adalet.az header logo
  • Bakı -°C
05 Mart 2026 11:44
71
SİYASƏT
A- A+

“Bu iş hər bir dövlət başçısına nəsib olmur...”

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında Prezident İlham Əliyevin nitqi həcm baxımından qısa olsa da, mahiyyətinə görə çox dərindir. Bu barədə çox yazmaq olar”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

O, bir neçə məsələni qeyd etməyi vacib saydığını bildirib:

“Birincisi, məlumdur ki, tarixən ölkəsi ətrafında cərəyan edən ən mürəkkəb planları pozmağı, ağrılı problemləri həll etməyi, keçilməz şəraitləri aşaraq onları dövləti və milləti üçün uğura çevirməyi yalnız dünyada gedən prosesləri düzgün oxuyan, dərin, strateji zəka sahibi olan, qətiyyətli, yenilməz iradəli, nadir dövlət rəhbərləri bacarırlar. Bu iş hər bir dövlət başçısına nəsib olmur. Bir zamanlar Azərbaycan bəzi ölkələrdən qaz və elektrik enerjisi idxal etmək məcburiyyətində idi. Həmin dövlətlər də ondan çox vaxt siyasi təzyiq vasitəsi kimi istifadə edirdilər. Bu gün Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini etibarlı təmin edir, eyni zamanda müxtəlif xarakterli bir neçə beynəlxalq təşkilatın üzvü olan “qoca qitə”nin – Avropa ölkələrinin xalqlarını qışın soyuğunda donmaqdan və enerjidən siyasi təzyiq aləti kimi istifadə edən dövlətlərin təzyiqlərindən qoruyur. Avropa İttifaqının 10 dövlətinin Azərbaycandan qaz alması, Almaniyaya və Avstriyaya qaz tədarükünə başlanması Azərbaycanın həmin ölkələr üçün vazkeçilməz olduğuna gətirib çıxarıb”.

Onun sözlərinə görə, ikincisi, Azərbaycan qazından istifadə edən ölkələrin coğrafiyasının genişləndirilməsi, sayının 16-ya çatması, bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsi ilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yeri tutması uğurdur:

“Azərbaycan qazı Avropa qitəsinin hüdudlarından kənara çıxaraq Asiyada Suriyaya ixrac edilir. Bu sadəcə Suriyaya qaz ixracı anlamı daşımır, ölkədəki ictimai-siyasi şəraitə də müsbət təsir edir. Üçüncüsü, yeni yaşıl enerji mənbəyi olan Azərbaycandan Avropaya Qara dənizin dibi ilə çəkilən enerji kabeli və Mərkəzi Asiyadan ölkəmizə gələn enerji kabeli üzərində işin getməsi alternativ enerji sahəsində Azərbaycanın üstün bacarığından xəbər verir. Nəhayət, enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayan Azərbaycanın Qazaxıstan və Türkmənistanın neftini ölkəmizin neft sistemi vasitəsi ilə nəql etməsi sadəcə enerji, iqtisadi məsələ deyildir, qardaş dövlətlərin müstəqilliyini möhkəmləndirir, bəlli qütbdən olan təzyiqləri azaldır. Bir zamanlar Rokfeller deyirdi ki, neftin tranzitini hansı ölkə həyata keçirirsə, hasilatı da, satışı da onun əlindədir. Tranzit ölkə olması Azərbaycan, Qazaxıstan və Türkmənistanın qardaşlığını möhkəmləndirir. Heç şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin strategiyasının, qarşılıqlı faydalı əməkdaşlığa daim hazır olmasının nəticəsidir, dövlət-milli maraqlarımıza tam cavab verir, dünya siyasətində şəxsiyyət amilinin necə böyük rol oynadığını göstərir”.

Vasif ƏLİHÜSEYN