19 Aprel 2024 17:35
2292
ELM VƏ TƏHSİL

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı - YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib.

Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində BFL-in şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır.

Belə ki, 320 şagird üçün nəzərdə tutulan məktəb, bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmayıb, 200 nəfərlik baryeri (60%) keçə bilməyib, bu isə öz növbəsində məktəbin rentabelliyinə ciddi şəkildə təsir göstərib və təsisçi öz büdcəsindən hər il BFL-in fəaliyyətinin davam etdirməsi üçün əlavə xərcləri qarşılamaq məcburiyyətində qalıb.

Qeyd olunanları nəzərə alaraq cari vəziyyətdə BFL-in bundan sonrakı fəaliyyətini davam etdirməsi təsisçi tərəfindən mümkünsüz hesab edilib.

BFL-də tədris ilinin 01.07.2024-cü il tarixində başa çatacağını nəzərə alaraq şagirdlər təhsil proqramının sonuna qədər təhsillərini davam etdirəcək və ləğv olunma haqqında qərar yalnız 01.07.2024-cü il tarixindən qüvvəyə minəcək.

15:38

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.

İdarədən daxil olan məlumata görə, özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər. Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.

14:45

“Bakı Fransız Liseyinin fəaliyyətini dayandıracağı doğrudur”.

Bunu Elm və Təhsil Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, liseyin şagirdləri valideynlərinin istəyi ilə Bakıdakı digər özəl və dövlət məktəblərinə yerləşdiriləcəklər.

Xatırladaq ki, Bakı Fransız Liseyinin açılışı 12 sentyabr 2014-cü ildə olub.

Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanırlar.

14:09

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

Adalet.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib.

Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub.

Yeni tədris ilindən lisey fəaliyyət göstərməyəcək./oxu.az