adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Çayxana - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
828 | 2022-12-05 12:40

Yadıma Rafaelin «Azneft»dəki akademiyaya bənzəyən çayxanası düşdü

 

...Ötən əsrin 70-ci illərində Bakının gözəl bir məkanında gözəl bir çayxana var idi. Daha doğrusu, bu, çayxanadan çox akademiyaya bənzəyirdi. Ən istedadlı, savadlı və ziyalı adamları o çayxanada tapmaq olardı. Çayxananı da Rafael adlı bir oğlan işlədirdi. Çayı kimi özü də şirin idi. Və biz tələbələrə çox böyük hörmətlə yanaşardı. Hətta pulumuz olmayanda deyərdi ki, pul- zad lazım deyil, təqaüd alsanız çay pulunuzu verərsiz, təqaüd almasanız verməzsiz...

...O çayxanada Azərbaycanın çox böyük ziyalılarını tanıdım. Kim yox idi orda? Aydın Məmmədov, Vidadi Məmmədov, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Kamil Vəli Nərimanoğlu, Seyran Səxavət, Nüsrət Kəsəmənli, Aqil Abbas, Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Maarif Soltan, Vasif Quliyev... və adı, soyadı yadıma düşməyən digər böyük Azərbaycan ziyalıları... Şairlər, yazıçılar, dramaturqlar, aktyorlar, müğənnilər, xanəndələr və bəstəkarlar...

Biz həmişə dərsdən sonra o çayxanaya qaçardıq. Daha doğrusu, çayxanaya gedərdik ki, adını çəkdiyim bu böyük ziyalıların bal kimi şirin söhbətlərini eşidək. Hətta universitetdə oxumadığımız, öyrənmədiyimiz mətləbləri o çayxanada eşidirdik. Eşidirdik ki, Azərbaycan müstəqil dövlət olmalıdı... Eşidirdik ki, biz hamımız bu Vətən, bu torpaq uğrunda mübarizəyə və mücadiləyə hazır olmalıyıq... Eşidirdik ki, bu ziyalıların hər biri bir günəşə bənzəyirdi...

Elə ona görə də hər gün bu çayxanaya gedər, onların «mühazirələr»inə, söhbətlərinə, heç kimə və heç nəyə oxşamayan unikal fikirlərinə hakim kəsilirdik. Tələbə yoldaşlarımızın əksəriyyəti bax, o akademiyaya gedərdi. Hətta dərsdən qaçanlar ora yaman can atardılar. Bayaq dedim axı, o bal kim şirin söhbətlərin və işıqlı düşüncələrin sahibi olmaq üçün...

...Orda bəzən dava da düşərdi. Amma bu dava o davadan deyil. Fikirlərin və düşüncələrin bir-birinə dəyib toqquşduğu dava idi. Hansı fikir və hansı düşüncə işıqlı idi, o da bizim düşüncəmizə və ürəyimizə yol açırdı və bir də hiss edirdik ki, balam, Ramiz Rövşənin, Seyran Səxavətin, Aydın Məmmədovun, Vaqif Cəbrayılzadənin işıqlı və gün işığı kimi hərarətli söhbətləri ürəyimizi və qəlbimizi işıqlandırır. Bax, həmin çayxana üçün bu gün də mənim burnumun ucu göynəyir. Çayxana çoxdur ey, amma Rafaelin akademiyaya bənzər çayxanası kimi çayxana yoxdu.

Bu günlərdə dostum, yazıçı-publisist, Prezident təqaüdçüsü Səməndər Məmmədov dedi ki, Yeni Günəşlidə bir kafe var - adı da «Qartal»dı. Ora çox maraqlı adamlar gəlir. Səməndər müəllim bu söhbəti salanda o dəqiqə yadıma Rafaelin «Azneft»dəki çayxanası düşdü. Ora gələnlər kimlərdi? Səməndər müəllim də dedi ki, narahat olma, çox rahat və sakit yerdi. Ən çox da ziyalılar, yaradıcı adamlar və alimlər toplaşır bu çayxanaya, bu yeməkxanaya. Amma yaxşı da çay verirlər. Yeməkxananı da əslən Lerikdən olan Rasim adlı bir mehriban insan işlədir. Özü də Rasimin ürəyi o qədər yumşaqdır ki, şair, yazıçı, alim görəndə az qala onlara gözünün yağın yedirsin. Sözün düzü, mən çayxanaya və yeməkxanaya gedən adam deyiləm. Ancaq Səməndər müəllim deyirdisə, ora gedib dəyməyə dəyərdi.

Və bir gün də Səməndər müəllimlə həmin deyilən ünvana – «Qartal» kafesinə üz tutdum. Ab-havadan, münasibətlərdən hiss etdim ki, burdakı aura o biri çayxanalar kimi deyil. İçəridə siqaret çəkilmir və bəzən müştərilər başqa yerdə olduğu kimi, ağzını Allah yolunda qoyub nə gəldi danışmır...

Səməndər müəllim kafeyə girən kimi özünəməxsus bir şirinlik ilə dedi:

- Ay Rasim qağa, bax, sənə təzə bir müştəri gətirmişəm. O qədər tərifləmişəm ki, dostum da bura üz tutub.

Rasim çox diqqətlə Səməndər müəllimi dinlədi və bildirdi:

- Qardaş, mən həmişə ziyalılara böyük hörmətlə yanaşıram. Kim gəlir-gəlsin, heç harda belə ucuz çay içməyəcəklər. Mən yeganə adamam ki, bir çaynik çayı bir manata verirəm. Söhbət çaydan getmir ey, həm də xoş bir məqamdan gedir. Bura gələn heç vaxt məndən narazı qalmayıb.

