adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Yanvar 2023 12:07
601
ƏDƏBİYYAT

Çırtma səs ilə qarpız seçin - Aqşin Yenisey yazır

Məşhur ingilis diplomatı, müstəmləkə strateqi, orientalist Artur Balfur Şərq xalqları haqqında deyir:

"Şərq adlanan bütün bölgələri başdan-başa dolaşaraq şərqlilərin tarixini gözdən keçirsəniz, "özünüidarəetmə" (Self-Govemment), prinsipinin ən kiçik izini belə tapa bilməzsiniz. Həqiqətən, onların əzəməti ilə seçilən keçmişdəki bütün böyük əsrləri despotizm və mütləq gücün işidir. Fatehlər fatehləri əvəz edib, güc gücə qalib gəlib, lakin heç bir dövrdə, heç bir inqilabi hərəkatda nə əvvəldə, nə də sonda bu xalqların heç biri Qərbdə "özü-özünü idarəetmə" dediyimiz şeyi, yəni öz müqəddəratını təyinetmə fikrini ağıllarına belə gətirməyiblər. Bu, bir həqiqətdir. Üstünlük və ya gerilik məsələsi deyil. Həqiqi bir Şərq müdriki bizim Misirdə və ya Şərqin başqa yerlərində gördüyümüz, öhdəlik götürdüyümüz hökumət işlərinin bir fikir adamına layiq iş olmadığını, bunun bir toz-torpaq, palçıq işi olduğunu, zərurətə xidmət etmək olduğunu deyəcək”.

Eduard Səidin "Orientalizm" kitabından.

Balfur İran İnqilabını görmədi, görsəydi Şərqdə uğurla nəticələnən inqilabın, xalq işinin də despotizmə, mütləq gücə xidmət etdiyini öyrənmiş olacaqdı.

Yuxarıdakı abzasda ən ciddi həqiqət Şərq müdrikinin hökumət işini qara adamların işi kimi görməsi və zərurətə xidməti axmaqlıq hesab etməsi fikridir. Çünki Şərq müdrikinin vətəni, ölkəsi bu gün də yerdə yox, göydədir. Qara camaatı da irəliləyən dəqiqələrdə padşahlara layiq cənnət gözləyir.

Mən də sizə bunu deyirəm ki, müdrikli-cahilli bu cür düşünən xalqlar uğurlu sistem qura bilməzlər. Yaponiya, Cənubi Koreya da Qərbin Şərqə təqdim etdiyi idarəetmə modelləridir; yəni qara iş hesab etdiyiniz idarəçiliyi bizə verin, özünüz gedin ələm uçurdun, çırtma səs ilə qarpız seçin. Sizdən sistem quran olmaz!