adalet.az header logo
  • Bakı -°C
05 Mart 2026 10:36
73
SİYASƏT
A- A+

Böyük güclər arasında nüfuz savaşı.... - Sabit Əzimov yazır

Bu günlər demək olar ki, dünyanın hər yerində ABŞ -İsrailin İrana qarşı birgə müharibəsi diqqət mərkəzindədir. Əlbəttə ki, tərəflər arasında danışıqlar prosesində lazımı irəliləyiş əldə olunmadığı üçün artıq silahlar işə düşmüşdür.

Birmənalı olaraq qeyd etməyi vacib hesab edirəm ki, artıq dünyada mövcud reallıqlar yeni-yeni baxışlara söykənir. Bunlardan ən vacibi yeni düzən xəritəsi ətrafında olan söhbətlər, baş verən reallıqlardan ibarətdir. Rusiya -Ukraynada baş verənlər, İsrail -Fələstin müharibəsi , Venesuela da aparılan antiterror əməliyyatı, Qrelandiya ,Kanada ilə bağlı istəklər artıq günün əsas mövzularından hesab edilir. Ötən il İranla 12 günlük müharibə ,son günlərdə təkrarlanaraq ABŞ-İsrail birliyi ilə İrana qarşı endirilən güclü bombardman onu deməyə əsas verir ki, terror birləşmələri və nüvə istehsalına qarşı yönəldilmiş müharibənin başlanması heç də qısa müddətdə baş verənlərdən ibarət deyildir.

Dünyada vahid güc mərkəzinə çevrilmiş ABŞ Yaxın Şərq və onunla qonşu ölkələrdə öz strateji maraqlarına uyğun tədbirlərin görülməsi üçün uzunmüddətli proqrama uyğun davranış nümayiş etdirir. Nəzərə alsaq ki, dünyada Çin , Rusiya da regional maraqlarını genişləndirmək istəyində olduğunu diqqət mərkəzində saxlamaq üçün çalışsalar da ,hazırkı proseslərdə siyasi, hərbi dominantlığın kimin tərəfində olduğunu aydın görürük. Səbəblər və nəticənin əldə edilməsi baxımından yaranmış vəziyyətin necə dəyişəcəyinə konkret fikir söyləmək çətindir. Niyə ? Çünki mövcud vəziyyət təhlil edilərkən hiss olunur ki ,ABŞ özünün kimliyini- iqtisadi və hərbi güc mərkəzi olduğunu açıqlayaraq İranın terrorla əlaqəsini , nüvə silahı əldə etmək istəyini sıfırlamaq niyyətindədir. Dünya iqtisadiyyatına güclü təsir edən Hind okeanından Atlantik okeanına qədər olan məsafə üzərində nəzarət necə formalaşacaq ? Çin -Rusiyanın İranla strateji və regional əməkdaşlığı davam edəcəkmi, edəcəksə qloballaşan müharibənin sonu necə olmalıdır ? İranın qonşu dövlətlərlə münasibəti, cavab atəşləri ilə ABŞ-nin bazaları, İsrailə endirdiyi zərbələrin nəticəsi olaraq vəziyyətin davamı heç də asan olmayan qarşıdurmanın sürətlənəcəyinə əsas verir.

Bu gün ABŞ-nin müdafiə naziri Peete Heqseth , qərargah rəisi general Dan Keyn mətbuat konfransında bildiriblər ki ,İranın səması onların nəzarətindədir, İranın öldürülmüş rəhbərlərini ,orduya rəhbərlik edənləri əvəz edənlər başlarını yuxarı qaldırıb baxanda ABŞ -İsraili görürlər. Müdafiə naziri belə bir müqayisə etdi ki, iki futbol oynayan komanda arasında birinci hissə 20 top hesabı ilə ABŞ-nin xeyrinədir , ikinci hissədə isə əks tərəf nə edəcəyini bilmir . O ,qeyd etdi ki, plan üzrə mümkün olan - nəzərdə tutulmuş qaydada daha ciddi tədbirlər görüləcək ,bu sahədə İsrailin yaxın tərəfdaş-qəhrəmanlığını da alqışlayırıq , birlikdə fəaliyyət dairəsini genişləndirmək niyyətindəyik .

Təəssüf ki, dünya birliyi tərəfindən ölkələrin yaşadığı problemlərin həllinə yönəldilmiş qərarların qəbul edilməsində cavabdeh beynəlxalq qurumlar , dövlətlərin suverenliyinə cavabdeh olan BMT gecikir ,bir sıra hallarda fəaliyyətsizliyi göz önündədir.

Xalqımız , işğala məruz qalmış ölkənin vətəndaşları olaraq yaxşı bilirik ki ,müharibələr istənilən halda fəlakət, dağıntılar, milyonlarla insanın əzablarına düçar olur ,lokal və qlobal müharibələr dünyadakı sağlam mühitə zərbə vurur, ekoloji cəhətdən təmiz su, hava, torpaq çirklənir.

Vaxtında regionda sülhün yaranmasına təminatçı olmalı olan qonşu dövlətlərin müharibələrə cəlb olunması onu təsdiq edir ki, qonşunun çəpərinə düşən alov çox təhlükəlidir, zamanında sülhün yaranmasına dəstək verməmək , sabitliyi pozmağa çalışmaq ,doğru olan istiqamət seçdiyimiz zaman bu bizim üçün " qırmızı xəttdir " deyərək əzələ nümayiş etdirərək regiona sülhün gətirilməsi vacib amillərdən olduğu halda, bunun üçün gecikmələrin nəyə gətirib çıxardığı göz önündədir.

Yer kürəsi insanların yaşadığı, bütün nemətlərlə təmin olunduğumuz Ulu Tanrının bəxş etdiyi ən gözəl məkandır. Dünyada sülhü bərpa etmək, qorumaq və gələcək nəsillərə ötürmək müqəddəs borcdur.

Bizlər- Allahın ən mütənasib formada yaratdığı insanlar dünyamızı qorumalı, müharibələrə son qoymalıyıq, yoxsa gec olacaq.