Səməndər müəllim zarafatla:

- Yox, bir adam narazı qalıb – İlqar müəllim.

Rasim yenidən dilənir:

- Ay kişi, o zarafatçılın biridi. O qədər şirin söhbət edir ki, adam onun söhbətinin şirinliyindən doymaq istəmir. Amma hərdənbir acı sözü də var. Yəni düz danışan adamdı, düz söz də acı olur.

...Beş dəqiqə keçmir ki, masamızın üstünə bir çaynik çay gətirilir. O çayı da Gülnar adlı bir xanım masanın üstünə qoyur. Deyir ki, nuş oslun! Sonra da bizim özümüzlə maraqlanır. Sən demə, bu xanımın da yazıçı, ziyalı adamlara böyük hörməti varmış. Az-çox mətbuata, kitab-qələmə bələd insandı. Bir balaca da özü haqqında söhbəti açdı. Gördük ki, yox, bu xanım həm səviyyəli, həm də zəhmətkeş insandı. Öz halal zəhməti ilə yaşamağı hər şeydən üstün tutur...

İlqar Hüseynov Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiridi, professordu. İlqar müəllim mənim oğlu Emilə kulturologiyadan dərs deyib, imtahandan da «5» yazıb. Digər bir dostumuz Şikar Hüseynov pedaqoji elmlər namizədidi, dosentdir. Sumqayıt Dövlət Universitetində dərs deyir. Fəxrəddin müəllim isə gözəl rəssamdı. Əmircanlıdı. Və Səttar Bəhlulzadənin kəndçisidi. Çox danışmağı sevmir. Ancaq biz danışana qulaq asır. Çox nadir halda nəsə bir söz deyər. Mənim Fəxrəddin müəllimə bir ziyalı, bir dost, bir qonşu kimi çox böyük hörmətim var. Həddindən artıq səbirli adamdı. Dərdini, kədərini, qəmini heç kimə bildirməz…

Şikar müəllimin isə özünəməxsus xarakteri var: ipək kimi yumşaq, sadə və uşaq kimi təmiz ürək sahibidi. Və hər bir sıxıntını, ağrını-acını öz içində çəkər. Heç kimə də mənfi enerji, ağrı-acı ötürməz. Yaxşı da bir idmançı oğlu var. Mən hər gün stadiona idman etməyə gedəndə o gənclə rastlaşıram, salamlaşırıq, hal-əhval tuturuq. Həddindən artıq tərbiyəli uşaqdı. Və eyni zamanda məşğul olduğu döyüş növünü digər gənclərə də böyük həfəslə öyrədir.

...Elə bil mətləbdən bir qədər uzaq düşdüm. Səməndər müəllim öz dadlı, öz duzlu, şirin söhbətləri ilə həmişə məclisi ələ alır. Bu da təsadüfi deyil. Çünki Səməndər müəllim də xalq yaradıcılığından, klassik poeziyamızdan və bütün mədəni irsimizin bulağından su içib. O, başdan-ayağa sazdı, şeirdi, poeziyadı, yumordu. Daha doğrusu, xalq şairi Zəlimxan Yaqubun dili ilə desək, Səməndər Məmmədov Zəlimxan Yaqubun səyyar kitabxanasıdır. Zəlimxan Yaqubdan sonra onun poeziyasını xalqa çatdıran, sevdirən böyük bir ziyalıdı. O nə qədər danışsa da, bal kimi söhbətdən doymaq olmur...

Birdən Rasim qağa yenidən səslənir:

- Mənim özüm yaxşı futbol oynamışam və futboldan da başım çıxır. Mən bilirəm ki, futbol nə deməkdir. Amma indi hər yerindən duran futboldan danışır. Az qala məşqçilərə məsləhət verələr...

...Bu vaxt usta Tahir gəlir. O da cavan, gənclik vaxtında Ağdamın futbol klubunda oynayıb və mübahisə başlayır, nə başlayır. Rasimlə bir-birini topa tuturlar. Aranı Səməndər müəllim sakitləşdirir. Deyir ki, hər ikiniz futbolu yaxşı bilirsiz. Amma mən futbol adamı deyiləm. Bura gəlmişik ki, bir az dincələk, qanımız durulsun...

Şikar müəllim söhbətə qoşulur:

- Rasim qağanın alimlərə, ziyalılara böyük hörməti var. Amma nədənsə bəzən cığallıq edir.

Rasim:

- Cığallıq eləmirəm ey, alimlərə, ziyalılara böyük hörmətim var. Yadıma «Qayınana» filmindən bir epizod düşür. Orda ticarətlə məşğul olan mağaza müdiri deyir ki, bir azdan alimlər gələcəklər, cib boş, baş dolu, mənimki onlarla tutmaz. Amma o kişidən fərqli olaraq mənimki sizinlə tutur. Heç çaypulu da istəmirəm. Təki gəlin bura, görsünlər ki, kimlər gəlib çay içir...

...Şirin söhbətlər bir-birini əvəz edir. Bayırda yağış yağır, amma Rasim qağa isə odun sobasını qalayıb. İçəri istidir. Adama lap ləzzət edir. Amma hər şeydən isti Səməndər müəllimin, Şikar müəllimin, İlqar müəllimin, Fəxrəddin müəllimin və usta Tahirin isti və unikal söhbətləridi. Bu söhbətlər bu payız günündə ürəyimizi və qəlbimizi isidir və düşünürük ki, nə yaxşı ki, Rasim qağa kimi, usta Tahir kimi sadə insanlar alimə, yazıçıya, ziyalıya dəyər verir. Alimə, yazıçıya, ziyalıya dəyər verən millət həmişə üzü işığa doğru addımlayır...

TƏQVİM / ARXİV