adalet.az header logo
  • Bakı -°C
25 Oktyabr 2021 11:54
3445
MƏMLƏKƏT
A- A+

Bir il əvvəlin sevinci: QUBADLI AZADDIR

Zəngəzur bölgəsinin qapısı sayılan Qubadlı rayonu Qarabağ silsiləsinin cənub-şərqində Bərgüşad və Həkəri çayları hövzəsində yerləşir. 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Qubadlı diğər rayonlarımız kimi təbii sərvətləri bol olan bölgəmizdir. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Qubadlı rayonunun ərazisində müxtəlif növ ağaclardan ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud idi. Rayonda 150-1600 yaşlı 10-dan artıq iri diametrli ağac təbiət abidəsi kimi qorunurdu.


Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.
Qubadlı rayonunda Hacılı tuf, Xanlıq kəndində yerləşən gil, Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində yeraltı şirin su yataqları var idi.
Rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilmişdir.
 İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.

Qubadlı azaddır

 


Adalet.az xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğalına son qoyulub.
Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək, Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb.
Həmin gün Qubadlı rayonunun ilk yaşayış məntəqələri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib.
Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günü isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb.
Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün “Twitter” hesabından elan edib.
Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.
Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

 


Qeyd edək ki, 1933-cü ildə yaradılmış rayonun ərazisi 802 kvadratkilometr olub, inzibati cəhətdən 94 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 93 kənddən ibarətdir. XIX-XX əsrin əvvəllərinə aid arxiv sənədləri, eləcə də çar Rusiyasının mövcud olduğu dövrdə tərtib edilmiş statistik hesabatlar Qubadlı ərazisinin yerli əhalisinin Azərbaycan türkləri olduğunu təsdiq edir. Erməni işğalından əvvəl də rayon əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olub, ərazisində heç bir erməni yaşamayıb. Qubadlı rayonu 1988-ci il noyabrın 24-də ilk şəhidini verdiyi gündən 1993-cü il avqustun 31-də erməni işğalına məruz qaldığı tarixədək 1737 gün düşmənə qarşı qəhrəmancasına mübarizə aparıb. 1993-cü ilin avqustunda Qubadlı rayonu uğrunda döyüşlər zamanı müasir dövrdə olduğu kimi, yalançı erməni xisləti özünü açıq-aydın göstərdi.
İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək, vandallıq əməlləri törədilib.


 Bu gün Qubadlı azaddır və buna görə Azərbaycan ordusuna, xüsusən şəhidlərimizə və qazilərimizə borcluyuq!


 Əntiqə Rəşid