adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2026 07:15
23
ANALİZ
A- A+

Bakı ilə Hanoy arasında möhkəmlənən siyasi əlaqələr

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında münasibətlər uzunmüddətli dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan möhkəm tarixi təmələ malikdir. Bu əlaqələr yalnız diplomatik münasibətlərin çərçivəsi ilə məhdudlaşmır, xalqlarımızı birləşdirən ortaq tarixi xatirələr, siyasi həmrəylik və qarşılıqlı dəstək ənənələri ilə səciyyələnir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də bu münasibətlərin keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, gələcək əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən mühüm siyasi mesajlarla diqqəti cəlb edir.

Azərbaycan-Vyetnam dostluğunun başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfərinə gedib çıxır. Bu səfər iki xalq arasında qarşılıqlı rəğbətin və siyasi yaxınlığın əsasını qoyan mühüm hadisə kimi yadda qalıb. Həmin dövrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və fəaliyyəti ilə əlaqələrin inkişafında yeni mərhələnin təməli qoyulub. Xüsusilə 1983-cü ildə Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri iki ölkə arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynayıb. Səfərin səkkiz gün davam etməsi və Vyetnamın əsas regionlarını əhatə etməsi əməkdaşlığa verilən xüsusi əhəmiyyətin göstəricisi idi. Həmin səfər zamanı əldə olunmuş razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, uzunmüddətli tərəfdaşlığın istiqamətlərini də müəyyənləşdirib.

Müstəqillik dövründə də Azərbaycan bu tarixi ənənələrə sadiq qalaraq Vyetnamla münasibətlərin inkişafına xüsusi diqqət yetirib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri siyasi dialoqun davamlılığını təmin edən mühüm hadisələr olub.

İkitərəfli münasibətlərin inkişafında yeni mərhələ isə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ilə başlayıb. Səfər çərçivəsində aparılan danışıqlar əməkdaşlığın enerji, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər mühüm sahələrini əhatə edib. Nəticədə Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirib. Bu sənəd Azərbaycan və Vyetnam arasında siyasi etimadın, qarşılıqlı maraqların və uzunmüddətli əməkdaşlıq niyyətinin mühüm ifadəsidir. Strateji tərəfdaşlıq statusu münasibətlərin yalnız mövcud potensial çərçivəsində deyil, həm də yeni istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar açır.

Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən məqamlardan biri də iki ölkə arasında siyasi dialoqun çoxşaxəli xarakter daşımasıdır. Dövlət başçılarının təmasları ilə yanaşı, hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları və müvafiq dövlət qurumları səviyyəsində əməkdaşlıq davam etdirilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələr də siyasi münasibətlərin institusional əsaslarını gücləndirir.

Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyətə xüsusi önəm verirlər. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər platformalarda əməkdaşlıq ortaq maraqların müdafiəsinə və beynəlxalq məsələlər üzrə dialoqun inkişafına xidmət edir.

İki ölkə arasındakı münasibətlərin mühüm xüsusiyyətlərindən biri də onların iqtisadi və humanitar sahələrlə yanaşı, xalqlar arasında dostluq ənənələrinə söykənməsidir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər, təhsil layihələri və sosial dəstək proqramları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Fondun Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək verməsi, təhsil müəssisələrinə maliyyə yardımı göstərməsi Azərbaycanın dost Vyetnam xalqına münasibətinin əməli ifadəsidir.

Azərbaycan-Vyetnam mədəni əlaqələrinin tarixi isə daha qədimdir. Bəstəkar Qara Qarayevin 1955-ci ildə ilk Sovet-Vyetnam sənədli filmi üçün yaratdığı “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti bu münasibətlərin sənət və kino sahəsindəki dərin köklərini nümayiş etdirir. Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” kitabının vyetnam dilinə tərcümə olunması və 2026-cı ildə Hanoyda təqdim edilməsi bu irsin müasir dövrdə də yaşadıldığını təsdiqləyir. Təhsil sahəsində isə əməkdaşlığın dərin tarixi kökləri vardır. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki xalq arasında intellektual və mənəvi bağların formalaşmasına mühüm töhfə verib Bu gün isə universitetlər arasında əməkdaşlıq müqavilələri, memorandumlar və təhsil proqramları həmin ənənələrin davam etdirilməsinə imkan verir. Bunun əsasında 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə bu tarixi irsə ehtiramın və dostluq ənənələrinin qorunmasının rəmzinə çevrilib.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri keçmişin zəngin təcrübəsinə əsaslanaraq gələcəyə istiqamətlənib. Bu gün Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri, Azərbaycan isə Cənubi Qafqazın mühüm siyasi, iqtisadi, energetika və logistika mərkəzidir. Hər iki ölkənin regional mövqeyi və iqtisadi imkanları qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır. Bütün bu faktlar göstərir ki, Azərbaycan və Vyetnam münasibətləri çoxşaxəli inkişaf modelinə malikdir. Siyasi etimad iqtisadi əməkdaşlığı, iqtisadi tərəfdaşlıq isə humanitar və mədəni əlaqələri tamamlayır. Bu istiqamətlərin paralel inkişafı ikitərəfli münasibətlərin davamlılığını və dayanıqlığını təmin edən əsas amillərdəndir.

Azərbaycan və Vyetnam arasında münasibətlər tarixi dostluqdan strateji tərəfdaşlığa doğru uğurlu inkişaf yolu keçib. Bu tərəfdaşlıq qarşılıqlı etimadın, siyasi iradənin və ortaq maraqların üzərində qurulub. Əminliklə demək olar ki, möhkəm tarixi təmələ söykənən bu münasibətlər gələcəkdə də hər iki xalqın rifahına, dövlətlərimizin beynəlxalq mövqelərinin güclənməsinə və yeni əməkdaşlıq imkanlarının reallaşmasına xidmət edəcək.

Aybəniz Rüstəmova
Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq 
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent