adalet.az header logo
  • Bakı -°C
03 Mart 2026 17:08
114
GÜNDƏM
A- A+

Leyla Əliyeva: Əgər Xəzər çətin vəziyyətdədirsə, demək ki, dünya ekosistemi təhlükə altındadır

Xəzər dənizi qlobal ekosistemin güzgüsüdür.

Adalet.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında bildirib.

IDEA İctimai Birliyinin rəhbəri deyib ki, istənilən fəaliyyət müzakirə olunarkən, ətraf mühitin qorunması hər zaman prioritet olmalıdır.

O qeyd edib ki, dünya tarixi enerji keçidi dövrünü yaşayır: “Bəli, təbii qazın qlobal enerji təhlükəsizliyində mühüm rolunu qəbul edirik. Lakin ölkəmiz daha təmiz enerjiyə doğru irəliləməlidir. Fosil yanacaqların hava, su və vəhşi təbiətə vurduğu zərəri görməzlikdən gələ bilmərik”.

Leyla Əliyeva vurğulayıb ki, hər il hava çirklənməsi milyonlarla insanın həyatına son qoyur, uşaqların böyük əksəriyyəti zəhərli hava ilə nəfəs alır, okeanların əhəmiyyətli hissəsi isə insan fəaliyyəti nəticəsində çirklənməyə məruz qalır.

IDEA rəhbəri çıxışının əsas hissəsini Xəzər dənizinə həsr edib: “Xəzər dənizi təkcə bizim və sahilyanı ölkələrin problemi deyil. Əslində, Xəzər daha geniş qlobal ekosistemin güzgüsüdür. Əgər Xəzər çətin vəziyyətdədirsə, demək ki, dünya ekosistemi də təhlükə altındadır”.

O əlavə edib ki, Xəzər dənizinin səviyyəsinin ildən-ilə azalması ciddi narahatlıq doğurur: “Ancaq mən pozitiv düşüncəyə inanıram. Əminəm ki, birlikdə çalışaraq Xəzərin səviyyəsinin yenidən qalxmasına nail ola bilərik və onun Aral və Urmiya kimi yox olmasına imkan vermərik. Lakin hərəkətə keçmək üçün zaman məhz indidir”.

Leyla Əliyevanın sözlərinə görə, Xəzər dənizinin heyvanat aləmi təhlükə altındadır: “Son yüz ildə Xəzər suitilərinin sayı 1 milyondan 200 minə düşüb”.

O qeyd edib ki, milyonlarla insanın yaşayışı, limanlar və gündəlik iqtisadi fəaliyyətlər də bu prosesdən təsirlənir.

Leyla Əliyeva çıxışı zamanı Azərbaycanın “yaşıl enerji” istiqamətində atdığı addımlara da toxunub: “Ölkəmiz bərpa olunan enerji layihələrinə fəal şəkildə sərmayə yatırır və “yaşıl enerji” mərkəzinə çevrilməyi hədəfləyir”.

Leyla Əliyeva IDEA İctimai Birliyinin həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təbiətin qorunması istiqamətində geniş layihələr həyata keçirdiyini xatırladıb: “Layihələrimiz milyonlarla ağacın əkilməsi, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması və gənclərin ekoloji maarifləndirilməsini əhatə edir”./APA