adalet.az header logo
  • Bakı -°C
31 Avqust 2026 08:00
30
ƏDƏBİYYAT
A- A+

Bu necə yuxudu? Cavab ver mənə

Mən səni yuxuda görmüşəm, bacı,
Gördüm ki, həyatın olubdu acı.
Gördüm ki, dərdin var, yoxdu əlacı.

Bu necə yuxudu? Cavab ver mənə.

******

Gördüm ki, çay gəlir, bulanır suyu,
Gördüm ki, çağırır səni bir quyu,
Gördüm ki, yeyilib kiminsə payı.

Bu necə yuxudu? Cavab ver mənə.

******

Gördüm ki, sevgilin atıbdı səni,
Yaradıb sənin çün dumanı, çəni,
Gördüm ki, görməyir sevgilin önü.

Bu necə yuxudu? Cavab ver mənə.

******

Gördüm ki, yanırsan, görünmür külü,
Gördüm ki, ah-nalən yandırır çölü.

Gözündən axan yaş yaradıb seli,

Bu necə yuxudu? Cavab ver mənə.

******

Gördüm ki, ay dostum, qəmlənmisən sən,
Zil qara bir rəngə bürünmüsən sən,
Qəm olub dünyaya ələnmisən sən.

Bu necə yuxudu? Cavab ver mənə.

******

Gördüm, göz yaşların selə dönübdü,
Axıb damla-damla gölə dönübdü,
Gördüm, hər bir anın ilə dönübdü.

Bu necə yuxudu? Cavab ver mənə.

******

Mən sənə zəng etdim, cavab vermədin,
Dərdini mənimlə niyə bölmədin?
De, səni çağırdım, niyə gəlmədin?

Bu necə yuxudu? Cavab ver mənə.

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.