30 Sentyabr 2025 14:00
424
MEDİA

Bakıda II Azərbaycan-Özbəkistan Media Forumu keçirilib -YENİLƏNİB

“Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu keçirilib.

Adalet.az xəbər verir ki, forumda “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” və “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzularında panel sessiyaları olub.

    İlk olaraq Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatıb.

    Forumda çıxış edən Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov iki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

    Panel müzakirələrdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov, Özbəkistan Jurnalistlər İttifaqının sədri vəzifəsini icra edən Xolmurod Salimov, Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov və Özbəkistanın Milli Media Assosiasiyasının Baş direktoru Abduaziz Abutolipov, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Sevinc Abdullayeva, Özbəkistanın Milli Kütləvi İnformasiya Vasitələrinin Dəstəklənməsi və İnkişafı üzrə İctimai Fondun Himayəçilər Şurasının sədri Akramjon Fozilov, “1news.az” xəbər portalının baş redaktoru Kəmalə Məmmədova və “O’zbekiston 24” Yaradıcı Birliyinin direktor müavini, “O’zbekiston 24” teleradio kanalının baş prodüseri Xaydar Xasanov spiker qismində çıxış ediblər.

    Panel sessiyada rəqəmsal transformasiya dövründə media qurumları arasında əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyi sahəsində ortaq təşəbbüslərin formalaşdırılması, dezinformasiya ilə mübarizədə birgə fəaliyyətlərin əhəmiyyəti, dövlət qurumları ilə media subyektləri arasında tərəfdaşlığın gücləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Çıxışçılar vurğulayıblar ki, informasiya təhlükəsizliyi müasir dövrdə qlobal miqyasda koordinasiya və əməkdaşlıq tələb edən strateji məsələdir. Rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial media platformalarının geniş təsir gücü və dezinformasiya təhdidlərinin artması dövlətlər, media qurumları və ictimaiyyət qarşısında yeni çağırışlar yaradır. Bu baxımdan, Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığının gücləndirilməsi, birgə layihələrin icrası, bilik və təcrübə mübadiləsi xüsusi əhəmiyyət kəsb edir.

    Qeyd olunub ki, iki ölkənin media qurumlarının informasiya təhlükəsizliyi sahəsində birgə təşəbbüslərlə çıxış etməsi, maarifləndirici kampaniyaların təşkili və ictimaiyyətin məlumatlandırılması istiqamətində addımların atılması informasiya mühitində etibarlı tərəfdaşlıq mühitinin formalaşmasına xidmət edəcək.

    Müzakirələrdə rəqəmsal informasiya mühitində etik prinsiplərə riayət olunmasının əhəmiyyəti, media nümayəndələrinin ictimai məsuliyyəti, dezinformasiya və manipulyativ məzmunlara qarşı peşəkar davranış standartlarının formalaşdırılması məsələləri diqqət mərkəzində olub.

    Çıxışçılar onu da qeyd ediblər ki, sürətlə dəyişən rəqəmsal platformalarda informasiya istehsalı və yayımı prosesi jurnalistlərdən yüksək peşəkarlıqla yanaşı, etik məsuliyyətin də daşıyıcısı olmağı tələb edir.

    Həmçinin bildirilib ki, rəqəmsal məzmunun geniş auditoriyaya sürətli təsir imkanları həm ictimai rəyə, həm də sosial münasibətlərə birbaşa təsir göstərir. Bu səbəbdən, etik normaların qorunması və məsuliyyətli media mühitinin yaradılması dövlət qurumları, media təşkilatları və vətəndaş cəmiyyəti institutları arasında daha sıx əməkdaşlıq tələb edir.

    Sessiyanın sonunda spikerlər auditoriyanın suallarını cavablandırıb, mövzu ilə bağlı fikirlərini bölüşüb.

    Qeyd edək ki , bununla da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu öz işini yekunlaşdırıb.

     

    ***

    Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimi keçirilir.

    Adalet.az xəbər verir ki, Forum çərçivəsində “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər”, “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” və digər mövzular müzakirə olunacaq.

    Qeyd edək ki, Forumun açılışında Özbəkistan rəsmiləri, hər iki ölkənin media rəhbərləri və jurnalistlər iştirak edirlər.