“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
"AzerGold" QSC tərəfindən "Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması" layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub.
Adalet.az xəbər verir ki, Səhmdar Cəmiyyətinin fəaliyyətinin 10 illiyi çərçivəsində keçirilən tədbirdə ölkənin aparıcı onlayn media qurumlarını təmsil edən 28 jurnalist iştirak edib.
Tədbirin ilk günü Gəncə şəhərində "AzerGold" QSC-nin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı və emalı, qiymətli metalların satışı, əməyin mühafizəsi, ətraf mühitin qorunması, kommunikasiya və korporativ sosial məsuliyyət istiqamətlərində nəzəri təlimlər keçirilib.
İnteraktiv formatda təşkil olunan sessiyalar zamanı qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Səfərin ikinci günü iştirakçılar əvvəlcə Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, "AzerGold" QSC-nin dəstəyi və "Birgə və Sağlam" İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən Gəncə Autizm Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Jurnalistlər autizm spektr pozuntusu olan uşaqlar üçün həyata keçirilən reabilitasiya prosesini əyani şəkildə izləyiblər.
Daha sonra iştirakçılar Daşkəsən və Göygöl rayonlarında istifadəyə verilmiş kitab köşklərinə baş çəkərək həyata keçirilən sosial layihələrlə tanış olublar.
Onlar həmçinin Daşkəsən rayonunun Quşçu qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və "AzerGold" QSC-nin dəstəyi ilə inşa edilmiş Səlmixan İsgəndərov adına tam orta məktəbin modul tipli binasına baxış keçiriblər.
Səfər "AzerGold" QSC-nin Daşkəsən rayonunun Çovdar kəndində yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) və "Çovdar" qızıl mədəninə təşkil olunmuş mediaturla davam edib. Media nümayəndələrinə müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin mühafizəsi, eləcə də boş süxur anbarında həyata keçirilən bioloji rekultivasiya tədbirləri barədə ətraflı məlumat verilib.
Jurnalistlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri, qiymətli metalların hasilatı və emalı, eləcə də ekoloji norma və tələblərə uyğun şəkildə həyata keçirilən istismar işləri ilə yaxından tanış olublar.
Layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsi üzrə məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə təlimdən əvvəl və sonra test tapşırıqları keçirilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


Bakı -°C

