adalet.az header logo
  • Bakı -°C
09 Dekabr 2025 09:00
112
GÜNDƏM
A- A+

Cinayətkarlar cəzalarını alacaqlar

Xalqımızın ağrılı-acılı 30 ildən artıq davam edən yurd nisgili, vətən həsrəti, qaçqın və köçkünlük əzabları 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandanın əmri iə başlanan 44 günlük Zəfər müharibəmizin qələbəsi ilə tarixin yaddaşına köçdü. Doğrudur, xalqımız şəhidlərimizin, qazilərimizin igidliyi və ölməzliyi qarşısında baş əyməklə onları əbədi yaşadacaq. Vətən müharibəmizin şanlı tarixi həmişə yaddaşımızda diri qalacaq. Deməli, biz həm də tariximizin bir qanlı səhifəsini - vətənsiz keçən 30 ilimizi də unutmayacağıq…

Çünki bu tarix bizə VƏTƏNin bütün coğrafiyasını təkrar yaşamağa, xatırlamağa və bununla da Kimliyimizi təkrar dərk etməyə bir ipucu oldu. Yəni vətənimizi də, özümüzü də yenidən tanıdıq. Üstəlik, bu tarix sapı özümüzdən olan baltaların kimliyini də üzə çıxartdı. Mələk donuna bürünmüş iblislər ordumuzun da, dövlətimizin də, iqtidarımızın da içərisinə sızaraq bizim acılarımızı, ağrılarımızı daha da artırdı, yaralarımızı daha da dərinləşdirdi. Bu ağır yaraların izi bu gün istintaq altında olan, məhşər ayağına çəkilən Ramiz Mehdiyev və onun tərəfdarlarının  ünvanına gəlib çıxır. Bir az da açıq desək törədilən müharibə cinayətlərində neçə-neçə əsgər və zabitin haqsız, ağır cəzalara məhkum edilməsində, qətlə yetirilməsində, bilavasitə onların özəl xidmətləri olub. 

Bu gün hamının ürək ağrısı ilə barəsində danışdığı “Tərtər işi” cinayətinin müəllifləri də, icraya yönəldənlər də məhz Ramiz Mehdiyevin qanadı altında olan qulbeçələri olubdur. Onlar bununla müharibənin ömrünü uzadır, həm  də erməniyə xidmət edirdilər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük diqqət və səbr nümayiş etdirməklə törədilən cinayətlərə zamanında sərt təpki göstərməsi nəticəsində  Ramiz Mehdiyev komandasının törətdikləri cinayət əməlləri artıq ortalıqdadır. Onlar öz cinayətləri ilə üz-üzədir. Bu cinayətlərdən hansısa bir formada özünü kənarlaşdırmaq, bitərəf olmaq yolu qalmayıb. Çünki hər şey məlumdur: cinayət də, cinayətkarlar da.

Bu bir həqiqətdir ki, törədilmiş cinayətlərdən  yayınmaq olar, ancaq qaçıb qurtarmaq olmaz. Yayınma isə sadəcə müvəqqətidir. Özü-özünü aldatmaqdır. Dünyada ən böyük ədalət Allaha və bir də o ədaləti qanunlarla qoruyan ölkə rəhbərinə məxsus vəzifədir.

Biz inanırıq ki,  möhtərəm prezidentimiz həmişə olduğu kimi öz ədaləti ilə Ramiz Mehdiyevin özünün və çevrəsinin cəzasını layiqincə verəcəkdir. 

Ə. Əliyev