Bir qadın var hardasa

Adalet.az şair Qismət Rüstəmovun şeirlərini təqdim edir:
o gün, hə, o gün
sən dodağında qırmızı qətiyyət,
əynində "qadın hüquqları və qaşqabaq”
gəlmişdin görüşə,
mən boğazıma qara bir ciddiyət taxıb,
təraş olub,
bəyəndiyin ətirdən də vurmuşdum.
O gün idi, hə, o gün
13-ü cüməyə düşmüşdü,
"Araz” kafesində ayrılmaq üçün görüşürdük,
Azərbaycan kimi...
ofisiant,
bizi görən kimi öskürmüş,
sifətinə gülüş, dilinə hazır rusca sözlər geyinib
gəlmişdi yanımıza.
Mən "Günah anandadı !” salatı ,
yanında "Sən məni başa düşməzsən” qızartması istəmişdim.
Sən "Özün bilərsən” şorbası demişdin,
bir də "Mən yaxşı yaşamaq istəyirəm” püresi.
Sükutun qədəhinə
qırmızı, kəmturş ittihamlar süzülən kimi,
hörmət quşunun boğazı üzülən kimi,
hesabı istəmişdik.
O gün, hə, o gün,
13-ü cüməyə düşmüşdü
Ucuz bir ayrılığın hesabını ödəmişdik
alman hesabı.
Sən masadan
"Sənə qalmamışam” deyərcəsinə çantanı götürüb
getmişdin.
Mənsə addımlarımın
saatını çox geri çəkmişdim,
amma qürurumdan,
-çinarlara qohum qürurumdan-,
sən bir Meduza kimi uzaqlaşarkən,
dönüb baxmamışdım arxanca.
arada düşünürəm o günü :
dönüb baxmışdınmı arxamca?
Baxmışdınsa axı nədən
o gün o küçədə
bircə heykəl vardı,
Nizaminin heykəli.
İstefa.
Zalımın qızı,
bu qədər az sevincə
sənin həsrətin heç kim çəkməz.
Amma neyləməli yaşamaq da lazımdı...
Səhər səkkizdən axşamacan
həsrət çək ki,
nə var-nə var
ayın axırı bir tulapayı gülüşə qol çəkəcəksən.
O gülüşü də bilməyəcəksən
hara xərcləyəsən...
Balansına ünsiyyət doldurasan,
ya yığıb dostları darıxmaq süfrəsinin başına
ayıqlığın qədəhinə tərif süzəsən?
Bu gülüşün dərdi birdi ki...
işıq qapını döyəcək: nurumun haqqını ver,
su qapına qəbz qoyacaq: gülüş yoxdursa, təmizlik də yoxdur !
qaz fısıltıyla dillənəcək: ya üzümə gül, ya da don.
Yox, olmur, vallah belə olmur
bizim əlimiz bütün rənglərə batsın
amma gədə-güdələr
əlini ağdan-qaraya vurmadan,
səhər səkkizdə durmadan,
bir topa sevinc alsın.
Sağa-sola hırıldasın.
Olmaz, qəti olmaz
sənsizliyin hamballığını biz edirik,
kefini özgələr çəkir.
Bax sabah, günü sabah
gedib ərizəmi yazacam
və kişi kimi
istefa verəcəm sənsizlikdən...
Gecə barında səhərə yaxın.
Zarafatı sevirdik amma
Aprelin 1-i dünən ölmüşdü.
Gecə 3-ə 27 dəqiqə qalırdı,
sən ya söndürülmüşdün,
ya da özgənin əhatə dairəsindəydin.
Mən o qədər təkiydim ki,
sevinər olmuşdum:
heç olmasa özüm varam öz yanımda...
gecə 3-ə 20 dəqiqə qalırdı,
dəqiqəbaşı əjdaha alışqanım öskürürdü
nəfəsi alov olurdu.
Hansı barmenə salam versəm
Molotov olurdu,
mən kokteyl istəmirdim.
Sərxoşluq dünyanı başıma
üzərrik kimi fırladırdı.
Gecə 3-ə 18 dəqiqə qalırdı
hamı bir-birini aldadırdı
mən sənin üst dodağını
oynatmağını xatırlayırdım
it kimi darıxırdım...
gecə 3-ə 15 dəqiqə qalırdı
üzümə su vururdum
güzgüyə ha baxırdım görürdüm yenə mənəm
yenə ancaq özüməm,
təkəm,
adamam.
sənsizəm,
günəşsizəm,
axşamam...
Mətbəxtlik.
Bir qadın var hardasa
gözləri razılaşmaq dilində susur...
metroda əlləri yaxasına,
çantası dizlərinə səngər.
Bir qadın var hardasa
xoşbəxtlikdən sinifdə qalan,
hər gün ciyərini qayğılar didən
mətbəxə zəncirlənmiş Prometeya.
Bir qadın var hardasa
sevmədiyi kişiyə arvad
sevdiyi kişiyə çin səddi...
Bir qadın var hardasa
qara günlərin qırmızı diplomlusu,
iki uşaq anası.
Yerindədi hər şeyi
əri, uşaqları, şubası,
biş-düşü.
Bir qadın var hardasa
kibrit çöpündən tez sönür gülüşü...
Bir qadın var hardasa
qadın deyirəm sizə
gecələr ağlar səssizcə
haram qatar yuxusuna.
ağlar bir qalstukun xorultusuna,
bir kostyumun tütün qoxusuna,
ağlar yatağındakı üzütəraşlı HEÇ KİMƏ...
Bir qadın var hardasa
Soruşsan xoşbəxtsənmi?
Bədbəxtəm deməz
Deyər: çox mətbəxtəm...
Digər Xəbərlər

Şəlalə Camal: Bu qapı döyülməyəcək

POEZİYAMIZIN VAQİFİ, ƏDƏBİYYATIMIZIN VAQİFİ

“Qarabağın Tutusu”nun yubiley tədbiri keçirilib - FOTOLAR

Pərviz Yəhyalı yaradıcılığına baxış

Orxan Zakiroğlu Baharlının yeni kitabı: "Qarabağın Veysəlli oymağı -Qayıbovlar"

İRSİYYƏT,AİLƏ,ƏTRAF ALƏM,MƏKTƏB,TƏHSİLİN VƏHDƏTİNDƏ FƏRDİN SOSİALLAŞMASI və ŞƏXSİYYƏT PROBLEMİ

Qırğızıstanlı dostumla söhbət - Aqşin Dadaşoğlu yazır
