keçirmiş insanlarda COVID-19-un daha çox fəsad və ağırlaşma törətdiyi barədə heç bir tədqiqat yoxdur. Lakin pasiyent əməliyyatdan sonra bərpa dövründə COVID-19-a yoluxubsa, xəstəlik müddətində oftalmoloq nəzarəti də olmalıdır, çünki COVID-19 əlamətləri əməliyyatın nəticəsinə mənfi təsir göstərə bilər.
- Araşdırmalar gözlərin COVID-19-a yüksək həssaslığını təsdiqlədi. Xəstəliyin qarşısının alınmasında eynək və optik linzalar nə dərəcədə effektivdir?
- Qoruyucu eynəklərin və tam üz qoruyucu plastik maskaların effektivliyini yoxlamaq üçün ABŞ, Böyük Britaniya, Hindistan və Kolumbiyada tədqiqat aparılıb.
Tədqiqatlarda 7567 məhz yüksək risk qrupuna daxil olan tibb işçisi iştirak edib. Nəticələr qoruyucu vasitələrin effektivliyini təsdiqlədi: SARS-CoV-2-yə yoluxmanın səviyyəsi 96%-dən 40%-dək azaldı.
Kontakt linzalara gəlincə isə əksinə, pandemiya dövründə onlardan imtina etmək tövsiyə olunur. Düzdür, kontakt linzaların taxılması viruslara yoluxma ilə birbaşa əlaqəli deyil. Bununla belə, linzaları olan xəstələr gözlərinə daha tez-tez toxunurlar, bu da infeksiya riskini əhəmiyyətli dərəcədə artırır.
- Gözlərimizi koronavirusdan necə qoruyaq?
- COVID-19 pandemiyası dövründə göz gigiyenasına xüsusi diqqət yetirilməlidir. İnfeksiyanın qarşısını almaq üçün əllərinizi tez-tez yuyun, şəxsi gigiyena qaydalarına əməl edin, mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.
Bundan əlavə, şəxsi gigiyena qaydalarına əməl etməyənlərlə təması məhdudlaşdırmaq, xəstəliyin ilk əlamətləri aşkar edildikdə dərhal həkimə müraciət etmək məsləhətdir.
Əgər yoluxmuş şəxslə təmasda olmaq məcburiyyətindəsinizsə, o zaman xüsusi qoruyucu eynəklərə üstünlük verilməlidir. Ümumiyyətlə, eynəkdən yalnız günəşli havalarda deyil, soyuq havalarda da istifadə edilməlidir.
Digər Xəbərlər
16 Sentyabr 2026 18:48
Qulu AĞSƏS: “ADAM VAR, YATANDA UÇUR, ADAM DA VAR, UÇANDA YATIR”
10 Sentyabr 2026 13:15
"Yazaraq yaşayıram, yazanda dincəlirəm" - MÜSAHİBƏ
09 Sentyabr 2026 15:02
Almaniyada ultrasağçıların yüksəlişi, Ukrayna-Rusiya müharibəsi və yeni təhlükələr
07 Sentyabr 2026 11:08
Kosmetika seçərkən bu detallara diqqət edin - XƏBƏRDARLIQ
02 Sentyabr 2026 10:21
“Azərbaycan bu gün həm Şərqin, həm də Qərbin ehtiyac duyduğu ölkəyə çevrilib”
21 Avqust 2026 14:00
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21 Avqust 2026 11:11
Çiyin ağrısını yorğunluq saymayın - SN-nin mütəxəssisindən XƏBƏRDARLIQ
14 Avqust 2026 11:28


Bakı -°C

